“Seçkilərin yazda, yaxud payızda keçirilməsinin fərqi yoxdur...”


“Seçkilərin yazda, yaxud payızda keçirilməsinin fərqi yoxdur...”


Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi mövzusunda Milli Məclis üzvləri şərhlər verməkdə davam edir. Deputat Aydın Hüseynov öz şərhində xatırladır ki, növbədənkənar seçkilərin keçirilməsi ölkə başçısının səlahiyyətləri çərçivəsindədir.

"Buna Azərbaycanın Konstitusiyası da imkan verir. Ona görə də dövlət başçısı seçkilərin növbədənkənar keçirilməsini elan edib"-deputat deyib.

A.Hüseynov qeyd edib ki, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin İlham Əliyev olacağı birmənalıdır.

"Seçkilərin apreldə, yaxud oktyabrda keçirilməsinin fərqi yoxdur. Prezident İlham Əliyevin təkrar seçiləcəyinə heç bir şübhə yoxdur. Çünki Prezident İlham Əliyevin həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə nüfuzu kifayət qədər yüksəkdir”-deputat deyib.

Milli Məclisin digər üzvü Bəxtiyar Əliyev isə deyir ki, prezident İlham Əliyevin növbədənkənar prezident seçkiləri elan etməsi çox düzgün bir qərardır və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.

B.Əliyev bildirib ki, 2016-cı il sentyabrın 26-da referendum keçirilərək Konstitusiyaya dəyişiklik edildi və prezidentlik müddəti, növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydaları müəyyən edildi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu referendum göstərdi ki, xalq dövlət başçısına böyük etimad göstərir. Bu etimada cavab olaraq da Prezident növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etdi və demokratik inkişafa yeni impuls verdi, siyasi iradə nümayiş etdirdi”.

Deputat hesab edir ki, ölkədə gedən proseslər, ölkəmizdə keçirilməsi nəzərdə tutulan böyük yerli və beynəlxalq səviyyəli tədbirlər, eyni zamanda 2025-ci ildə keçiriləcək parlament seçkilərinin prezident seçkiləri ilə eyni vaxta düşməsi, həmçinin xalqın Prezidentə olan böyük etimadı nəzərə alınmaqla növbədənkənar prezident seçkiləri elan edilib.

"Növbədənkənar seçkilərin elan edilməsi Azərbaycanda demokratiyanın növbəti bir uğurudur. Prezident İlham Əliyev bununla bir daha göstərir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və siyasi iradəyə malikdir"-deputat deyib. (“Trend”in materialları əsasında)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu