Köləlik ağıları - Elçibəy yazı müsabiqəsi


Köləlik ağıları - Elçibəy yazı müsabiqəsi


Hekayə
(Demokratiya ağıları silsiləsindən)


Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz.
Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar.
Əbülfəz Elçibəy


İnsan kölə doğulmur.

Ancaq doğuluşa qədər o bir kölə idi – ana bətnində.

Doğulan kimi bizim analar onu əsgiyə bükür, sonra bələyir. Onun ikinci köləliyi bundan sonra başlayır.

Düşünürəm ki, analarımıza bu bələk məsələsini qadağan etməliyik. Bütün bəlalarımızın başında bu bələmək, bağlamaq dayanır. (Düzdür, bir həkim kimi deyə bilərəm ki, bunun tibbi əhəmiyyəti var: körpənin əl-ayağının düz olmasında bu bələk məsələsi gərəklidir. Amma başqa xalqlarda, xüsusən avropalılarda bələk deyilən şey yoxdur axı!..)

Bəlkə elə buna görədir ki, uzun illər rusun boyunduruğuna boyun əydik, farsın zülmünə dözdük. Hələ özümüzünküləri demirəm...

Onunla görüşdən sonra gəldiyim nəticələr bunlar idi.

Hər dəfə Onunla görüşəndə milli naqisliklərim üzə çıxırdı. Özümə acıyırdım. Nifrət edirdim. Mən nə qədər zəlil birisiyəmmiş?!

Belə-belə bir də baxdım ki, Onun kimi düşünməyə başlamışam. Onun kimi danışır, onun kimi mühakimə yürüdür, hətta Onun kimi qərar verirdim.
Dostlarımızın "Bəy” deyə müraciət etdiyi O adamla Baksovetdəki çayxanalrdan birində tanış etmişdilər məni...

***

İşlədiyim poliklinikanın baş həkimi rusdilli birisi idi. Bütün sənədləşmələr rus dilində aparılırdı, bu öz yerində, amma ən pisi o idi ki, burada hamı rusca danışırdı. Hətta rusca bilməyən pasiyenti ələ salır, lağa qoyur, bəzən ona baxmaq belə istəmirdilər. Əvvəllər bu mənə adi şey kimi gəlsə də, yavaş-yavaş hiss edirdim ki, bu amtimilli adamlara qarşı içimdə bir alov püskürməkdədir. Yaşlı bir həkimdən eşidəndə ki, Şıxəli Qurbanovu bizim poliklinikanın qonşuluğundakı poliklinikada bir diş iynəsi ilə öldürüblər, onda o alov lavaya döndü. Və bir gün o lava kükrəyib ağzımdan çıxdı, özümü də, digərlərini də qarsdı.

Gördüm ki, baş tibb bacısı köhnə-külüş geyimli yaşlı bir kişini itələyib dəhlizdən çölə saldı və arxasıncan da qışıqrdı:

-Uxadi atsuda! Çoban!

Mən onda kabinetimdən çıxıb bir ayağı çöldə, biri içəridə olan sallaqbığ kişinin qolundan tutdum, içəri çəkərək üzü qızarmış baş tibb bacısına sarı bağırdım:

-Utanmırsınız?! Bu adam çoban ola bilər, amma bu torpağın, bu ölkənin sahibidir o! Sən nə haqla onu təhqir edirsən?!

Və qocanı kabinetimə aparıb müayinə etdim...

Səhərisi baş həkim məni yanına çağırıb şəxsi işimə yazılmaqla töhmət elan etdi. Heç vecimə də almadım. Bəydən eşitdiyim bir aforizmi baş həkimə də söylədim:

-Həzrət Əli deyib ki, ədalət allahın tərəzisidir. Siz bir tibb bacısının əli ilə ədaləti yerlə bir etməyin.

O təəcüblə başını buladı:

-Kto takoy Hasratali?! On u nas rabotaet?

Mən başımı bulayıb kabineti tərk etdim.

Bir neçə ay sonra ölkədə mitinqlər başladı. Və mən o mitinqlərə həvəslə getdim.

Sonra mitinqlər bütün ölkəni bürüdü. Elə bil uzun illər susmuş bir vulkanın ağzı açılmışdı. İnsanlar heç kimin göstərişi olmadan axın-axın meydana gəlirdi.

Bir gün baş tibb bacısı kabinetimə gəlib məndən üzr istədi. Milli kimliyini anlamaqda ona yardımçı olduğuma görə təşəkkürünü bildirdi. Artıq baş tibb bacısı da, digər işçilərimiz də mənim kimi mitinqlərə qoşulmuşdu. Hətta baş həkim də dəyişmişdi. Daha mitinqə gedən işçilərlə işi olmurdu. Mənimlə isə iki əllə görüşürdü. Bəli, o "çoban”ın sayəsində biz öz mənimizi tapmışdıq.

...Lap sonralar, Gülhanədə mən bu söhbəti Bəyə danışanda içdən gülümüş, daxili bir rahatlıqla əlini çiynimə qoymuşdu:

-Sovet rejimi bir millət kimi bizim 70 ilimizi oğurladı. Amma bilmədi ki, biz bu illər ərzində milli varlığımızı qoruyan dilimizi o "çoban”ların hesabına saxlaya bildik. Bir də sənin kimi aydınlarımızın sayəsində! Mən sənin milli azadlıq hərəkatına qoşulduğuna təəccüblənmədim, o xanımın qoşulması isə bir möcüzədir... Demək, bizim istədiyimiz o möcüzə indi reallığa çevrilməkdədir... Zəncirlər qırılmışdı...

Sonra gözlərini qıyıb uzaqlara baxdı, gülümsündü.

-Köləni kölə edən qolundakı zəncir deyil ki... Kölə var ki, zənciri açsan, yenə kölə kimi qalacaq... Fil haqqında bir əhvalat var. Deyir qoca hindli bir gün nəhəng bir fili nazik bir iplə ağaca bağlayıb harasa gedir. Bir saat sonra geri dönəndə bir müdrik ondan soruşur: "Bu fil güc versə, o ipi qırar, çıxıb gedər. Amma etmir. Bunun səbəbi nədir?”

Hindli deyir: "Mən bu fili balaca vaxtından bu cür nazik iplə bağlayırdım. O da dartanda ip ayağını kəsirdi. Gördü ki, daha onu qıra bilmir, barışdı. İndi elə bilir ki, dartsa, yenə ayağını kəsəcək... Ona görə tərpənmir.”

Bəy bu kədərli əhvalatı danışanda mənə ağır təsir etdi. Özümü o filin yerinə qoydum. Hətta ayaqlarımda o ipin izlərini belə hiss etdim... Bəy isə danışır, danışırdı...

-...nağıllarımızı yadına sal: qəhrəmanlar, adətən kimlər olur? Keçəllər. Niyə? Səbəb o idi ki, xalq öz qəhrəmanını qrimləyirdi, maskalayırdı... Sanki belə edirdi ki, onları tanımasınlar. Sözünü o qədər də ciddiyə almasınlar. Təki sözün deyə bilsin. Hətta Novruz bayramının da qəhrəmanları Kosadır, Keçəldir. Uşaqlara qoşulub qapı-qapı gəzən bu bayram qəhrəmanları da maskalanmış, qrimlənmiş obrazlardır. Hələ belə ola-ola bu bayramı, bu bayramın obrazlarını qadağan eləmişdilər... Amma bir gün gələcək, o Keçəl təkcə elçi daşının üstündə oturub padşahın qızını istəməklə kifayətlənməyəcək, Koroğlunun atını oğurlasa da, sonra o atın üzəngisini basıb Koroğlunu əyləşdirəcək!.. Və bir gün gələcək, o Keçəllər əllərinə silah alıb Vətənin azadlığı uğrunda vuruşacaq!... Hər mifin, hər rəvayətin bir mənası var... Xalq nağıllarda böyük oğul, ortancıl oğul, kiçik oğul kimi ifadələri elə-belə yaratmayıb... İyirmi il sonra müharibə olacaqsa, xalqın intuisiyası bunu hiss edir... Təbii seçmə yolu ilə oğlan uşaqlarının sayı artır... Bu, xalq müdrikliyi, xalq hikmətidir...

-Bəy, bəs qul xislətlilər? Kölələr, yaltaqlar, rüşvətxorlar necə olur ki, sürətlə çoxalır? – Mən soruşuram və dərhal cavab gəlir:
-Bunun da mənası var. Bu gün zaman avaraların, qorxaqların, qulların zamanıdır... Xalq indi beləsini çox doğurur... Niyə? Çünkü özünü təmizləyir. O böyük, gələcək gün ki, var, bax o günə belələrini saxlamır, ifraz edir, üzr istəyirəm ifadəmə görə, içini artlayır... Amma o da həqiqətdir ki, köləliyi, qorxaqlığı həm daxildən, həm xaricdən körükləyənlər də var... Mən bir dəfə Amerikada bununla qarşılaşmışam...

***

O il kəndimizdə hamilə qadınlar doqquz oğlan, bir qız gətirdilər dünyaya. İndiki kimi aparata salıb cinsiyyəti bildirən qurğular barədə xəbər hələ bizim kənd-kəsəyə gəlib çıxmamışdı. Olsa da, kəndlinin başı təsərrüfatdan ayılırmı ki, belə işlər yadına düşə... Nəysə, bizim nəsildən də bir oğlan doğulmuşdu. Nənəm sevindiyindən şərbət çalıb imam ehsanı paylayırdı. Babam isə çubuğunu tüstülədə-tüstülədə fikrə getmişdi. Əmim sataşdı ona:

-Əşi, nədi, genə böhd aparıb səni? Odeee, haaa, arvadın şərbət paylıyır... Get bir istəkan da sən iç...

Babam sözlü-sözlü əmimə sarı dönüb barmağı ilə çubuğunun ağzına tənbəki basdı:

-Uzun saşdının ağlı olmaz deyiblər... O nə qanır?.. Bir ildə olan on uşağın doqquzu oğlandısa...

Daha heç nə demədi.

Bu olmuşdu 70-ci ilin başında. Və sonralar həmin uşaqların biri Daşaltıda, ikisi Şuşada, üçü də Qarabağın ayrı-ayrı cəbhələrində həlak oldular. Qalan üç nəfərin ikisi qoltuq ağacıynan qayıtdı davadan, biri də iki gözündən əlil oldu. Sonralar o kor döyüşçünü metrolarda dilənən görəndə elə bil başıma qaynar qazan tökürdülər. Daha sonra heç görmədim onu. Deyirdilər özünü asıbmış...

***
Bəyin xəstəliyi bizi üzürdü. Ən yaxın dostları onda sağalmaz dərdin aşkarlandığını bilsə də, özünə deməyə cəsarət etmirdilər. Sanki möcüzə gözəyirdi hamı.

Və qəfil eşitdik ki, Bəy okeanın o tayına – ABŞ-a getmək fikrindədir. Onun xəstə-xəstə bu uzun yola çıxması böyük risk idi. Amma nə edə bilərsən? Əsl həqiqəti deyə bilməyəcəksən. Əvəzində bütün arqumentlərin yetərsiz olacaq. Bəyi tanıyanlar yaxşı bilir: onu fikrindən döndərməkçün inandırıcı faktlar gətirməsən, özünü yormağa dəyməz. Bu çətin təbiətli adamı idarə etmək, inandından döndərmək müşkül məsələ idi.

Bununla bağlı yadıma bir əhvalat düşür. Bəy prezident olanda rusiyalı balıqçılar bizim sulara girib balıq tuturlar. Və sahil mühafizəçilərimiz onları həbs edir. Bir gün sonra Boris Yeltsin yüksək səs tonuyla telefonda deyir: "Tutduğunuz balıqçıları dərhal azad edin!”

Bəy soyuqqanlılıqla cavab verir: "Bunu köhnə dost kimi xahiş edirsiniz, ya Rusiya prezidenti kimi?” Yeltsin yenə ötkəm səslə deyir:”Rusiya prezidenti kimi!?”

Bəy də eyni ötkəmliliklə bildirir:

"Mən də sənə Azərbaycan prezidenti kimi deyirəm: balıqçıları buraxmayacağıq!”

Bir az sonra Yeltsin yenidən zəng vurur:

"Elçibəy, mən səndən köhnə dost kimi xahiş edirəm: balıqçıları azad edin.”

Elçibəy gülümsünür:

"Hə, biz indi onları azad adərik.”

Demək istəyirəm ki, Onunla təhdidlə, ötkəmliklə danışmaq mümkün deyildi. Bir çoxlarının düşündüyü kimi, o, nəinki qorxan deyildi, hətta mən deyərdim ki, bu hiss ona yad idi.

Başqa bir fakt da var ki, bunu mütləq deməliyəm: Bəyə aşağı şərtlərlə Beynəlxalq Neft müqavilələrinə imza atmağı həm xaricilər, həm də hərəkat yoldaşları tələb edəndə o buna qəti etiraz edərək demişdi:

"Xalqımın haqqına əl uzada bilmərəm. Çünki o pulda əlləri neft qoxuyan neftçilərimizin, ömrünü təhsilə sərf edən müəllimlərimizin, canını-qanını torpağa bağlayan əkinçilərimizin, 35-40 dərəcə istidə, 10 dərəcə soyuqda daş atıb bina hörən fəhlələrimizin haqqı var.”

Mən Elçibəyin daha bir xüsusiyyətindən söz açmağ istəyirəm. O, bir millətçi olsa da, təpədən dırnağa demokrat idi. Millətçiliklə demokratiyanın bir yerdə olması çətin görünə bilər, amma onda bunlar alınırdı. Ölümündən üç ay qabaq onun ABŞ-a, Türk yürüşünə qatılmağından söz açacaqdım axı...

***

Bəyi müşahidə edən şəxs – o, Türkiyə türkü idi - sonralar bizə bunları danışdı.

Vaşinqtonda yürüşdən qabaq planlaşdırılmayan – bəlkə də planlaşdırılmışdı, ancaq bu barədə kimsəyə məlumat verilməmişdi – bir görüş gerçəkləşdi. Bəyə bildirdilər ki, onu İrina Lasotanın mənzilində gözləyirlər. ( İrina Losota Polşa əsilli yəhudi idi. Varşavada FBİ-yə işlədiyi üçün KKB tərəfindən izlənmiş və sorğulanmışdı. İllər sonra Elçibəy haqqında "Elçibəy və demokratiya” adlı məqaləsində yazacaqdı: "Heç şübhə yoxdur ki, Əbülfəz Elçibəy sovet imperiyasında demokratik dəyişikliklər dövrünün yetirdiyi ən elitar və sayca çox az liderlər qrupuna mənsubdur, bu məkanda onun adı nəinki hər yerdə tanınır, həm də böyük bir əfsanəyə çevrilib.”)

Axşam "Connecticut” prospektində yerləşən həmin mənzilə getdik. Görüş saat 8-də başlamalı idi. İçəri yalnız Elçibəyi buraxdılar. Biz qapıdan içəri daxil olanları müşahidə edirdik. Onların içərisində prezident Klintonun Kipr üzrə xüsusi nümayəndəsi, bir zamanlar parçalanmış Almaniyanın birləşməsində mühüm rol oynamış, Azərbaycanda Milli Demokratiya İnstitutunun ofisinə rəhbərlik etmiş Nelson Ledskini xüsusi qeyd etməliyəm. Ledski ilə bərabər daha bir neçə yüksək vəzifəli şəxs mənzilə daxil oldu.

Burdan beləsini Bəyi müşayət edən adamın öz sözlərini dəyişmədən verməkdə fayda var:

"Təxminən iki və ya üç saat sonra Elçibəy mənzildən çıxdığında məclisin əvvəlində olduğu qədər sakit deyildi. Hətta əsəbi idi demək daha doğru olar. Bizim yanımıza gəldiyi zaman, o gözəl azəri ləhcəsiylə, "haydı uşaqlar, gedək” dedi. Nə baş verdiyini anlaya bilməmişdik, lakin bir şeyin tərs getdiyininin fərqindəydik. Avtomobilə mindikdən iki-üç dəqiqə sonra Bəydən bu barədə soruşduq. Elçibəy cavabında "Bunlar qul axtarır, məni heç kim qul edə bilməz” dediyində sanki soyuq bir duş qəbul etdim...”

***

Özümə yer tapa bilmirdim. Ankaradan bəd xəbərlər gəlirdi. Özü də Bakıda bəzi ağzıgöyçəklər bu bəd xəbərdən Bəyin əleyhinə istifadə etməyə çalışır, onu aşağılamağa cəhd edirdilər. Amma Bəyin ən aşağı yeri xalqın ürəyi idi. Onu ordan aşağı enən görmədim heç... Hə, bu üzücü xəbərlərə dözməyib Ankaraya yollandım. (Həkim intuisiyam pıçıldayırdı ki, əgər ora getməsəm, Bəyi bir daha görməyəcəm!..)

Gülhanədəki dostların köməyi ilə Bəylə görüşə bildim. Arıqlasa da, rəngi solsa da, çarəsiz dərd onun gümrahlığını və inamını qəti əskiltməmişdi. Xeyli söhbət etdik. Hərəkatdan, Heydər Əliyevdən, Bəyin qəfil Kələkiyə gedişindən, hətta bizim poliklinikadakı "çoban”dan da... Və könülsüz də olsa gülüşdük. Qəfil yadıma Bəyin ABŞ səfəri və oradakı dediyi cümlə düşdü. Ehtiyatla orada nə məsələ olduğunu soruşdum. Gözlərini qıyıb qırğı baxışları ilə içimə işləyən səslə dedi:

-Sən orada nə olduğunu boş ver, yaxşısı budur, de görüm, bizi yolumuzdan – demokratiya yolundan döndərə biləcəklərmi?! Müstəqilliyimizə xələl gələcəkmi?
-Demokratiyanı deyə bilmərəm, amma müstəqilliyimiz bu dəfə əbədi olacaq, - deyib artıq görüş vaxtının bitdiyini işarə ilə bildirən növbətçi tibb bacısına baxaraq ayağa qalxdım.

-Hə, hə, əsas müstəqillikdir... Demokratiyanı müstəqillik haçansa yerinə qaytaracaq... Sadəcə millət bir az əziyyət çəkəcək... Neynəməli, ağac da əziyyətsiz bar vermir... Demokratiya isə daha çox qurban tələb edir... Sokratdan üzübəri həmişə belə olub...

Sonra yenə əlini çiynimə qoydu. Nədənsə çiynimi sıxan barmaqlarının titrədiyini hiss edib kövrəldim. O bunu duyub dedi:

-Mən orda, Vaşinqtondakı qəbulda səndən, o "çoban” pasiyentindən də söz açmışdım... Demişdim ki, bizim millətin çobanı da, həkimi də meydanda rus tankının üstünə birgə yeridi. Rusun köləyə çevirə bilmədiyini siz heç edə bilməzsiniz!..

Bayırda yay havası olsa da Gülhanədən çıxanda soyuq sazaq sifətimə qırma kimi çırpıldı.

Azad Qaradərəli

Yazı "Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu