Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir


Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir


Bu gün Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.



Aprelin 6-dək davam edəcək konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edirlər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.

Xatırladaq ki, aprelin 3-4-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.

Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslaşdırılmış siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını alıb.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin həm də böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Bu gün Avropa qitəsində cərəyan edən proseslər Hərəkatın prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.

Bir sıra dövlətlərin vaxtilə "Soyuq müharibə" dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Qoşulmama Hərəkatı yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada öz aktuallığını daha da artırır və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Müstəmləkəçiliyin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.

Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. (trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu