Ermənistanda məxməri inqilabı kim etdi: Rusiya, yoxsa Qərb?- ŞƏRH


Ermənistanda məxməri inqilabı kim etdi: Rusiya, yoxsa Qərb?-


Şahin CƏFƏRLİ, politoloq

Dünəndən bəri ən çox rastlaşdığımız və Ermənistanla bağlı müzakirələrin əsasını təşkil edən mövzu budur.

Mən Ermənistandakı proseslər barədə çox dərin və hərtərəfli məlumatlara malik olduğumu söyləyə bilmərəm. Amma əldə olan məlumatlar əsasında gəldiyim nəticə budur: Ermənistanda inqilabı erməni xalqının özü etdi. Yeni prezident Armen Sarkisyanın müraciətində önəmli bir cümlə gördüm, məncə, hadisələrin səbəbini, mahiyyətini anlamaq üçün açar cümlədir: Erməni gəncliyi öz gələcəyini görmürdü...

Ermənistan, eləcə də biz və digər postsovet ölkələri müstəqilliyin 27-ci ilindəyik. Müstəqilliyin elan olunmasından sonra doğulanların yəqin ki, xeyli hissəsi ailə qurub və artıq 2-ci nəsil gəlir. Çox yaxın keçmişdə, 2000-ci ildə doğulanlar da böyüyüb həddi-buluğa çatıblar. Demoqrafik basqı güclənir. Və bu gənclərin əksəriyyəti öz vətənlərində özlərini qonaq kimi hiss edirlər. Azadlıqlar məhdudlaşdırılıb. Sosial ədalət yoxdur. Cəmiyyətdə irəli getmək, özünü reallaşdırmaq, karyera yüksəlişi üçün yaxşı təhsil, savad, bacarıq kimi keyfiyyətlər yetmir, müəyyən məsafəyə qədər irəlilədikdən sonra qapılar bağlanır. Azad seçki yoxdur və bu, o deməkdir ki, insanlar öz vətənində seçmək, seçilmək hüququndan qeyri-rəsmi olaraq məhrumdur. Meritokratiyaya, yəni layiqlilərin irəli getməsinə deyil, nepotizmə, yəni qohumbazlığa, tayfa, klan, qrup mənsubiyyətinə əsaslanan sistem qurulub. Ermənistanda baş verənlərin arxa planında məhz bu səbəblər – ümidsizlik və total məyusluqdan doğan qəzəb və hiddət dayanır. Aşağılar əvvəlki kimi idarə olunmaq istəmir. (Bütün bunlar bizə də aiddir.)

Ermənistandakı proseslərin inkişafına gəldikdə isə, hazırda Nikol Paşinyan haqlı olaraq erkən parlament seçkilərinin keçirilməsində israr edir. Doğrudan da azad, şəffaf, demokratik seçki keçirilmədən inqilabı baş tutmuş saymaq olmaz. Rusiya Paşinyana güvənmir və seçki elan olunarsa, Karapetyanın liderliyi ilə Respublika Partiyasının qələbəsində maraqlı olacaq. Təbii ki, erməni xalqının seçimi həlledicidir və onlar Serj Sarkisyandan qalma Respublika Partiyasına səs verməyə də bilər. Bir məqam indidən aydındır ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, azad və demokratik seçkilər baş tutarsa, bu, ermənilərin böyük qələbəsi olacaq. Hətta Ermənistanın demokratik inkişaf baxımından regionun lider dövlətinə çevrilmək şansı da var, çünki Gürcüstan hələ tam demokratik ölkə deyil və İvanişvili orada yarımdemokratik, yarımavtoritar rejim qurub.

Ermənistanın demokratikləşməsi, beynəlxalq miqyasda nüfuzunun artması təbii ki, bizim maraqlarımıza uyğun deyil, amma bu amilin Azərbaycan iqtidarı üzərində psixoloji basqı yaradacağını da düşünürəm. Ölkəmizdə növbəti parlament seçkilərinin heç olmasa, nisbi demokratik şərtlərdə gerçəkləşməsi milli maraqlar baxımından həyati zərurət halına gəlib. Bunun əksi heç kimə xeyir gətirməyəcək: nə dövlətə, nə xalqa, nə də hökumətin özünə...

P.S. Ermənistan hadisələrində xarici amillərin rolu barədə növbəti yazıda.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu