“Azərbaycan hücum əməliyyatlarını davam etdirəcək” - Fəzail Ağamalı


Ötən gecə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı danışıqları nəticəsində iki ölkə arasında humanitar atəşkəs elan edilib. Bu razılaşma döyüş meydanında qalan cəsədlərin və yaralıların döyüş bölgəsindən çıxarılması, əsirlərin dəyişdirilməsi məqsədini daşıyır. Lakin humanitar atəşkəsin mahiyyətini tam şəkildə bilməyənlər mövcud qərarı birmənalı qarşılamayıb. Belə ki, onlar tərəfindən artıq sosial şəbəkələrdə müharibənin başa çatdığı və sülh danışıqlarının olacağı barədə fikirlər səsləndirilib.



Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Yenisabah.az-a açıqlamasında bildirib ki, bu, atəşkəs rejimi deyil və müvəqqəti xarakter daşıyır: “Bu, humanitar xarakter daşıyır. Razılaşma döyüş bölgəsindəki yaralıları və ölənlərin meyidini çıxartmaq niyyəti ilə imzalanıb. Bu proses Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin nəzarəti altında həyata keçiriləcəkdir. Bütövlükdə atəşkəs rejiminin tətbiq olunması anlamına gəlmir. Bunu dünən ölkə başçısı Azərbaycan xalqına müraciətində birmənalı şəkildə önə çəkdi. Ermənistana vurulmuş zərbələrin üzərində dayandı. Məlum oldu ki, Azərbaycanın qəhrəman, igid əsgərləri işğalçı Ermənistana çox sarsıdıcı və ölümcül zərbələr vurubdur. Bunu bizim vətəndaşlarımız kanallarda verilən rəsmi məlumatlarda da aydın görürlər. Ona görə də bu məsələ ilə bağlı hər hansı narahatlıq keçirməyə ehtiyac yoxdur. Dəyərli soydaşlarımız ölkə başçısının dünənki çıxışını diqqətlə dinləsinlər. Orada deyilməli olan hər şey deyilib. Əgər Ermənistan Prezidentin dediyi kimi, ona verilən son şansdan istifadə eləməsə, yəni dərhal qeyd-şərtsiz özünün silahlı qüvvələrini, işğalçı ordusunun tör-töküntülərini Azərbaycandan çıxarmasa, heç şübhəsiz ki, Azərbaycan hücum əməliyyatlarını davam etdirəcək. Mənə və digərlərinə də bəllidir ki, döyüş meydanında şəhid olanlarımız var, onların içərisində mənim də qohumum var və onların cəsədini bölgə atəş altında olduğu üçün oradan götürmək mümkün olmur. Bu səbəblə biz humanist xarakter daşıyan imkandan istifadə edib döyüş meydanından şəhidlərimizi çıxarmalıyıq. Təbii ki, ermənilər də mundar olan meyitlərini oradan çıxarmalıdırlar. Atəşkəs bu məqsədi daşıyır”.

Fəzail Ağamalı Azərbaycan Ordusunun sonadək gedəcəyini və qələbə çalacağını vurğulayıb: “Bunun ikinci tərəfi yoxdur. Torpaqlarımızın bir qarışı belə ermənilərdə qalmayacaq. Əgər ermənilər torpağımızdan çıxmasa, onun son əsgərinin meyidi də Azərbaycan ərazisində qalacaq. Buna qətiyyən şübhə etmək lazım deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu