Abbas Zamanov Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısını necə aldı?


Abbas Zamanov Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısını necə aldı?


Ötən dəfə yazdığım kimi yeni bir əsəri tamamlamaq üzrəyəm. İndilik şərti adı belədir: “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969”. Maraqlı bir dövrdür. On il ərzində ölkəmizdə baş verən hadisələrin tarixi mənzərəsini yaratmağa çalışmışam. Həmin kitabdan olan bu parçada tanınmış ziyalı, filologiya elmləri doktoru, professor Abbas Zamanovun 1960-cı ilin mart ayının 29-də Səməd Vurğunun anadan olmasına həsr edilmiş ədəbi-bədii gecədəki bir çıxışının doğurduğu əks-sədadan, o dövrün dili ilə desək “qəfil baş vermiş bədbəxtçilikdən” bəhs edilir.



Ötən əsrin 60-cı illərində gündən-günə fəallaşan erməni iddialarına qarşı Azərbaycan rəhbərliyi partiya, sovet və inzibatı orqanlar vasitəsi ilə müqavimət göstərsə də, ziyalıların bu prosesə qoşulmasından ehtiyat edirdi. Respublika Ali Soveti Rəyasət Heyətinin keçmiş sədri (1954-1958) Mirzə İbrahimov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi (1954-1959) İmam Mustafayevlə bağlı millətçilik dalğasında baş verənlər Azərbaycanın yeni rəhbəri Vəli Axundovun yadından çıxmamışdı. Onun da iştirak etdiyi toplantıda Sovet rəhbəri Nikita Xruşşov açıq şəkildə qeyd etmişdi ki, Azərbaycanda baş qaldırmış millətçilik dalğası ziyalılardan qidalanır. Mirəz İbrahimov da, İmam Mustafayev bilavasitə millətçilik damğası ilə rəhbərlikdən azad edilmişdilər və hətta, Sov. İKP MK Rəyasət Heyətinin 1959-cu ilin iyul ayının 1-də keçirilən iclasında demişdi ki, Mirzə İbrahimov faşistlərdən də qatı millətçidir və belələrin rus qadınları borş bişirərəkən ətin kifini yığıb atan kimi biz sovet cəmiyyətindən təmizləyəcəyik. Ondan bir gün öncə Nikita Xruşşov partiyanın iyun (1959-cu il) plenumunda İmam Mustafayevə açıqca bildirmişdi ki, siz istəyirsiniz Azərbaycanda Türkiyə təsiri güclənsin, lakin biz buna imkan verməyəcəyik. Vəli Axundov bütün bu söhbətlərin iştirakçısı olmuşdu Ona görə də o, millətçilik ittihamından oddan qorxan kimi qorxur və ərazi iddiaları ilə bağlı məsələləri bir qədər məxfi saxlamağa üstünlük verir, keçmiş həmkarlarının yaşadığı aqibəti yaşamaq istəmirdi.
Lakin baş verənləri məxfi saxlamaq mümkün olmadı. 1960-cı ilin mart ayının 29-da Azərbaycan Yazıçılar Ittifaqı Elmlər Akademiyası, Azərbaycan Dövlət Universiteti, Radio və Televiziya Komitəsi ilə birlikdə Akademiyanın böyük zalında Səməd Vurğunun anadan olmasına həsr edilmiş ədəbi-bədii gecə keçirirdi. Gecəni Akademiyanın vitse-prezidenti Məmməd Arif Dadaşzadə aparırdı. Tədbirdə professor Cəfər Xəndan Səməd Vurğunun həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Məruzədən sonra Osman Sarıvəlli, Zeynal Xəlil, Hüseyn Hüseynzadə, Nəbi Xəzri, Əliağa Kürçaylı, İbrahim Kəbirli, Novruz Gəncəli və digərləri Səməd Vurğuna həsr edilmiş şerlər oxudular və şair haqqında xatirələrini danışdılar. Osman Sarıvəlli Səməd Vurğunun cəsarətli bir adam olduğun və hətta bu cəsarətinə görə onu vaxtı ilə komsomol gənclər təşkilatı sıralarından çıxarmaq məsələsinin gündəliyə gəldiyin xatırlatması ədəbi bədii gecədə iştirak edən vəzifəli şəxsləri bir qədər əsəbləşdirdi.
Lakin tədbirdə Universitetin baş müəllimi, filologiya elmləri namizədi Abbas Zamanovun çıxışı tədbir təşkilatçılarının daha böyük həyəcanına səbəb oldu. O, söz alaraq Səməd Vurğun ilə 1937-ci ilin sonlarındakı görüşləri barədə bəzi məqamlara toxundu. Zamanov qeyd etdi ki, “Abbas Mirzə Şərifzadənin həbsindən bir neçə gün sonra Səməd Vurğunla görüşəndə onu çox pəjmürdə və kədərli gördüm. O, məni gəzmək üçün bulvara dəvət etdi. Gəzinti zamanı Səməd dalğın və kədərli olmaqda davam edir və heç nə danışmırdı. Mən ondan niyə qəmgin olduğunun səbəbini soruşdum. Səməd Vurğun dedi ki, bütün kişi adamları, mərd adamları həbsxanalara doldurublar, kişi olmayanlar isə azadlıqda qalıb.” Abbas Zamanov bu sözləri deyəndə zalı sürəkli alqışlar bürüdü və bu davamlı alqışlar gecədə iştirak edən vəzifəli şəxsləri ciddi şəkildə narahat etməyə başladı. Təxminən həmin tonda o, Səməd Vurğundan daha bir neçə xatirə danışdı və qeyd etdi ki, “şair özünə ona görə “Vurğun” ləqəbi seçməmişdi ki, bir çoxlarının dediyi kimi o, gözəl qadınların vurğunu idi. Səməd Azərbaycanın, onun təbiətinin, onun dağlarının, bulaqlarının, çaylarının, çöllərinin, meşələrinin və sairin “Vurğunu” idi.”
Səməd Vurğun haqqında xatirələrini danışdıqdan sonra Abbas Zamanov həyəcanlı şəkildə bildirdi ki, bu gün Naxçıvan Muxtar Sovet Sosialist Respublikasından gəlmiş bir məsul işçi ilə görüşüb. O, həmin “məsul işçinin” çox rahatsız, pis əhval-ruhiyyədə olmasın Ermənistanın yenidən Naxçıvan MSSR-i tələb etməsi, ermənilərin Naxçıvanı Ermənistan SSR-in tərkibinə qatması iddiasını irəli sürməsi ilə izah edirdi. Abbas Zamanov əlavə etdi ki, “əgər bizim Səməd sağ olsaydı, buna yol verməzdi.” O, öz fikrini “Naxçıvan Azərbaycanın müqəddəs, ayrılmaz hissəsi olub, hissəsidir və belə olaraq da qalacaq və biz onu heç kimə vermərik” sözləri ilə tamamladı.
Ədəbi-bədii gecədə Abbas Zamanovun çıxışı haqqında Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibinə dərhal məlumat göndərən Mədəniyyət Naziri Abdulla Bayramov və Maarif Naziri Mehdi Mehdizadə yazırdılar ki, “Zamanovun bu təxribatçı bəyanatı gecədə iştirak edənlərin əksəriyyətinin gurultulu və davamlı alqışları ilə qarşılandı.” Mehdizadə bir gün əvvəl Mərkəzi Komitə katibi Nazim Hacıyevə yazdığı məlumatda belə “acınacaqlı” vəziyyətin yaranmasın tədbir iştirakçılarının 90 faizdən çoxunun Azərbaycan Dövlət Universiteti və Azərbaycan Pedaqoji İnstitutunun tələbələri olması ilə izah edirdi. Tədbirin rəsmi hissəsinin sonunda ədəbi bədii gecədə iştirak edən vəzifəli şəxslərin təklifi ilə aparıcı akademik Məmməd Arif Dadaşzadə Abbas Zamanovun sərt şəkildə tənqid etsə də, lakin onun çıxışı iştirakçılar tərəfindən etirazla qarşılanmışdı. Abbas Zamanov bütün hallarda haqlı olduğunu replika formasında ifadə etdikdə, iştirakçılar onun replekasın sürəkli alqışlarla qarşılamışdılar.
Onun sədrliyi ilə baş vermiş hadisədən bərk narahat olan akademik Dadaşzadə mart ayının 30-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə təcili arayış göndərdi. O, yazırdı ki, “gecənin iştirakçılarının əksəriyyəti, xüsusilə onun təşkilatçıları üçün Abbas Zamanovun çıxışı gözlənilməz oldu. Belə ki, niyyətindən asılı olmayaraq Zamanovun bəyanatı təxribatçılıq xarakteri daşıyırdı, sədrlik edən bir şəxs kimi mən ona qəti etiraz etdim və bildirdim ki, bu gün doğum gününü qeyd etdiyimiz Səməd Vurğun həmişə kommunizmin böyük ideyalarının, Lenin milli siyasətinin, proletar beynəlmiləlçiliyinin və bizim ölkənin xalqlar dostluğunun carçısı olub.” Arayışın sonunda o, qeyd edirdi ki, bizim həmişə yaxşı müəllim və yaxşı ədəbiyyatşünas kimi tanıdığımız Abbas Zamanovun çıxışı gecədə iştirak edən yazıçıları və alimləri təəccübləndirdi və onları hiddətləndirdi. Abbas Zamanovun hansı təşkilat tərəfindən gecəyə dəvət edilməsi məsələsi araşdırılanda Azərbaycan Yazıçılar İttifaqının katibliyi və İttifaqın ilk partiya təşkilatı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat Şöbəsi müdirinin müavini Məmməd Ziyadova yazılı məlumat verdi ki, “gecədə öz çıxışı ilə biz yazıçıları qəzəbləndirən Abbas Zamanovun (S.M. Kirov adına Universitetin müəllimi) adı bizim tərtib etdiyimiz siyahıda olmamışdır.”

Abbas Zamanov Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısını necə aldı?


Ədəbi-bədi gecəyə qatılan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Abdulla Bayramov və Mehdi Mehdizadə Mərkəzi Komitə katibi Nazim Hacıyevə yazırdılar ki, ümumiyyətlə Zamanova tribuna verilməsi zalda iştirak edənlər üçün aydın deyildi və o, özü də etiraf elədi ki, yazıçı deyil, şair deyil və Səməd Vurğunla da yaxın olmayıb, eyni zamanda Yazıçılar İttifaqının məlumatından görünür ki, onun familiyası çıxış edənlərin siyahısında da olmayıb. Azərbaycan SSR Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsinin sədr müavini Ənvər Əlibəyli Mərkəzi Komitəyə məlumatında qeyd edirdi ki, “gecənin rəsmi hissəsinin təşkilində Radio Verilişləri və Televiziya Komitəsinin heç bir iştirakı olmamışdır. Mən Abbas Zamanov çıxış edərkən musiqi redaksiyasının məsul redaktoru ilə artistlərdən kimin gəlib-gəlmədiyin və konsert proqramını yoxladığım üçün zalda olmamışam. Gecədən reportaj yazan işçilərimiz mənə Abbas Zamanovun çıxışının məzmununu danışdılar. Buna görə də biz gecədən reportaj deyil, kiçik bir xəbər verməklə kifayətləndik. Abbas Zamanovun çıxışını siyasi cəhətdən ziyanlı, Azərbaycan xalqı ilə başqa qardaş xalqların dostluğuna zərər vuran bir çıxış kimi qiymətləndirirəm.”
Gecənin iştirakçısı olan Maarif Naziri professor Mehdi Mehdizadə Mərkəzi Komitə katibi Nazim Hacıyevə yazırdı ki, tələbələrin Abbas Zamanovun Lenin milli siyasəti ilə açıq ziddiyyət təşkil edən əsassız çıxışına yanlış reaksiyasını nəzərə alaraq bu gün ( 30 mart) işin sonunda dünənki tədbirin təşkilatçılarını Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə çağırıb müvafiq dəqiqləşdirmələr aparmaq; Heç bir əsas olmadan Naxçıvan MSSR-in Azərbaycan SSR-dən qopardılması barədə məsuliyyətsiz bəyanat vermiş Azərbaycan Dövlət Universitetinin müəllimi Abbas Zamanovun çıxışını müzakirə edib onu qınamaq; Öncədən diqqətlə hazırlandıqdan sonra ADU və APİ-nin qapalı partiya yığıncaqlarını keçirib kommunistlərin Abbas Zamanovun məsuliyyətsiz çıxışını və tələbələrin bu çıxışa yanlış münasibətini mühakimə etmək; ADU və APİ-nin tələbələri arasında Sovet Azərbaycanının 40 illiyinə həsr olunmuş mühazirələr təşkil etmək, orada SSRİ-də Lenin milli siyasətinin qələbəsini geniş işıqlandırmaq; Ədəbi mövzularda müxtəlif kütləvi tədbirlərin təşkilində qayda-qanun yaratmaq, həmin tədbirlərə ali məktəblərin və respublikanın digər idarə və müəssisələrinin əməkdaşlarının cəlb edilməsinə təşkilatçıların məsuliyyətini artırmaq; Tələbələr arasında siyasi tərbiyə işini, o cümlədən SSRİ-də Lenin milli siyasəti və beynəlmiləlçilik tərbiyəsini gücləndirmək məqsədilə ADU və APİ-nin partiya təşkilatlarına göstəriş vermək vacibdir.
Məmməd Ziyadov, Züleyxa Hüseynova və Novruz Gəncəli Səməd Vurğunun anım gecəsində baş vermiş hadisə haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yazırdılar ki, “Abbas Zamanovun çıxışı siyasi baxımdan doğru deyil, təxribatçı xarakter daşıyır, ziyanlıdır və zəhmətkeşlərin, ilk növbədə isə həmin gecədə ADU və APİ-nin tələbələri iştirak etdiyindən, gənclərin beynəlmiləl tərbiyə işinə böyük ziyan vurur. Bütün bunlar göstərir ki, gənclərin tərbiyəsi kimi fəxri bir iş etibar edilmiş yoldaş Zamanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın IX plenumunun (rəhbərliyin dəyişdirilməsin həyata keçirmiş 1959-cu ilin iyul plenumu nəzərdə tutulur – C.H.) qərarlarından heç bir nəticə çıxarmayıb. Biz belə hesab edirik ki, öz anti-partiya çıxışına görə o, ən ciddi cəza almalıdır.”
Abbas Zamanovun bu cəsarətli addımını qınayanlarla yanaşı onu təqdir edənlər də az deyildi. Xüsusilə tələbə-gənclər və ziyalılar arasında bu çıxış onun nüfuzunu çox artırmışdı. Tanınmış şair Rəsul Rza ona demişdi ki, Abbas, zaman gələcək, bu hərəkətinə görə səni Azərbaycanın xalq qəhrəmanı edəcəklər. Baş verən hadisədən respublika rəhbərliyi bərk narahatçılıq keçirdi. Onlar çox ehtiyat etdikləri millətçilik dalğasının ziyalılar arasında yenidən yayıla biləcəyindən qorxurdular. Hadisədən bir həftə sonra Abbas Zamanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə dəvət edildi. Mərkəzi Komitənin Təbliğat və Təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanovla görüşdə onun çıxışından ciddi narazılıq ifadə edildi. Abbas Zamanova təklif edildi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat şöbəsi müdirinin adına izahat yazsın. Aprel ayının 5-də Şıxəli Qurbanovun adına yazdığı izahatda o, göstərirdi ki, “Səməd Vurğunun xatirəsinə həsr edilmiş yığıncaqdan bir neçə gün əvvəl bizim fakültənin dekanlığında üç yoldaş (Seyfulla Əliyev, Nəsir Məmmədov və Fərhad Zeynalov) söhbət edirdilər. Məni görüb yanlarına çağırdılar. Fərhad Zeynalov yoldaş dedi ki, Naxçıvandan yenicə gəlmiş coğrafiya elmləri namizədi Xəlil (familiyası mənim yadımdan çıxıb) ilə görüşüb. Xəlil deyirmiş ki, Naxçıvan vilayət partiya komitəsində olmuş və orada iki nəfər büro üzvü ona demişdir ki, Naxçıvan respublikasının Ermənistana birləşdirilməsi haqqında vilayət komitəsində məsələ qaldırılmışdır. Mən əvvəlcə buna inanmadım, həmin yoldaşların yanında dedim ki, bu şayiədir, heç bir vaxt belə iş ola bilməz. Onlardan ayrıldım. Lakin eşitdiyim mənə bir dərd oldu, məni daxilən narahat etdi. Bəla burasındadır ki, bu yaxınlarda Yerevanda ezamiyyətdə olduğum zaman buna bənzər söhbət eşitmişdim. Mənə elə gəldi ki, yəqin bu həqiqətdir və tezliklə həll ediləcəkdir. Bu fikir başımda həyəcan keçirdim. Əlbəttə, mən bunu gəlib öz partiya təşkilatıma deməli idim, ondan məsləhət almalı idim. Lakin o qədər hissə qapıldım ki, belə etmədim, dəxli olmayan bir yığıncaqda bunu dedim. Mərkəzi Komitədə olduqdan sonra nə qədər böyük səhv etdiyimi dərin peşmançılıq hissi ilə başa düşdüm. Əlbəttə, mənim hərəkətim kommunistə yaraşmayan bir hərəkətdir. Odur ki, Mərkəzi Komitənin mənə verəcəyi hər hansı bir cəzanı qabaqcadan ədalətli hesab edirəm.” Elə həmin gün, aprel ayının 5-də Abbas Zamanovun məsələsini Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin müzakirəsinə çıxarıldı. Rəyasət Heyəti uzun müzakirədən sonra “Sovet İttifaqı Kommunist Partiyasının üzvü Zamanovun partiyalı olmayan hərəkətləri haqqında” qərar qəbul etdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1959-cu ildə məhz respublikada millətçiliyə qarşı mübarizə məqsədi ilə Moskvadan göndərilmiş ikinci katibi Vladimir Semiçastnının imzası ilə təsdiq olunmuş qərarda deyilirdi: Səməd Vurğunun doğum günü ilə bağlı keçirilən ədəbi axşamda Azərbaycan Dövlət Universitetinin baş müəllimi yoldaş Zamanov özünü nalayiq aparmış, aldatma yolu ilə çıxış hüququna nail olmuş və burjua-millətçi deyimlərə yol vermişdir. Öz çıxışında o, böhtançı formada bəyan edib ki, guya Naxçıvan MSSR-in Ermənistan respublikasına birləşdirilməsi məsələsi qoyulmuşdur. Açıq millətçilik məzmununa malik olan öz uydurmaların yoldaş Zamanov, yaradıcılığı doğma Kommunist Partiyası işinə sədaqəti və xalqlar dostluğu, proletar beynəlmiləlçiliyi ideyasının tərənnümü ilə seçilən görkəmli xalq şairinin adı ilə bağlamağa cəhd göstərib. Təəssüf ki, yoldaş Zamanovun təxribatçı bəyanatı zalda iştirak edən tələbə gənclərin qeyri-yetkin hissəsi tərəfindən müdafiə edilib. Yoldaş Zamanov Mərkəzi Komitənin Rəyasət Heyətində müzakirə zamanı özünü qeyri-səmimi aparmış, kobud səhvini anlamamış, ona yetərli partiya qiyməti verməmişdir. Yoldaş Zamanov belə hərəkətləri açıq qeyri-partiyalı davranışdır...Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qərara alır: 1. Sovet İttifaqı Kommunist Partiyasının üzvü Zamanovun anti-partiya, təxribatçı, burjua-millətçi çıxışı pislənilsin; 2. Zamanovun bundan sonra Sovet İttifaqı Kommunist Partiyasının sıralarında qalıb-qalmaması məsələsinin müzakirəsi Azərbaycan Dövlət Universitetinin partiya təşkilatına təklif edilsin. 3. Bu qərardan zəruri olan bütün nəticələri çıxarmaq, kommunistlərin, komsomolçuların və bütün tələbə gənclərin sovet vətənpərvərliyi, proletar beynəlmiləlçiliyi, xalqlar dostluğu və Sovet İttifaqı Kommunist Partiyasına sədaqət ruhunu gücləndirməyə yonəlmiş konkret tədbirlərin hazırlanması və həyata keçirilməsi Azərbaycan Dövlət Universitetinin rektorluğu və partiya təşkilatından tələb edilsin.” Qərarın üzərində hələ ali təhsili olmayan ikinci katib Semiçastniy tərəfindən “Təcili” dərkənarı qoyulmuşdu. 1961-ci ildə Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsindən SSRİ Dölət Təhlükəsizliyi Komitəsinin sədri kimi yüksək bir vəzifəyə aparılmış Vladimir Yefimoviç 2002-ci ildə nəşr olunmuş kitabında 1960-cı ildə Abbas Zamanovla bağlı baş vermiş hadisəni belə xatırlayır: Azərbaycan KP MK-nın o zamankı ideoloji katibi tamam qorxmuş halda və ürkmüş harayla mənim kabinetimə gəlib «Bədbəxtlik üz verib, Vladimir Yefimoviç, bədbəxtlik!» - dedi. “Büronun iclasını çağırdıq və çaxnaşma yaratmış təxribatçı bəyanat ilə çıxış edən həmin natiqi partiyadan xaric etdik.” (Bax: Владимир Семичастный. Беспокойное сердце. М.: Вагриус, 2002, с.128.). Semiçastnının dərkənarı “təcili” olduğu üçün qərar həmin gün ADU-ya çatdırıldı və Abbas Zamanovun işlədiyi filologiya fakültəsində ümumi partiya iclasında onun müzakirəsi keçirildi. Fakültə partiya toplantısında Zamanov bildirdi ki, “Səməd Vurğunun xatirə gecəsində öz ifadəsini tapan fikir məni çoxdan narahat edirdi. Mən bir daha deyirəm Yerevanda olarkən eşitdim ki, Meqri rayon icraiyyə komitəsinin sədri Qriqoryan Ermənistan Ali Sovetinin sessiyasında çıxış edərək Naxçıvanın Ermənistan respublikasına birləşdirilməsi məsələsini qaldırıb və bunun üstündə onu işdən azad ediblər. Eyni məsələ ilə bağlı Yerevan universitetinin prorektoru Ağayan da çıxış edib və buna görə işdən çıxarılaraq tarix institutunun direktoru təyin edilib. Bundan əlavə, hazırda Bakıda Elmlər Akademiyasında işləyən bir coğrafiya elmləri namizədi təsdiq edir ki, Naxçıvan haqqında məsələ artıq həll edilib, bir müddətdən sonra Naxçıvan Ermənistana veriləcək.”

Abbas Zamanov Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısını necə aldı?


Fakültə partiya yığıncağında müzakirələrin gedişində məlumat verildi ki, universitetin rektoru Şəfaət Mehdiyev toplantıya gəlir. Abbas Zamanov bəyan etdi ki, rektor iclasa gəlsə o, partiya iclasın tərk edəcəkdir. Az sonra rektor fakültənin ümumi partiya yığıncağına gəldikdə, doğrudan da Abbas Zamanov nümayişkaranə surətdə iclası tərk etdi. Belə olduqda məsələnin müzakirəsi Universitet partiya təşkilatının müzakirəsinə verildi. Bu müzakirədə Abbas Zamanov etiraf etdi ki, 1960-cı ilin mart ayının 29-da keçirilmiş ədəbi gecədəki çıxışında o, kobud siyasi səhvlərə yol verib. Lakin əlavə etdi ki, Yerevanda və Tbilisidə olarkən ayrı-ayrı işçilərdən eşidib ki, Ermənistan Naxçıvanın Ermənistan respublikasına birləşdirilməsinə nail olur. Rəhbərliyin göstərişi ilə onun partiyadan və işdən çıxarılma məsələsinin müzakirəsi zamanı gənc müəllimə Zümrüd Axundova bu cəzanın çox ağır olduğunu dedi, partiya töhməti verilməsi ilə məsələni yekunlaşdırmaq təklifi ilə çıxış etdi. Bu müzakirələr həmin ilin oktyabr ayına qədər davam etdi və 1960-cı ilin oktyabr ayında Abbas Zamanovu əvvəlcə partiyadan sonra isə ADU-da tutduğu baş müəllim vəzifəsindən azad etdilər. Onun tələbə auditoriyasına buraxılması məqsədəuyğun sayılmadı. Lakin o, işsiz qalmadı və az sonra Elmlər Akademiyasının Nizami adına ədəbiyyat və dil institutuna kiçik elmi işçi vəzifəsinə keçirildi. Partiya sıralarına bərpa olunmaq və ADU-ya qayıtmaq üçün Abbas müəllim beş ilə yaxın mübarizə aparmalı oldu.
İki il Nizami adına institutda çalışdıqdan sonra Abbas Zamanov Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə bərpa olunmaq üçün institut partiya təşkilatına müraciət etdi. 1962-ci ilin mart ayının 15-də institutun partiya təşkilatı, mart ayının 26-da Elmlər Akademiyasının partiya komitəsi, həmin ilin may ayının 24-də isə 26 Bakı Komissarları adına rayon partiya komitəsi Abbas Zamanovun öz iştirakı ilə müraciətin müzakirə edib onun “anti-partiya, təxribatçı, burjua-millətçi” çıxışına görə Sovet İttifaqı Kommunist Partiyasının sıralarından xaric edilməsin doğru hesab etdi. Lakin öz günahını başa düşdüyünü, eyni zamanda hazırkı vaxtda onun fəaliyyəti haqqında müsbət rəyləri nəzərə alaraq rayon partiya komitəsi ona ciddi partiya cəzası verilməklə Abbas Zamanovun Sovet İttifaqı Kommunist Partiyasının sıralarına bərpa olunmasın mümkün hesab etdi. Amma 1962-ci ilin iyul ayının 4-də Bakı şəhər partiya komitəsi rayon partiya komitəsinin qərarını rədd etdi və Abbas Zamanovun Sovet İttifaqı Kommunist Partiyasının sıralarına bərpa olunması haqqında təklifdən imtina etdi. Şəhər komitəsi öz qərarını Abbas Zamaovun anti-partiya hərəkətinin təsadüfü olmaması, düşünülmüş bir addım olması, buraxılmış səhvlər barədə onun etiraflarının və səmimiliyinin şübhə doğurması ilə izah edirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti 1962-ci ilin avqust ayının 14-də keçirdiyi iclasında Bakı şəhər partiya komitəsinin 4 iyul qərarını qüvvədə saxladı və bildirdi ki, Abbas Zamanov 1960-cı ildə anti-partiya, təxribatçı, burjua-millətçi çıxışına görə partiya sıralarından doğru olaraq xaric edilib və hazırda onun partiya sıralarına bərpa olunması üçün əsas yoxdur. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komissiyası 1962-ci ilin oktyabr ayının 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin qərarını təsdiq etdi və Abbas Zamanovun partiya sıralarına bərpa edilməsi haqqında ərizəsinə rədd cavabı verdi. Lakin Komissiyanın qərarında bir ümidverici məqam var idi. Orada deyilirdi ki, əgər Bakı şəhər partiya komitəsi və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Abbas Zamanovun Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə bərpasını tövsiyə edərsə, bu məsələyə bir ildən sonra yenidən qayıtmaq olar.
Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın 1962-ci ilin avqust ayında keçirilən plenumunda birinci katib Vəli Axundovun xüsusi olaraq Abbas Zamanovun iki il əvvəlki çıxışına qayıtması onun vəziyyətini daha da ağırlaşdırdı. Axundov dedi ki, “Partiya təşkilatı Azərbaycan Dövlət Universitetinin keçmiş müəllimi Abbas Zamanovun millətçi, antipartiya fikirlərini kəskin surətdə pisləmişdir. O, partiya sıralarından xaric edilmişdir. Bizim içərimizdə bu cür faktların baş verməsinə dözmək olmaz. Azərbaycan xalqının şanlı beynəlmiləlçilik ənənələrinə ləkə vurmağa cürət edən hər bir şəxs bundan sonra da şiddətli surətdə cəzalanıdırılacaqdır. Abbas Zamanov kimilərin və digərlərinin hərəkətlərində millətçiliyin, milli məhdudluğun ayrı-ayrı təzahürləri bizim respublikanın fəhlə və kəndlilərinin, bizim ziyalıların qəzəb və hiddətini doğurur. Biz Abbas Zamanovu tamamilə doğru edərək partiyadan çıxardıq. Lakin büro üzvləri yaxşı xatırlayır biz onu partiyadan çıxaranda o, bizə son illərdə nəşr olunmuş bir neçə kitab gətirmişdi. Həmin kitabların birində bir yoldaş ona yazmışdı: “Cəsarətli dostum Abbasa...” və sair. Biz büro üzvləri həmin vaxt “Cəsarətli dostum” ifadəsinin hansı məna kəsb etməsinə diqqət etdik. Onun cəsarətinin ifadəsi belə bir çıxışının olması demək deyildimi? Mənim mülahizəmə görə bəzilərinin düşüncəsində adamın cəsarəti və mərdliyi bu formada təzahür edir. Ona görə bu cür düşüncə sahiblərinin üzərində hələ işləmək lazımdır, bu adamların yenidən tərbiyə olunacaqlarının mümkünlüyünü müəyyənləşdirmək lazımdır.” Axundov ad çəkməsə də, daxili yazışmalardan aydın olur ki, Rəsul Rza o zaman yeni çapdan çıxmış kitabını məhz bu avtoqrafla Abbas Zamanova vermişdi.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komissiyasının müəyyən etdiyi müddət başa çatdıqdan sonra Abbas Zamanov partiya üzvlüyünə bərpa olunmaq üçün yenidən Bakı şəhər partiya komitəsinə müraciət etdi. Lakin Bakı şəhər komitəsinin bürosu 1964-cü ilin yanvar ayının 31-də keçirdiyi iclasda onun ərizəsini təmin etmədi. Abbas Zamanov Bakı Komitəsinin qərarından Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə şikayət etdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komissiyası 1964-cü ilin may ayının 20-də Bakı Komitəsinin qərarını doğru hesab edib, onu Rəyasət Heyətinin iclasına tövsiyə etdi. Onun şikayətinə baxılması 1964-cü ilin noyabr ayının 10-na təyin edilmişdi. Lakin o, Rəyasət Heyətinin iclasından öncə Mərkəzi Komitənin birinci katibi Vəli Axundov və ya ikinci katib Vladimir Semiçastnıy SSRİ DTK-nın sədri təyin edildikdən sonra onun yerinə təyin edilmiş Pyotr Yelistratovla görüşmək istəyirdi. Həmin gün səhər ona və Nizami adına institutun partiya təşkilatı katibi A. Hüseynova zəng edib Abbas Zamanovun Rəyasət Heyətinin iclasına gəlməsi barədə xəbərdarlıq edilsə də, o, Partiya Nəzarəti Komissiyasının sədri İsmail Əsgərova zəng edib bildirdi ki, Axundov və ya Yelistratov tərəfindən qəbul edilməsə Rəyasət Heyətinin iclasına gəlməyəcəkdir. Bu telefon danışığı barədə həmin vaxt İsmail Əsgərovun otağında olan Partiya Nəzarəti Komissiyasının üzvləri arayış hazırladılar. Orada deyilirdi ki, Rəyasət Heyətinin iclasından yayınmaq üçün “bu, Abbas Zamanov tərəfindən törədilən birinci hadisə deyildir. Nə vaxt şikayətinə baxılmaq üçün onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komissiyasına dəvət edirik, o, müxtəlif bəhanələrlə ərizəsinə baxılmağı təxirə salmağı xahiş edir və bununla da onun işinə baxılmasın yubandırır. Bu barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın Rəyasət Heyətinin üzvlərinə məlumat verməyi zəruri hesab edirik”.

Abbas Zamanov Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısını necə aldı?


Eyni vəziyyət Rəyasət Heyətinin 1965-cü ilin dekabr ayının 30-da da təkrar olundu. Dekabr ayının 28-də o, ayın 30-da keçiriləcək iclasa dəvət edilsə də, Abbas Zamanov bildirdi ki, “mən hazırda məzuniyyətdəyəm və vəfat etmiş bacımın 40 mərasimində iştirak etmək üçün Naxçıvana gedirəm, sonra isə istirahət evinə gedəcəyəm, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclasına gələ bilməyəcəyəm, qoy mənim işimi məzuniyyətdən qayıdana qədər təxirə salsınlar”. Rəyasət Heyəti dekabr ayının 30-da keçirilən iclasında onun işinə baxılmasının təxirə salınması haqqında qərar qəbul etdi. Bundan sonra Abbas Zamanovun ərizəsinə baxmaq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 1965-ci ilin fevral ayının 9-da keçirilən iclasının gündəliyinə daxil edildi. Lakin həmin iclas Vəli Axundov olmadan MK-nın ikinci katibi Yelstratovun sədrliyi ilə keçirildiyi üçün Abbas Zamanov yenidən məsələni təxirə salmağı xahiş etdi. Nəhayət, 1965-ci ilin fevral ayının 23-də Axundovun sədrliyi ilə keçirilən Rəyasət Heyətinin iclasında onun məsələsi müzakirəyə çıxarıldı. Abbas Zamanov toplantıda çıxış edib ciddi siyasi səhvə yol verdiyin, ötən dörd il yarım ərzində səhvlərini başa düşdüyün, partiya üzvlüyündən çıxarılma haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qərarının tamamilə əsaslı olduğun, Səməd Vurğunun anım mərasimindəki çıxışının “anti-partiya və təxribatçı” xarakter daşıdığını etiraf etdi. Bu illər ərzində o, yorulmadan çalışdığın, “Müasirləri Sabir haqqında” adlı əsər yazdığın, şəxsiyyətə pərəstişin qurbanı olmuş bir sıra yazıçıların əsərlərini nəşrə hazırladığın, dövrü mətbuatda bir sıra məqalələrlə çıxış etdiyini Rəyasət Heyətini üzvlərinin diqqətinə çatdırdı. O, dedi: “Sovet hakimiyyəti məni 7 il uşaq evində tərbiyə edib. Onun sayəsində mən cəmiyyət üçün yararsız olmamışam. 7 il mən rəhbər komsomol işində çalışmışam. Bir bu qədər dövr ərzində Sovet ordusu sıralarında xidmət etmişəm. 12 il Universitetdə mühazirə oxumuşam. Hər yerdə, hər zaman pis işləməməyə çalışmışam. Millətçilik anlayışı mənim həyat yolumla bir yerə sığmır. İnanın mənə, mənim ağır səhvim həyatımın mənası deyil, təsadüfüdür. İnanın ki, mən partiya üçün itirilmiş adam deyiləm”. Yalnız bu etiraflardan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti onun Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə bərpa edilməsi ilə bağlı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komissiyasına müraciət edilməsi barədə qərar qəbul etdi. Orada göstərilirdi ki, Abbas Zamanovun partiya üzvlüyünə bərpa olunmasından imtina haqqında Bakı şəhər partiya komitəsinin qərarı doğrudur. Bununla belə, Rəyasət Heyəti Zamanovun öz anti-partiya hərəkətini mühakimə etdiyini, özünü praktiki işdə doğruldacağı barədi vədini, onun haqqında müsbət rəy olduğunu nəzərə alaraq Bakı şəhər partiya komitəsinin 1964-cü ilin yanvar ayının 31-də qəbul etdiyi qərarda dəyişiklik etməyi mümkün sayır və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komitəsindən xahiş edir ki, partiya stajında son fasilə nəzərə alınmaqla onun 1941-ci ilin may ayından olan partiya üzvlüyü bərpa edilsin”.
Partiya sıralarına bərpa olunduqdan sonra Abbas Zamanov 1968-ci ildə “Sabir və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1968-1971-ci illər ərzində Akademiyanın Nizami adına ədəbiyyat muzeyinə rəhbərlik etdikdən sonra o, 1971-ci ildə yenidən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qayıtdı və ömrünün sonuna kimi universitetdə işlədi. Lakin bütün ömrü boyu da dövlət təhlükəsizliyi orqanlarının nəzarətində oldu. DTK-nın Beşinci idarəsinin 1972-ci il üçün hesabatında onun “Türk Dil Qurumu” və Türkiyə alimləri ilə “elmi əlaqələri” haqqında ayrıca bölmə var idi. Bütün bunlara baxmayaraq sonrakı dövrlərdə də professor Abbas Zamanov milli təəssübkeşlik, ərazi bütövlüyü ilə bağlı həssas məsələlərdə öz ideallarına sadiq qaldı.

Abbas Zamanov Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısını necə aldı?

Cəmil HƏSƏNLİ, Tarixçi alim, Professor



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu