Azərbaycanda mühüm siyasi dəyişikliklər olacaq: Referendum, proporsional seçki sistemi, parlament üsul-idarəsi...


Azərbaycanda mühüm siyasi dəyişikliklər olacaq:


Azərbaycanda siyasi islahatların yeni dalğası gəlir. Son günlər hakimiyyətə yaxın mənbələrin verdiyi açıqlamalar ölkənin siyasi gündəminin tezliklə mühüm proseslərə şahidlik edəcəyindən xəbər verir.



Dəyişikliklər barədə ilk məlumat Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı tərəfindən açıqlanıb: “Ölkənin gələcək inkişafında mühüm rol oynaya biləcək çox ciddi hadisələr baş verə bilər. Ola bilsin ki, mən belə güman edirəm, Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum keçirilsin”.

Azərbaycanda mühüm siyasi dəyişikliklər olacaq:


F.Ağamalının sözlərinə görə, hazırda müzakirə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi ilə bağlıdır: “Yəni majoritar və proporsional seçki sistemi birlikdə tətbiq ediləcək. Bu ideyanın ardıcıl tərəfdarlarından biri də mənəm. Bu, partiyaların siyasi sistemdə yerini və rolunu gücləndirə bilər. Seçkidən sonra hər bir partiya biləcək ki, cəmiyyətdəki gücü nədən ibarətdir”(Pravda.az).
Qeyd edək ki, Milli Məclisin yeni tərkibi formalaşdırıldıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların nümayəndələri Prezident Administrasiyasına dəvət olunaraq müzakirələr aparılır. Ölkə prezidenti İlham Əliyev Milli Məclisin yeni tərkibdə ilk iclasındakı çıxışında bu görüşlər barədə danışıb, bildirib ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır.
Gözlənilən dəyişikliklərlə bağlı məlumatlar isə kifayət qədər fərqlidir. Bu məlumatlar arasında referendum keçirilməsi, Milli Məclisə seçkilərin qarışıq sisteminin tətbiqindən əlavə, Seçki Məcəlləsinin tamamilə yenilənməsi, Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması, Bakı Böyük şəhər bələdiyyəsinin formalaşdırılması, Nazirlər Kabinetinin ləğvi və parlamentli respublikaya keçid kimi variantlar yer alır. Müxtəlif mənbələr yaxın aylarda Azərbaycanda dövlət quruluşunun tam fərqli formatının formalaşdırılmasına başlanacağını iddia edirlər.

Azərbaycanda mühüm siyasi dəyişikliklər olacaq:


Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn hesab edir ki, Azərbaycanda Konstitusiya dəyişikliyi zərurəti yaranıb: “Referendumla bağlı yayılan söhbətlərlə əlaqədər nəzərə alınmalıdır ki, bu həm də Konstitusiyada ziddiyyətləri aradan qaldırmaq zərurəti ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin tələbləri ilə növbədənkənar seçkilər və ondan sonrakı vəziyyət ziddiyyət yaradıb.
Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti
...II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir... və b.
Növbədənkənar seçkilər məsələsini Konstitusiyaya salanda bunu unudublar”.
Partiya sədrinin fikrincə, artıq Azərbaycanda yeni Konstitusiyaya ehtiyac var: “Bu, aydın məsələdir: seçki sistemi- proporsional seçki sistemi, idarəçilik - parlamentə hesabatlı hökumət, siyasi partiyalar, sosial dövlətlə bağlı və s. müddəalar yenidən işlənməlidir”.

Azərbaycanda mühüm siyasi dəyişikliklər olacaq:


İqtisadçı-ekspert Rövşən Ağayev Bakıda bələdiyyə institutunun yaradılması barədə məlumatı şərh edərkən məsələyə kompleks yanaşılmasının gərəkdiyini bildirir: “Gözlənilən referendumla bağlı daxildə olan müzakirələrdən əldə etdiyim bilgilərdən biri budur ki, Bakıda seçkili institut yardılır, mer seçkiləri keçirilir.
Lakin məsələnin kompleks həllinə ehiyac var - yerli özünüidarə sisteminin mövcud konstitusion əsaslarının kökündən dəyişdirilməsi çox önəmlidir. Azərbaycanda yerli idarəetmə sistemi kimi yalnız seçkili orqanlar saxlanmalıdır”.
Ekspert Azərbaycanda bələdiyyələrə ən azı Rusiyadakı qədər səlahiyyət verilməsini mümkün sayır: “Rusiyadakı yerli özünüidarənin xeyli sosial-iqtisadi sahədə səlahiyyətləri, maliyyə avtonomiyası var. Rusiyada ümumi siyasi hüquqların məhdudluğu var, bu artıq bələdiyyə institutunun boyunu aşan məsələdir. Mən razıyam, bizdə indiki şəraitdə hakmiyyət bölgələrə elə Rusiyadakı yerli özünüidarənin səlahiyyətlərini və maliyyə imkanlarını versin”.

Azərbaycanda mühüm siyasi dəyişikliklər olacaq:


Prezidentin keçmiş köməkçisi, politoloq Eldar Namazov isə moderator.az-a deyib ki, referendum keçirilməsi ehtimalı yüksəkdir: “Bu yeniliklər təkcə parlamentlə bağlı deyil. Bilirsiniz ki, bu yeniliklərlə paralel olaraq Prezident Administrasiyasının Siyasi partiyalarla iş və qanunvericilik şöbəsi də ölkədəki partiya rəhbərlərini dəvət edib onlarla görüşlər keçirir, müzakirələr aparır.
Ölkədəki siyasi dəyişikliklər təkcə parlamentlə məhdudlaşmır, daha geniş bir prosesdir. Siyasi partiya nümayəndələri ilə görüşlərin keçirilməsi də bir yenilik idi və cəmiyyətdə kifayət qədər müzakirə predmeti oldu. Uzun illərdir müxalifət partiyaları ilə hakimiyyət arasında heç bir faktiki dialoq mövcud olmayıb. Lakin indi bu, adi hala çevrilir. Bu proses cəmiyyət tərəfindən fövqəladə bir hadisə kimi yox, normal siyasi proseslər kimi qəbul edilməyə başlayıb. Əslində bu, belə də olmalıdır və çox müsbət haldır. Parlamentdəki yeniliklərə də bu görüşlərin davamı kimi baxmaq lazımdır və əsas diqqət prezidentin parlamentin ilk iclasında verdiyi mesajlara yönəlməlidir. Burada ilk növbədə Azərbaycan prezidentinin Milli Məclisdəki çıxışına diqqət yetirmək lazımdır. Prezident İlham Əliyev açıq söylədi ki, ölkədə güclü çoxpartiyalı siyasi sistem formalaşmalıdır. Bununla bağlı müəyyən addımlar da atıldığını, siyasi partiyalarla görüşləri xatırlatdı və qeyd etdi ki, bunlarla bağlı ona müntəzəm məruzələr edilir. Parlamentdəki dəyişikliklə bağlı da öz fikirlərini bildirdi və bir daha dedi ki, Azərbaycanda çoxpartiyalı sistem qurulmalıdır. Düşünürəm ki, prezident açıq mesaj verdi ki, bu sistemi qurmaq üçün ona müəyyən kriteriyalar, siyasi instrumentlər lazımdır və bu, hələ formalaşmayıb. Dövlət başçısı bu mövzunu ictimai diskussiyanın öhdəliyinə buraxdı. Bu, gələcəkdə Azərbaycanda yeni seçki sisteminin formalaşdırılması zərurətindən xəbər verir. Mən hesab edirəm ki, bu kriteriyalar haqqında prezident mesaj verərkən ən yaxşı instrument elə parlament seçkilərində proporsional sistemin bərpa olunmasıdır. Söhbət tamamilə bu sistemə keçiddən yox, majoritarla proporsional sistemin qarışığı olan bir formatdan getməlidir. Prezidentin çıxışından da bu nəticəyə gəlmək olar. Çünki məhz proporsional sistemdə partiyaların real gücü ortaya çıxır, güclər nisbəti məlum olur və buna uyğun olaraq da partiyalar Milli Məclisdə təmsil olunurlar. Burada həm instrumentariya aydın olur, həm kriteriyalar müəyyənləşir. Mənim fikrimcə, burada ən efferktiv üsul proporsional seçki sisteminin bərpası və majoritar sistemlə birgə qarışıq seçki sisteminin yaradılmasıdır”.

AFN-in Siyasət şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu