Bu dövləti cılızlaşdırmayın, cənab məmurlar!


Bu dövləti cılızlaşdırmayın, cənab məmurlar!


Həbibə ABDULLA

Bu əhvəlatı bir dəfə də yazmışdım. Kəndimizdə keçmişdə qonşu olan qadın və kişi arasında məhlə davası düşür. Hərəsi öz çəpərinin bu üzündən mübahisə edirlər, iş o yerə çatır ki, kişi yabanı götürüb qadının üzərinə hücuma keçir. Qadın görür vəziyyət qəlizdi qayıdır ki, “sən Stalinin barmaqlarına söydün eləmi? Yaxşı, gör sənin başına nə oyun açdıracam!” Əlində yaba çəpərin üstündən atlanmağa hazırlaşan kişi yabanı yerə atır “ay Allah, belim sındı, qoymayın” deyib nalə çəkir. Və beləliklə qonşuların mübahisəsi qan davasına çevrilməmiş yatışır.



Sözümün canı var... Çox qəribə bir vəziyyətlə üz-üzə qalmışıq yaşadığımız ölkədə. İllərlə mediada, siyasi partiyalarda can qoyan, mitinqlərin təşkilatçılığında, iştirakçılığında fərqlənən, polis, maskalılar, muzdlular tərəfindən döyülüb-söyülən, əzilən insanlar oldu ki, nəticəsiz mübarizədən bezəndə sakitcə çəkilib oturdu öz daxmasının altında və başladı bir parça çörəyini daşdan çıxarıb yeməyə. Nə əqidəsini satdı, nə də Vətənini. Hakimiyyətin tuthatut, öldürhaöldür vaxtlarında harada olduqlarını bir çoxlarının, o cümlədən də meydanlarda olanların bilmədiyi bir dəstə insanımız da var ki, hansısa yollarla gedib oturub Avropanın ən gözəl ölkələrində. Hansı yolla gediblər, necə oturum alıblar, təyinatları nədir aydınlaşdırmaqda çətinlik çəkdiyimiz bu insanlar peşiman edirlər adamı ağzını açmağa. Dərhal başlayırlar ki, “sən satılmısan, sən hakimiyyəti tənqid edə bilmirsən, sən şərə qulluq edirsən”. Ay balam, sən haradaydın bizlər meydanda olanda? Hakimiyyətin şilləvuranları gəlib redaksiyamızda, evimizin içində bizi döyüb gedəndə haradaydın? Bu ölkədə medianın azadlığı uğrunda biz aksiyalar keçirəndə, mübarizələr aparanda sən haradaydın? Siyasi partiyaların mitinqlərindən reportajlar hazırlayıb ictimaiyyəti məlumatlandıranda, bu yolda vurulanda, ailəmizdən, əzizlərimizdən ayağımızın çatladıldığını aylarla gizlədəndə haradaydın? Mühacirət etməyimiz üçün səfirliklərdən üst-üstə gələn təklifləri qəbul etməyib “neçə ki, həyati təhlükəm yoxdur, Vətənimdən heç yerə gedən deyiləm” deyəndə sən haradaydın? Haradan düşdün axı bu meydana? Kim yetişdirdi? Harada cücərdin? Kimin parnikinin məhsulusan? Yanından yel də ötməmiş daha yaxşı yaşamaq üçün Vətənini, əzizlərini atıb getdiyin bəs deyil, getməyib qalanlara dil uzatmağa nə həddin var? Əgər buradan getməyinə səbəb həyatına hər hansı təhlükə idisə, o zaman buyurub məsələn, Afrika ölkələrinə gedə bilərdin. Amma seçimin Avropadır. Çünki orada daha gözəl yaşayış vəd edilib. Və sən o gözəl yaşayış şəraitini seçib də utanmadan xalq davası aparıram deyirsənsə, lənət olsun o davaya!
Mühacirliyi gerçəkdən haqq edən dostlarımız, yuxarıdakı fikirləri siz üzərinizə alınmayın, lütfən!
Yazımda tənqid obyekti tək belələri deyil amma. Torpaqlarının 20 faizi işğal altında olan bir dövlətin rəsmiləri bu cür satqınlara, Vətən xainlərinə vaxt itirməməlidir. Əgər gerçəkdən də onlarla mübarizəyə pullar ayrılırsa (bu barədə artıq sosial şəbəkələrdə məlumatlar yayılmağa başlayıb-H.A), KİV-lərə, sosial şəbəkə istifadəçilərinə onları tənqid etmək, aşağılamaq üçün vəsait xərclənirsə, ar olsun! Həm də yazıqlar olsun ki, bu cür zəif varlıqlara mübarizə aparıb onların özlərini kimsə hesab etmələrinə səbəb olursuz! Belə bir fakt varsa, bunu etmək onların xəyanətindən daha böyük xəyanətdir bu Vətənə! Bu dövlətin aidiyyəti qurumlarının, məmurlarının fəaliyyəti bu cür cılız mübarizələrə deyil, Qarabağ problemini dünya ictimaiyyətinə çatdırmağa yönəlməlidir. “Ermənilər Qarabağda vandalizm aktı törətməyib” deyəcək qədər Avropa havalısına baş qoşmaq, onunla mübarizəyə pul xərcləmək zəiflik əlamətidir, cənab məmurlar! Və mən istəmirəm ki, Azərbaycan dövləti bu qədər zəifləsin, cılızlaşsın! Nə qədər ki, gec deyil, bu xortdan davasından çəkilin. Siz nə qədər onların xortdan obrazını yaratmağa çalışsanız, onlar o qədər güclənəcəklər. Hanı sizin texnoloqlarınız?!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu