Azərbaycan gəncləri öz seçimlərini edib


Azərbaycan gəncləri öz seçimlərini edib


"Bu Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevdir"



Artıq prezident seçkilərinə az bir müddət qalıb. Təxminən iki həftə sonra ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisə, prezident seçkiləri keçiriləcək. Ölkədə seçkiöncəsi keçirilən rəy sorğuları, eləcə də aparılan dəyərləndirmələr onu deməyə əsas verir ki, prezidentliyə namizədlər içərisində ən çox dəstək qazanan və etimad göstərilən şəxs hakim Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevdir. Cəmiyyətin demək olar ki, bütün kateqoriyalarından olan vətəndaşlar birmənalı olaraq Cənab llham Əliyevi dəstəkləyir və 11 aprel tarixində İlham Əliyevə səs verəcəklərini ifadə edirlər. Elə ölkə əhalisinin təxminən 30 faizinə qədərini təşkil edən Azərbaycan gənclərinin də seçimi məhz Cənab İlham Əliyevdir desək yanılmarıq. Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının üzvü, gənc ictimai-siyasi fəal Aygün Osmanova da deyir ki, ölkənin gənclər ordusunun seçimi məhz Cənab İlham Əliyevdir. Aygün Osmanovu deyib ki, gənclərin Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyevi dəstəkləməsini şərtləndirən amillər kifayət qədərdir. "OLAYLAR"-a verdiyi müsahibədə Aygün Osmanova əminliklə bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinin qalibi məhz Cənab İlham Əliyev olacaq. O, seçkiöncəsi bir sıra Avropa ölkələrində Azərbaycan əleyhinə təşkil olunan kampaniyalara da münasibət bildirib və belə xoşagəlməz halları qətiyyətlə pisləyib.

-Aygün xanım, bildiyimiz kimi aprelin 11-də ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Seçkilərdən gözləntiləriniz nədən ibarətdir?

-Əvvəla qeyd edim ki, Azərbaycan vətəndaşları bu seçkilərə yüksək əhval-ruhiyyə, xoş ovqatla gedir. Seçkiqabağı təbliğat-təşviqat mərhələsində seçicilərlə keçirilən görüşlər, cəmiyyətin ayrı-ayrı təbəqələrindən olan insanların həmin görüşlərə göstərdiyi böyük maraq onu deməyə əsas verir ki, vətəndaşların prezident seçkilərinə olan marağı kifayət qədər böyükdür. Məlumat üçün qeyd edim ki, bu günlərdə seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsidə Xaçmaz rayonunun Müqtədir və Nabran qəsəbələrində seçicilərlə keçirilən görüşdə mən də iştirak edirdim və həmin görüşdən gəldiyim qənaət, seçicilərin keçirilən bu kimi görüşlərə göstərdikləri maraq da onu deməyə əsas verir ki, Azərbaycan vətəndaşları 11 aprel seçkilərində aktiv iştirak edərək etibar etdikləri, güvəndikləri ən layiqli namizədə səs verəcəklər. Heç şübhəsiz ki, bu namizəd də Cənab İlham Əliyevdir.

-Gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi hesab edilib və ictimai-siyasi proseslərdə aktiv iştirak ediblər. Bu mənada 11 aprel seçkilərində də ölkə gənclərinin fəal iştirak edəcəklərini söyləyə bilərikmi?

-Tamamilə doğru buyurursunuz ki, gənclər tarixin bütün dövrlərində cəmiyyətin aparıcı qüvvəsi hesab edilib. Məlum olduğu kimi Azərbaycan əhalisinin təxminən 30 faizindən çoxunu gənclər təşkil edir. Günümüzdə gənclər ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır, cəmiyyət həyatında yaxından iştirak edirlər ki, bu da dövlətin, əsas etibarilə də dövlət başçısının gənclərə diqqət və qayğı ilə yanaşmasının məntiqi nəticəsidir.

Ümumiyyətlə, bu gün Azərbaycan gənci hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnib desək yanılmarıq. Gənclərin təkcə ictimai-siyasi həyatımızda deyil, eləcə də idman, elm, təhsil, mədəniyyət sahələrində uğurlar əldə etməsi, öz istedadlarını nümayiş etdirməsi üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Paytaxt və regionlarda inşa edilən onlarla Olimpiya İdman Kompleksləri gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq, onların sağlam ruhda böyüməsi ilə yanaşı, bu sahədə uğurlar əldə etmək, Azərbaycanın adına medallar qazandırmağı da şərtləndirib. Məhz bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, eləcə də digər mötəbər yarışlarda yüzlərlə qızıl medallar qazanaraq Azərbaycanın bayrağını yüksəklərə qaldırıb, onu idman ölkəsinə çeviriblər. Ən son İslam Həmrəyliyi Oyunlarında, eləcə də 2015-ci ildə baş titan İlk Avropa Oyunları zamanı bizlər bunun əyani şahidinə çevrildik. Paralel olaraq gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində də ölkədə məqsədyönlü addımlar atılır, müvafiq işlər görülür. Paytaxt Bakıda və regionlarda çoxsaylı Gənclər Evlərinin acılması, gənc istedadların üzə çıxarılması, gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə səmərəli təşəbbüslərin reallaşdırılması, ölkədə keçirilən beynəlxalq tədbirlərə, yarışlara gənclərin könüllü olaraq cəlb edilməsi bütün bunların əyani sübutudur. Bir sözlə ölkə başçısı gənclərimizin ölkənin bütün sahələrində fəal istirakının təmin olunması üçün məqsədyönlü addımlar atır, lazımı tədbirlər həyata keçirir. Bütün bunlar dövlət başçısının gənclərə diqqət və qayğısı ilə yanaşı, həm də biz gənclərə etibar etdiyinin göstəricisi, əyani sübutudur.

-Bəs ölkə gəncləri dövlətin, dövlət başçısının bu etimadını nə dərəcədə doğruldurlar?

-Əlbəttə ki, ölkə gənclərinin böyük bir qismi dövlətin və dövlət başçısının onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirir, öz fəallıqlarını, aktivliklərini ortaya qoyur, nümayiş etdirirlər. Bu baxımdan dövlətimiz üçün mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsində olan Azərbaycanda bu gün gənclər siyasi proseslərin aktiv iştirakçısı kimi çıxış edirlər. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri öz seçimlərini edərək aprelin 11-də baş tutacaq prezident seçkilərində səs verəcəkləri namizədi tam müəyyənləşdiriblər və bu Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevdir.

-Bu arada bəzi Avropa ölkələrində yaşayan gənclərin seçkilər ərəfəsində pozuculuq əməlləri ilə məşğul olması, bir sıra rəsmi şəxslərə qarşı qeyri-etik ifadələr işlətməsini necə dəyərləndirərdiniz?

-Təəəsüf hissi ilə qeyd edirəm ki, belə gənclərimiz də var. Ancaq sevindirici haldır ki, bu kimi şəxslər məhdud sayda, barmaqla sayıla biləcək qədərdirlər. Sadəcə həmin şəxslər erməni lobbisi və Azərbaycanı sevməyən dairələrin təsiri altına düşən, onların maddi dəstəyi ilə fəaliyyət göstərən bir qrup xəyanətkarlardır. Mən deyərdim ki, onlar bu kimi pozuculuq, qeyri-etik əməlləri ilə ermənilər qədər, hətta onlardan artıq şəkildə dövlətə, dövlətçiliyimizə zərbə vururlar. Ancaq müsbət qeyd edilməli məqam ondan ibarətdir ki, bir qrup xəyanətkarın yol verdiyi bu qeyri-etik hərəkətlər cəmiyyət, xüsusilə gənclər tərəfindən dəstəklənmir və onların bu əməlləri qəti şəkildə pislənilir. Əminliklə deyə bilərik ki, Azərbaycanın gənclər ordusu Prezidentimizi dəstəkləməklə ölkədə sabitliyi pozmağa cəhd göstərən qüvvələrin, antiAzərbaycan şəbəkənin niyyətini puça çıxaracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu