İngilis polkovnik Naxçıvana hərbi vali təyin olunur və...- ARXİV

Xəbərin çap versiyası
Tarix: 12-03-2018, 16:26    |    Xəbər oxunub: 1 875 dəfə
İngilis polkovnik Naxçıvana hərbi vali təyin olunur və...-


Özlərini qorumaq və idarəçiliklərini qurmaq üçün başda Naxçıvan olmaqla İrəvanın cənubundan Şərur, Üçməidzin və Sürməlidə yaşayan müsəlman türk əhalinin təmsilçiləri Qəmərli qəsəbəsində toplanmışdılar. Bu məşvərət məclisi şəklində keçirilən müzakirələr nəticəsində mərkəzi İğdır olmaqla bir rəis və altı üzvdən ibarət hökumət quruldu.

əvvəli BURADA

Qarsın cənubundan Ordubada qədər olan bölgənin Ermənistanla sərhəd olması və Osmanlı əsgərlərinin çəkilməsi səbəbindən ermənilərin təhdidi altında qalmışdı. Bu bölgə əhalisi də öz idarəçiliklərini qurmaq üçün hərəkətə keçdi.

Adı Araz Türk Hökuməti olaraq yaradılan idarəçiliyin rəisi və üzvləri aşağıdakılardan ibarət idi:
Hökumət rəisi: Əmir bəy Əkbərzadə Hərbiyə naziri; Qarslı Cahangirzadə İbrahim Maliyyə naziri; Qəmbərəli bəy Bənənyari Mülkiyə naziri; Bəkir bər Rzazadə xariciyə naziri; Həsən Ağa Səfazadə Ədliyyə naziri; Məhəmmədbəyzadə Şeyxülislam Mirza Hüseyn.
Bundan əlavə, General Əli Əşrəf bəy də hökumətə köməkçi olaraq seçilmişdi. Osmanlı Alayı 3-cü tabor 2-ci bölükdə ehtiyat tağım komandiri ikən Mundros atəşkəs müqaviləsinə görə tərxis edilən Advokat Hüseyn Avni (Ulaş) Araz Türk Hökumətinin hüquq müşaviri olaraq təyin edilmişdi.
Osmanlı əsgərinin hələ çəkilmədiyi bir zamanda qurulan Araz Türk Hökuməti 9-cu firqə komandanı Miralay Rüştü bəy Paşaya müraciət edərək silah və cəbbəxana tələb etmişdi. Vətənlərini qorumaq istəyən türk milis təşkilatlarını yaradırdılar. Osmanlılardan silahsız olaraq əsgərləri üçün bir neçə min tüfəng, cəbbəxana, avtomat tüfəng və top verilməsini istəmişdilər. Araz Türk Hökuməti bir komandir zabit ilə bir neçə zabitin Araz Türk Hökumətinə verilməsini tələb etmişdi. 9-cu Firqə komandanı Miralay Rıfat bəy və 9-cu Ordu Komandanı Yaqub Şevki Paşanın da yardımları ilə 20-yə qədər tabor yaradıldı. Bununla yanaşı, könüllü olaraq bu bölgədə qalan Osmanlı zabit və əsgərləri də bu hərbi dəstələrə qatıldı.
Ermənilərin etdikləri qətliam, işgəncə və zülümlərə böyük ölçüdə qarşı gəlməyi bacaran Araz Türk Hökuməti, erməni dəstə və əsgərlərini Naxçıvandan çıxarmağa geniş miqyasda müvəffəq olmuşlar. Osmanlı əsgərlərinin Əlviyə-i Səlasədən də çəkilmə məcburiyyəti qarşısında yeni və daha güclü bir hökumətin qurulması işləri paralelində Araz Türk Hökuməti Qars mərkəzi qurulan Milli Şura Hökumətinə qatılmışdır.

Milli Şura Hökuməti dövründə Naxçıvan

Əlviyə-i Səlasənin Osmanlı əsgərləri tərəfindən boşaldılması məsələsi dəqiqləşdikdən sonra Axıska və Naxçıvanda olduğu kimi, 5 noyabr 1918-ci ildə Qars və ərazisindəki müsəlmanlar Qars İslam Şurası adı ilə öz hökumətlərini quraraq rəsmi surətdə Osmanlı dövlətindən ayrılmışdılar. Bunun nəticəsində 14 noyabr 1918-ci ildə toplanan Qars İslam Şurasının ilk yığıncağında Batumidən Ordubada qədər olan yerlərə xəbər göndərilərək gələcək təmsilçilərin də iştirakı ilə 30 noyabr 1918-ci ildə Qarsda böyük bir konqresin təşkil edilməsi qərara alındı.
Ordubad, Naxçıvan, Sərdarabad, İğdır, Qəmərli, Sürəgən, Axıska, Axılkələk bölgələrindən millət vəkili statusu ilə qatılan 70 nəfərin iştirakı ilə 30 noyabr 1918-ci ildə toplanan konqresdə Batumidən Ordubad, Ağrı dağından Azgura qədər xalqın əksəriyyətinin türk və müsəlman olan yerlərdən Osmanlı ordusunun çəkilməsi səbəbindən mərkəzi Qars olmaq şərti ilə Milli Şura Hökuməti də qurulması qərarlaşdırıldı. Daha əvvəl qurulan Axıska Hökuməti ilə Araz Türk Hökuməti Milli Şura Hökumətinə qatıldı. Beləliklə, Batumi, Qars, Naxçıvan, Axıska, Axılkələk bölgələrində böyük bir birlik qurulmuşdu. 12 üzvdən ibarət olan hökumətin başqanlığına Cahangiroğlu İbrahim bəy seçildi.
Ayrıca, Milli Şura Hökuməti Antanta dövlətlərinin tələbi nə olursa-olsun Osmanlı dövləti ilə islam xəlifəsinə könüldən bağlı olacağını, türk bayrağından istifadə etməklə ədalət və idarəetmədə Osmanlı qanunlarının qüvvədə olacağını bildirmişdilər.
Hərbi sahədə isə Osmanlı Ordusunun köməyi ilə təmin edilən silah və cəbbəxanalarla Milli Şura Ordusu quruldu. Bu ordu Osmanlı 9-cu Ordusunun bölgədən çəkilməsindən sonra Arpaçay və Araz boyunda ermənilərə, Acara-Axıska cəbhəsində isə gürcülərə qarşı sərhədləri qoruyacaqdılar.
Daha sonra hökumət rəisi Cahangiroğlu İbrahim bəy köməkçisi Kəpənəkçi Emin Ağa və hökumətin ümumi katibi Sami bəylə birlikdə Naxçıvana gələrək burada əvvəllər Araz Türk Hökumətinin rəisi olmuş Əkbərzadə Əmir bəylə birlikdə hərbi və mülki təşkilatlanma işlərində birlikdə işləməyə başladılar. Osmanlı Ordusunun çəkilməsi səbəbi ilə yaranan narahatlığı aradan qaldırmağa və müsəlman xalqın yeni idarəetməyə sahib çıxmaları üçün fəaliyyət göstərmələrinə səy göstərdilər. Ermənilər İrəvanın cənubunu İran sərhəddinə qədər ələ keçirmək istəyirdilər. Bu məqsədlə ermənilər 1918-ci ilin noyabr-dekabr aylarında dəstələr təşkil edərək Dərələyəz bölgəsində bir neçə türk kəndinin sakinlərini qaçıraraq yerlərinə 15 minə qədər Türkiyədən qaçan erməniləri yerləşdirdilər. Bu fəaliyyətlərə əngəl olmaq istəyən türklər Şərur-Naxçıvan ana yolunu nəzarət altına alaraq ermənilərin Zəngəzur-İrəvan yolunu bağladılar. Buna qarşılıq olaraq Türkiyədən gələn ermənilər erməni əsgərlərinin mühafizəsi altında Araz çayından keçib irəvan-Culfa dəmir yolu xəttindən istifadə etdilər. 1918-ci ilin dekabr ayında erməni birlikləri İrəvan əyalətinin əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi cənub idarəçilik hissəsini əllərinə keçirdilər və Şərur qəsəbəsinə doğru yürüşə keçdilər. Ancaq bu əsnada Borçalıda Ermənistan-Gürcüstan müharibəsinin başlaması ermənilərin cənubda irəliləməsinə bir müddət fasilə verilməsi məcburiyyətini yaratdı. Bu vəziyyət Naxçıvan türklərini qısa bir zaman üçün erməni hücumlarından qorumuşdu. Milli Şura Hökuməti çalışmalarını davam etdirərək idarəetməni gücləndirməyə səy göstərmişdilər.

Cənub-qərbi Qafqaz hökuməti dövrü

I və II Ardahan Konqreslərinin bir nəticəsi olaraq təşkil edilən Böyük Qars Konqresi (17-18 yanvar 1919) sonunda Cənubi-Qərbi Qafqaz Hökumət-i Müvəqqət-i Milliyəsi qurulmuş və Milli Şura Hökuməti yeni və sağlam formaya salınmışdı.
Cənubi-Qərbi Qafqaz Hökumətinin sərhədləri Ordubadın şərqində Zəngəzur bölgəsi Azərbaycanda qalmaq şərti ilə müəyyən edilmişdi. Cənubda əvvəlki İran-rus sərhədi qüvvədə qalacaqdı. Erməni sərhədləri isə şərqdən qərbə doğru Arpakənddən keçərək Dərələyəz Ermənistan sərhədlərində qalmaq şərti ilə Çarur qəzasında Vedibasar, Zəngibasar, Zeyvə, Karvansaray, Yuxarı Ağaqala, Kiçik Buğudu, Boğaz-Kəsəndən Arpaçayına uzanacaqdı. Hökumətin kosntitusiyası hazırlandı. Cahangiroğlu İbrahim bəy isə Cənubi-Qərbi Qafqaz hökumətinin rəisi seçildi. Bu arada 25 yanvarda Yaqub Şevki Paşa Qarsı tamamilə təxliyə etdi. İngilislər də Cənubi-Qərbi Qafqaz Hökumətini tanıdı. Beləliklə, Cənubi-Qərbi Qafqaz Hökuməti də müəyyən sərhədlər daxilində dövlət statusuna qovuşdu.
Digər tərəfdən, 1919-cu ilin yanvar ayının əvvəllərində ingilislərin araya girməsi nəticəsində gürcü və ermənilər arasındakı toqquşmalar qurtarmışdı. Erməni hərbi naziri erməni qüvvələrini Dəvəlidə hazır vəziyyətə gətirərək daha əvvəl nail ola bilmədikləri Şərur işğalının hazırlıqlarına başladılar. Ancaq Milli Şura Hökumətinin erməni hökuməti ilə apardığı müzakirələrlə ermənilərin Şərur və Naxçıvana hücumları bir müddət təxirə salındı. Elə bu vaxtlarda ingilis polkovniki Laughton hərbi təmsilçi olaraq Naxçıvana gəldi. Burada Milli Şura Hökuməti təmsilçiləri ilə görüşərək qane edici bir sülh razılaşması layihəsi hazırladı. 21 yanvarda ermənilərə çatdırılan bu layihə qəbul edildi. Ancaq buna baxmayaraq, Naxçıvan bölgəsində erməni hücumları davam edirdi. Naxçıvan xalqı da Şeyx Əli adındakı şəxsin başçılığı ilə ermənilərə müqavimət göstərirdi.

26 Yanvar 1919-cu ildə polkovnik Laughton ingilislər tərəfindən Naxçıvan hərbi valisi təyin edildi. Laughton dərhal Naxçıvanda rəhbərliyi əlində tutan Milli Şura Hökuməti nümayəndələrinə “Bölgənin gələcəyi üçün Paris Sülh Konfransı qərar verənədək hüquq və sabitliyin davam etməsi üçün” Naxçıvan Hərbi valiliyinin qurulduğunu bildirdi. Bu valiliyin sərhədləri İrəvan əyalətinin cənubunu əhatə etməklə Sədərək kəndi yaxınlarında Araz çayı ilə əlaqəsi olan Vedi çayını da əhatə etmiş, şimala doğru genişləyərək bütün Naxçıvanı içinə alırdı. Türklərin olduğu bölgələrdə Milli Şura Hökuməti təmsilçiləri vəzifədə qaldı. Fəqət ingilis valiliyi sadəcə bir kölgə idi. Naxçıvandakı hakimiyyət Milli Şura və Cənubi-Qərbi Qafqaz hökumətinin əlində idi...





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

Qadın polis sosial medianı coşdurdu-

Qadın polis sosial medianı coşdurdu- VİDEO+FOTOLAR

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Günel Səfərova:

Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

NASA səsdən sürətli təyyarə istehsalına başladı

NASA səsdən sürətli təyyarə istehsalına başladı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

BDU-nun giriş-çıxışı bağlandı:

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Kamran Ağayev millidən kənarlaşdırıldı

Kamran Ağayev millidən kənarlaşdırıldı

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir-

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir- VİDEO+FOTOLAR

Messengerdən möhtəşəm yenilik

Messengerdən möhtəşəm yenilik

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur