Prezidentlə görüşsəniz nə xahiş edərsiniz?- media əhlinin CAVABLARI

Xəbərin çap versiyası
Tarix: 12-03-2019, 13:52    |    Xəbər oxunub: 599 dəfə
Prezidentlə görüşsəniz nə xahiş edərsiniz?-


Prezident İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşündən sonra müxtəlif sahələrin insanları ilə təmasların davam edəcəyi bildirildi. Mədəniyyət və incəsənət xadimləri ilə görüş isə xüsusilə gündəm oldu. Bəzi xadimlərin cəsarətli çıxışı, təmsil etdikləri sahələr üzrə mövcud olan problemləri dilə gətirmələri və ölkə başçısının dərhal reaksiya verməsi rəğbətlə qarşılandı. Növbəti görüşlərdən biri media əhli ilə olacaq deyə söz-söhbətlər də yayılmaqdadır. Maraqlıdır, belə bir görüş olarsa jurnalistlər prezidentdən nə xahiş edərlər? AFN belə bir sualla media adamlarına müraciət edib.

Mia.az saytının redaktoru Zaur Əhməd prezidentlə görüş olarsa ora dəvət olunacağına inanmadığını dilə gətirdi: “İnanmadığım məsələlər barədə də düşünmürəm. Əgər belə bir hadisə olarsa, dəvət gələrsə, o zaman nə deyəcəyimi fikirləşərəm. Amma onu deyim ki, media ilə bağlı deyiləcək o qədər şey var ki... İqtisadi müstəqillik, reklam bazarı, şəffaf maliyyələşmə və digər çoxsaylı mələlər barədə təkliflərimiz, xahişlərimiz ola bilər. Əgər bizim ölkə başçısı ilə görüşdə iştirakımız baş tutarsa, həm cəmiyyətimiz həm mətbuatımız üçün müsbət nəticələr verəcək məsələlər barədə danışa bilərik”.

Qaynarinfo.az portalının baş redaktoru Zahir Əzəmət bildirdi ki, prezidentin mədəniyyət xadimlərinin problem və qayğılarına həmişə diqqətlə və həssas yanaşması təqdirəlayiq haldır: “Biz balaca ölkəyik, amma zəngin təbii sərvətlərimiz var. Ona görə də dövlətin hər zaman sosialyönümlü olması təbiidir. İndiyə qədər yüzlərlə mədəniyyət adamına dövlət tərəfindən mənzillər hədiyyə olunub, təqaüdlər ayrılıb. Bunu alqışlayırıq. Amma hesab edirəm ki, bir çox problemlərin sistemli həlli lazımdır. Prezidentlə ziyalıların hər görüşündə əsasən sosail məsələlərin önə çıxması da onu göstərir ki, köklü yanaşma lazımdır. Elə Prezident də öz giriş nitqində bunu vurğuladı. Dövlət başçısı çıxışında indiyə qədər edilən işləri vurğuladı və açıq şəkildə bildirdi ki, bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Prezidentin çıxışından sitat gətirmək istəyirəm: "...Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz". Gördüyümüz kimi, Prezidentin ortaya qoyduğu suallar başqa idi, amma daha çox şəxsi və sosial xahişlərlə üz-üzə qaldı. Mədəniyyət xadimləri ilə keçirilən görüş ilə bağlı vacib bir məqamı da qeyd etmək istərdim. İştirakçıların tam tərkibini bilmirəm. Əsasən çıxışçılara baxanda, tərkibin hələ də sovet dövründə formalaşan ziyalılar ilə formalaşdığını görürük. Əlbəttə, onlar da xalqın mədəni sərvətləridir. Amma biz axı müstəqilliyimizi dünən əldə etməmişik. Artıq az sonra müstəqilliyin 30 illiyini qeyd edəcəyik. Bəs hanı müstəqil Azərbaycanın ziyalıları? Hanı müstəqil Azərbaycanın mədəni irsinin formalaşması üçün bu 30 ildə dövlətdən heç bir dəstək almadan təmənnasız iş görən insanlar? Onlar niyə dövlət tərəfindən qəbul olunmur? Məncə, növbəti görüşlər olacaqsa, bu tərkibi formalaşdıran səlahiyyətli şəxslər dediyim nüansa mütləq diqqət ayırmalıdır. İkinci məsələ isə odur ki, Prezidentin də dediyi kimi, mütləq sistem yaradılmalıdır. Mədəniyyətin çoxşaxəli inkişafı üçün hamını sovetlərdə olduğu kimi bir damın - Yazılar Birliyi, Bəstəkarlar İttifaqı və s. altına yığmaq doğru deyil. Alternativ qurumların yaranması, qeydiyyata alınması və dəstəklənməsi üçün qanunlar hazırlanmalıdır. 3-4 nəfərə mənzil, təqaüd ayırmaqla sosial problemlər həll olunmayacaq. Təkcə mədəniyyət xadimlərinin və ya idmançıların yox, elə bütün ölkə vətəndaşlarının mənzil probleminin həll olunması üçün İpoteka Fondunun fəaliyyəti şəffaflaşdırılsın, faizlər, məsələn, Qzaxıstanda olduğu kimi 1-3 faiz arasında olsun. Yeni yaradılan Kirayə mənzil fondunun işinin sağlam qurulması üçün addımlar atılsın. Prezidentin özü də çıxışında vurğuladığı kimi, özəl sektorun da mədəniyyətə sponsorluq etməsi stimullaşdırılsın. Onlar bu sahəyə bəlli səviyyədə yatırım edəcəkləri halda vergi güzəştləri əldə etməlidir. O zaman dövlətin də yükü azalar. Ən sonda, ölkədə biznes kreditlərinin faizləri də 1-3 faizə qədər endirilməli, prosesin şəffaf getməsinə nəzarət edilməlidir. Məsələn, Beynəlxaql Bankla bağlı qalmaqaldan gördüyümüz kimi, hansısa oliqarxlar 100-300 milyonluq kreditlər götürdüyü halda, adi vətəndaş öz biznes ideyalarını həyata keçirmək üçün 5 min kredit ala bilmir. Ondan o qədər girov və ya sənədlər istəyirlər ki... Uzun sözün qısası, bir məsəldə deyildiyi kimi, insanlara balıq bağışlamaq yox, balıq tutmaq üçün şəraitin qurulması daha sistemli həll yolu olardı”.

“Yeniçağ.az” portalının baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, belə görüşlər üçün “xüsusi heyət” var: “Mən inanmıram ki, oradakı kimsə öz yerindən imtina edib, yerini müstəqil gənclərə versin. Bu səbəbdən də, belə bir görüşdə ancaq çox geniş formatda keçirilərsə, iştirakımızı mümkün sayıram, əks halda imkansızdır. Prezidentdən nə xahiş edərəm? Öncəliklə, evsizləri, ev şəraiti olmayanları sevindirdiyi, xalqın içinə enərək, insanların dərdi ilə şəxsən tanış olduğu üçün təşəkkür edər, daha sonra reklam bazarından müstəqil medianın da pay almasına imkan yaradılmasını, dövlət qurumlarının sosial reklamları ədalətli bir şəkildə, mətbuat xidmətlərinin rəhbərlərinin dost-tanışına deyil, intetnet mediada real gücü, oxucusu olan saytlar arasında bölünməsinə göstəriş verməsini, dövlətin mətbuata ianə verməsini dayandırmasını, tam əksinə, reklam bazarında monopoliyaya son qoyaraq, bazardakı gücünə görə hər kəsin qazanc sahibi olmasına şərait yaratmasını xahiş edərdim. Görüşə gedəcəklərin siyahısını tutanlar belə birini niyə o görüşə dəvət etsin sizcə?”

Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu bildirdi ki, prezidentlə görüşmək imkanı olsa Qarabağ əlillərinin bir sıra problemlərini dilə gətirərdi: “Bir də Qarabağın azd edilməsi üçün müharibəyə başlamasını xahiş edərdim!”

7news.az saytının baş redaktoru Səbuhi Abbasovun sözlərinə görə, media ilə görüş tək media problemləri ilə bağlı olmamalıdır: “Çünki cəmiyyəti narahat edən bir sıra problemlər var ki, onları ilk öncə qabartmaq lazımdır. Düzdür, cənab prezident ciddi qərarlar verdi, ən ağır problemlərdən olan problemli kreditlər məsələsi həllini tapdı. Media ilə bağlı nə deyəcəyimizə gəlincə, təbii ki, hazırda gündəmdə olan əsas məsələ internet media mövzusudur. Düşünürəm ki, Azərbaycanda internet media ilə bağlı bir yol xəritəsi hazırlanmalıdır. Çünki bizim dünyayla ayaqlaşmağımızın ən vacib şərtlərindən biri bu sahənin inkişafıdır. Digər toxunacağımız məsələ xüsusilə regionlarda gənclərin işsizlik problemidir. Gənclərimizi çayxanalardan çıxarmaq lazımdır. Kənd rayonlarında yaşayan gənclərimizi təsərrüfatla məşğul olmağa sövq etmək üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. Səhiyyə ilə bağlı məsələni qaldırmaq olar. Bilirsiniz ki, Azərbaycanda səhiyyə bərbad gündədir. Başqa bir məsələ təhsillə bağlıdır. Hansı ki, minlərlə gəncimiz təhsil üçün xarici ölkələrə üz tutur. Bunun da səbəbi ölkədə təhsilin səviyyəsinin aşağı olması ilə bağlıdır”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev hesab edir ki, prezidentlə görüşdə şəxsi mənada xahişlər düzgün olmazdı: “Bəzən insan prezidentlə xəyali söhbət edir. Bu gün sevindirici haldır ki, bu xəyallar reallığa çevrilir. İnsanlar birbaşa prezidentlə görüşə, arzularını, istəklərini, xahişlərini canlı çatdıra bilirlər. İndi siz fikirləşin ki, hər kəs birbaşa prezidentlə təmasda olursa, artıq onun arxasında bir dəmir əl var. Necə ki, uşaq atasının əlini öz kürəyində hiss edəndə özünü hamıdan güclü sayır, indi hər bir vətəndaş ölkə başçısının dəmir əlini öz arxasında hiss edir. Mən prezidentdən onu xahiş edərdim ki, bax bu təmas, birbaşa ünsiyyət davamlı olsun və genişlənsin. Necə ki, vətəndaşlar özünü güclü hiss edir, eləcə də cənab prezident öz vətəndaşından güc alır. Xalqımızın rifahı naminə, sosial problemlərin həlli, ədalətli hökmlərin verilməsi naminə bu iki güc birlikdə olsun. Mənim cənab prezidentdən xahişim bu olardı ki, bu təması xalqdan əsirgəməsin. Fərdi problemdən çox mən dövlətimizin problemlərinin həlli yolunda cənab prezidentə dəstək olmağı həm xalqımızdan xahiş edərdim, həm də dövlət başçısının diqqətinə bu problemləri çatdırardım. Cənab prezident özü də bəyan etdi ki, mənim xarici siyasətimin əsasında milli maraqlar dayanır və bu siyasət milli maraqların diqtə etdiyi formada aparılır. Əgər dövlətdə sabitlik olsa inkişaf olacaq, insanlar mehriban yaşayacaq. Əlverişli biznes mühiti, iş mühiti olsa, insanlar o mühitdə özləri yaşayışını quracaqlar. Amma vay o gündən ki, o mühit olmasın, sabitlik olmasın, onda artıq 1990-cı illərin əvvəllərindəki kimi gələcəyə inam itəcək. Ona görə də hər iki tərəfdən bu sabitliyi qoruyub saxlamağı xahiş edərdim”.

Media məsələləri üzrə ekspert Azər Həsrət belə bir görüşün olmasını bir media təmsilçisi olaraq arzu etdiyini bildirdi: “Əvvəllər də belə görüşlər keçirilib, bəzən dar çərçivədə, bəzən geniş kontingentlə. Açığını deyim ki, o görüşlərin təəssüratı uzun müddətdir ki, mənim yadımdan çıxmır. Çünki cənab prezident o görüşdə bizim özümüzü sərbəst hiss etməyimizə, bizi narahat edən məsələləri diqqətinə çatdırmağımıza maksimum şərait yaradıb. Olduqca səmimi bir ortamda görüşlər keçirilib, biz sözümüzü demişik. Yeni şəraitdə görüş olarsa əlbəttə ki, konkret olaraq media sahəsində xahiş edəcəyimiz məsələ Azərbaycanda sərbəst medianın fəaliyyətinin davam etdirilməsi üçün cənab prezidentin əvvəlki kimi təminatçı rolunda çıxış etməsinin bundan sonra da davam etməsi olar. Bilirsiniz ki, bizim arxamızda həmişə cənab prezident durub, bundan sonra da o bu dəstəyini davam etdirsin. Ümumilikdə isə mən düşünürəm ki, Azərbaycanın ən ümdə problemi işğal altındakı torpaqların geri qaytarılmasıdır. Mən o görüşdə iştirak etsəm, yaxud da fürsət düşsə, cənab prezidentdən xahiş edərəm ki, ictimai rəyi də nəzərə alaraq, bütün dünyaya mesaj olacaq 1 milyonluq mitinqin təşkilinə qərar versin. Mən düşünürəm ki, Azərbaycan xalqı nəhayət ki, ayağa qalxıb bu iradəni nümayiş etdirməli, bunun ardınca da dövlətimizin gücündən istifadə edərək o torpaqları azad etməliyik”.

AFN-in baş redaktoru Səbuhi Qafarov da bildirdi ki, ilk öncə işğal altında olan torpaqlarımızın qaytarılması üçün müharibə qərarının verilməsini xahiş edər: “Görüşdə iştirak edərəmsə təbii ilk istəyim müharibə qərarı olar. Çünki tarix də göstərir ki, bizdən alınan torpaqlar müharibəsiz geri qaytarılmayıb. Media üçün nə istəyərəm sualına gəlincə, ən birinci reklam bazarının media üçün açıq olmasını xahiş edərəm. Şəxsən mən hansı şirkətə reklam üçün müraciət etsəm ordan belə bir cavab alıram ki, İctimai-siyasi şöbədən sizə yaşıl işıq yoxdur. Sözün düzü, əvvəllər bunu bir bəhanə hesab edirdim, lakin sonrakı araşdırmalarımda məlum oldu ki, həqiqətən də adıçəkilən şöbənin dəstəklədiyi KİV-lərə münasibət başqadır, dəstəkləmədiklərinə başqa. Ona görə də cənab Prezidentdən ilk növbədə bu “buxovun” sındırılmasını xahiş edərdim. Daha sonra isə mənim istədiyim yazılı KİV-in, yəni qəzet və jurnallların ayaqda qalmasına dəstək olar. Hər nə qədər internet media operativ olsa da, yazılı KİV-in öz yeri var, qəzet, jurnal arxivdir, bizdən sonrakı nəsillər üçün mənbədir. Məncə, bu sahənin məhv olması arzuolunan deyil. Lakin təbii ki, belə bir görüşdə bizim iştirak etməyimizə əngəl olacaq çox adamlar var”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur