Əlviyə-i Səlasə və Naxçıvanda Milli Təşkilatlanma- Cahangiroğlu İbrahim bəy kim olub?


Əlviyə-i Səlasə və Naxçıvanda Milli Təşkilatlanma-


Milli təşkilatlanmanın, türk ordusunun çəkilməsi ilə düz mütənasib olaraq xaricdən içəriyə doğru yayıldığını söyləmək daha uyğun olar.
29 oktyabr 1918-ci ildə 9-cu ordu komandanı Yaqub Şevki Paşa və III firqə komandanı Xalid bəyin yardımları ilə Axıska Hökuməti Müvəqqətiyəsi quruldu.


Üçüncü həlqə də mərkəzi İğdır olan və Naxçıvanı da əhatə edən Araz Türk Hökumətidir. Onu da qeyd edək ki, Araz Türk Hökumətinin 03 noyabr və 18 noyabrda qurulduğuna dair fərqli fikirlər var. Mövcud sənədlərə istinadən hökumətin quruluş tarixinin 18 noyabr olmasını qəbul etmək daha doğru olar. Bu hökumətlər bir-biriləri ilə iç-içə idilər. Birində vəzifə daşıyan şəxs digərində də xidmət edirdi. Bu vəziyyət onların birbirindən fərqli, ayrı və müstəqil olmadığını göstərməkdədir. Dolayısı ilə, bölgədə qurulan 3 milli hökumət bir-birinə maddi və mənəvi yöndən sıx bağlı idilər.
Əlviyə-i Səlasə ilə Naxçıvan əlaqələrində önəmli yeri olan başqa bir məsələ isə Əlviyə-i Səlasənin milli təşkilatlanmasında vacib rol oynayan Cahangiroğlu İbrahim bəyi, Araz Türk Hökumətinin öz müdafiə naziri olaraq təyin etməsi olmuşdur.
Cahangiroğlu İbrahim bəyin xatirələrindəki ifadələrə görə, Qarsda Milli Şuranın seçkiləri ilə məşğul olduqları bir vaxtda Türk Ordusunun Naxçıvan, Şərur, Dərələyəz, Qəmərli, İğdır, Gümrü və Zəngibasardan çəkilməsindən bir həftə öncə Qəmərlidə bir yığıncaq təşkil edib Araz Türk Hökuməti qurulmuş və özü də müdafiə naziri olaraq seçilmişdi. Həm də Araz Türk Hökuməti tərəfindən şəxsən bölgəyə dəvət edilmişdi.
Araz Türk Hökuməti hansı tarixdə qurulmuş olursa olsun Cahangiroğlu İbrahim bəy Araz Türk Hökumətinin müdafiə naziri olduğu vaxtda Qars Milli Şurasının rəisi deyildi. O tarixlərdə Qars Milli Şurasının rəisi Piroğlu Fəxrəddin bəy idi. Bu tarixlərdə İbrahim Cahangiroğlu Şurəgəl nahiyəsinin rəisi və fəxri alay komandanı idi.
Cahangiroğlu İbrahim bəy 9-cu ordu komandanı Yaqub Şevki Paşadan aldığı yardım və dəstəklə yanında köməkçisi Emin bəy və ümum katibi Sami bəylə birlikdə Naxçıvana doğru yola çıxırlar. Cahangiroğlu İbrahim bəyin yanına köməkçisi Emin bəyi götürməsi bu səfərin 30 noyabr 1918-ci il tarixdən sonra olduğunu isbat etməkdədir. Çünki 30 noyabr-02 dekabr 1918-ci il tarixlərində toplanan II Qars Konqresində Cahangiroğlu İbrahim bəy konqres başqanlığına seçilməsi ilə yanaşı, Şerəgəl nahiyə rəisi və fəxri alay komandanı qalmaq şərti ilə Qars Çilli İslam Şurası Hökuməti Başqanlığına, Kəpənəkçi Emin Ağa da köməkçiliyinə təyin edilmişdi.
Cahangiroğlu İbrahim bəy Qızılçaxçax-Gümrü, Qəmərli-Naxçıvan-Uluxanlı-Dəvəli-Sədərək-Yengicə-Noraşen-Şərur-Dərələyəz-Dəhnə-Şagtaxtı arasında mütəmadi olaraq səyahətlər etmiş, Araz Türk hökumətinin müdafiə naziri olaraq qarşılaşdığı hər cür mənfi hallara baxmayaraq, bölgə xalqının ermənilərə qarşı mücadiləsini təşkil etmiş, rəhbərlik etmiş və hətta şəxsən ermənilərə qarşı cəbhə vuruşmalarına qatılaraq fəaliyyətlərini davam etdirmişdir.
Qarsda Milli Şura Hökumətinin müdafiə naziri olan qardaşı Həsən bəy və digər hökumət üzvləri yoldaşlarının imzası ilə Qarsa qayıtmasını və Posof hüduduna yığılan gürcülərə qarşı əsgər göndərməsini istəyən bir məktub aldıqda Qarsa qayıtmağa qərar verir və bunu Araz Türk Hökumətinin rəhbərliyinə də bildirir.
Cahangiroğlu İbrahim bəy Araz Türk Hökuməti sərhədləri içində 18 gün davam edən fəaliyyətlərindən sonra Şahtaxtı-Maku-Doğubəyazıd-Qarakilsə-Kağızman üzərindən Qarsa qayıdır.
Cahangiroğlu İbrahim bəy xatirələrində də bölgədəki fəliyyətlər və baş verənlər haqqında Yaqub Şevki Paşaya məlumat verdiyini, bölgə xalqının vəziyyətini və ermənilərin etdiyi vəhşilikləri Avropaya bildirən teleqraf yazdığını da ifadə etmişdir.
Cahangiroğlu İbrahim bəy daha sonra Cənubi-Qərbi Qafqaz Hökumətinin gürcülərə qarşı mücadilə etdiyi şimal cəbhəsinə gedərək Gölə, Ardahan və Posofu təftiş etmişdir. Hətta İbrahim bəy Ardahanda olarkən Tiflisdəki ingilis təmsilçi general Tompsonun Qarsa gedib görüşmək istədiyini bildirərək təcili Qarsa qayıtmasını istəyən teleqraf almış və Qarsa qayıtmışdır. Yəni Cahangiroğlu İbrahim bəy cənubda ermənilər, şimalda gürcülərlə baş verən silahlı toqquşmaların şəxsən içində olmuş və bu mücadilədə təşkilatlanma həyata keçirmişdir.
Əlviyə-i Səlasə ilə Naxçıvan arasındakı bir başqa əlaqə isə hər iki tərəfdə də vəzifə daşıyan Hüseyn Avni (Ulaş) bəy idi. Araz Türk Hökumətində xidmətlər göstərmiş H.Avni bəy Cənubi-Qərbi Qafqaz Hökumətinin də 25 gün hüquq müşaviri olmuşdur. Cənubi-Qərbi Qafqaz hökuməti daxiliyyə naziri Fəxrəddin bəy Ərzuruma gələrkən bu dəfə Fəxrəddin bəyin fəxri baş katibi və hüquq müşaviri vəzifəsində çalışmışdır.
Bölgədəki ingilis və erməni təhdidini nəzərə alsaq, əvvəllər ayrı-ayrı qurulan hökumətlərin daha sonra birləşmələri çox məntiqli görülməkdədir. Üstəlik, bir-birilərinin siyasi və hərbi əlaqələrinə ən çox ehtiyac duyduqları bir vaxtda idilər və şərtlər də bunu tələb edirdi. Təbii ki, məsələləri o dövrün şərtləri içində analiz edib qiymətləndirmək lazımdır.

Növbəti yazı: Qars Konqresləri və Naxçıvan
Qaynaq: atam.gov.tr. prof.Esin Derinsu Dayı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu