Ekspert “Ceyşullah”ın Azərbaycan uzantısından danışdı


“Bu terror qruplaşması ilkin olaraq küfrlə məşğul olanlarla mübarizə adı altında cəlb edirlər”…

“Ceyşullah” terror təşkilatının adı Azərbaycanda səs-küylü cinayət işlərində keçib.

AFN xəbər verir ki, “Yeni Müsavat” əməkdaşı azərbaycanlıların beynəlxalq terror şəbəkələrinə üz tutmasının səbəbləri haqda deputat, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyevın fikirlərini öyrənib.
Ekspert deyib ki, beynəlxalq terror təşkilatları şirin vədlər verməklə, dini baxışlardan istifadə etməklə, əsasən normal hərbi hissələrdə qulluq etmiş kontingentə maraq göstərir. Məram və məqsəd gələcəkdə bu adamlardan terrorda istifadə etməkdir:
“Başlayırlar belə adamlarla işləməyə və cəlb etməyə. Cəlbetmənin bir neçə metodu var. Əsas istifadə etdikləri ideyadır. İlk olaraq islami dəyərlərdən istifadə edirlər və cəlb etdikdən sonra şəxsin baxışlarının radikallaşdırılması üçün addımlar atılır.

“Ceyşullah”çılar vaxtilə Qaradağ rayonu ərazisində fəaliyyətdə olub. Bu terror qruplaşması ilkin olaraq küfrlə məşğul olanlarla mübarizə adı altında cəlb edirlər. Cadugərləri, ekstrasensləri öldürmək kimi məramları var. Vaxtilə Azərbaycanda cadugər və ekstrasens adı ilə fəaliyyət göstərənlərin olması bunlara geniş meydan açmışdı. Məşhur ekstrasens Etibar Erkinin işində də “Ceyşullah” izi vardı. Qətldə çeçen səhra komandiri Xəttabın aşbazının da iştirak etmişdi. Bunlar özləri deyir ki, Allahın yolundan çıxanlara qarşı cihad elan ediblər. Əslində isə adları nə olmasından asılı olmayaraq bu tip terror təşkilatları eyni mərkəzdən idarə olunurlar. İstər adı İŞİD olsun, istərsə də “Ceyşullah” olsun, fərq etmir, adları dəyişir amma mahiyyətləri dəyişmir. Məram və məqsədləri radikal işlər görməkdir. Bunlar maarifçi islamdan uzaqdırlar, radikalizmlə məşğuldurlar”.

Ekspert deyir ki, bu gün “Ceyşullah” Azərbaycan üçün təhlükəli deyil:
“Düşünmürəm ki, bu gün “Ceyşullah” və digər bu tipli təşkilatlar ölkə üçün təhdid yaradırlar. Qanunvericilikdə olan dəyişikliklər, əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, eyni zamanda Dini Qurumlarla iş üzrə Komitə. Qafqaz Müsəlmanları İdarələri tərəfindən aparılan təbliğat-təşviqat işləri güclənib. Terror təşkilatlarının maddi maraqları olur. Bu gün düşünmürəm ki, belə təşkilatlardan ölkəmizə qarşı istifadə etmək üçün ciddi əsas var”.
Ekspert deyir ki, cəlbetmə əsasən gecə saatlarında, insanların yorğun, ac, işsiz olduğu zamanlarda baş tutur: “Məsələn məscidin yaxınlığındakı mağazanın sahibi pulsuz çörək paylayırdı. Gün ərzində maksimum 20-30 manatlıq çörək paylamaqla sıralarını genişləndirməyə nail olurdular. Bundan başqa yorğun, yuxusuz, ac, işsiz insanlar onların torlarına daha tez düşür. Məsələn gecə yarısı kompüter qarşısında əyləşən şəxsi cəlb etmək daha çox yayılmış praktikadır. Və ya 5-6 nəfəri turist kimi dağlara gəzintiyə aparırlar. Yorğun olub oturanda söhbətə başlayır, istədikləri şəxsi qruplaşmaya cəlb etməyə çalışırlar. İdmançılara çox girişirlər, saqqalla tatamiyə çıxmağa səsləyirlər. Baş tutursa, deyirlər ki, ananıza deyin niqab, çadra geyinsin. Ana bunu etməsə, hətta anasına qarşı da çıxarırlar”.

Ekspert bu gün Azərbaycanda belə qrupların müxtəlif adlar altında fəaliyyət göstərə biləcəklərini də istisna etmir:
“Ad məsələsi simvolikdir. “Ceyşullah”da ola bilər, bir başqa adda da ola bilərlər. Yəni əsas adları deyil, gördükləri işlərdir”.
Ekspert deyir ki, əməliyyat şəraitinə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çox yaxşı nəzarət olunur: “Ötən illərlə müqayisədə terrorun təhlükə səviyyəsi Azərbaycanda xeyli aşağı düşüb. Ancaq erməni terrorizmi hər zaman baş qaldıra bilər. 150 ildir ki, hədəfdə Türkiyə və Azərbaycan gəlir. Bütün bunlar sülhə maneədir. Buna da nəzarət olunur. Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulub. Ölkəmiz terrorçuluqla mübarizədə öz töhfələrini verir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu