İsrailin kəşfiyyat üzrə naziri: "Azərbaycan bizim mühüm geosiyasi və geostrateji tərəfdaşımızdır"


Azərbaycan həm geosiyasi, həm də strateji baxımdan İsrail Dövlətinin mühüm strateji tərəfdaşıdır.



AZƏRTAC xəbər verir ki, İsrail Dövlətinin kəşfiyyat üzrə naziri Eli Koen bu fikri İsraildə Azərbaycan diaspor təşkilatının - “İsraildə Azərbaycan Evi”nin nümayəndələri ilə Knessetdə görüşündə səsləndirib.

İsrail nazirinin sözlərinə görə, İsrail Dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hörmət edir. O deyib: “Gələn il biz dövlətlərarası münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin bu uğurlu illəri ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan multikultural dövlət arasında strateji münasibətlərin mühümlüyü və böyük əhəmiyyəti sübut edilib. Bizim dost dövlətlər həqiqətən əsl və etibarlı strateji tərəfdaşlar kimi əməkdaşlıq edirlər və biz həmişə bir-birimizin yanında, çiyin-çiyinə olmuşuq. Avrasiyada heç bir ölkə İsraillə Azərbaycan qədər sıx və ya səmimi əlaqələrə malik deyil”.

Görüşdə çıxış edən “İsraildə Azərbaycan Evi”nin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru Arye Qut vurğulayıb ki, Azərbaycan İsrailin Cənubi Qafqazda strateji tərəfdaşıdır və Azərbaycan İsrail ilə hərbi-strateji tərəfdaşlıqdan bütün mümkün texnoloji üstünlüklər qazanır ki, postsovet məkanında heç bir başqa ölkə bu üstünlükləri əldə etmir.

A.Qut deyib: “Bu, bizim dostluq və tərəfdaşlığımızı heç cür gözü götürməyən qüvvələrə real və həqiqi cavabdır. Strateji xarakter daşıyan İsrail-Azərbaycan dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə olub və olacaq. Bu gün, 44 günlük hərbi əməliyyatlardan, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğaldan azad ediləndən sonra Azərbaycanın dünyada hərbi-siyasi və geosiyasi rolu artıb. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti, uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində Azərbaycan regionun ən güclü geosiyasi mərkəzinə və liderinə çevrilib ki, dünyanın Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionunda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll edilə bilməz. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan göstərdi ki, bu dövlət Cənubi Qafqazda texnoloji cəhətdən daha yaxşı təchiz edilmiş, hərbi baxımdan çəkisi olan ölkədir”.

“İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli Azərbaycan dövlətinin multikulturalizmindən və tolerantlığından danışıb. O deyib: “Mən tam əminəm ki, Azərbaycan və yəhudi xalqları arasında insani münasibətlər körpüsü İsrail-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xüsusi və həyati vacib rol oynayırlar. Bu münasibətlərin yaxın tarixinə nəzər salsaq, görərik ki, bizim bugünkü reallıq faktiki olaraq həmin münasibətləri əks etdirir. Bu gün azərbaycanlı köklərə malik israillilər artıq uzun illərdir ki, iki dövlət arasında dostluq və qardaşlığın, həmçinin Azərbaycan ilə İsrail arasında iqtisadi və geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edirlər. Yəhudi xalqı heç vaxt Azərbaycanda təqibə, təhqirə, alçaldılmağa, talana və antisemit hərəkətlərə məruz qalmayıb. Biz xatırlayırıq ki, İkinci Dünya müharibəsi illərində 20 min yəhudi məhz Azərbaycanda səmimi qəbul edilib, bu ölkədə ikinci evlərini taparaq xilas olublar. Yəhudilər qədirbilən xalqdır, biz Azərbaycanda yəhudilərə xoş və dost münasibəti xatırlayırıq. 2016-cı ilin Aprel döyüşlərində də, İkinci Qarabağ müharibəsində də, əgər həqiqətən zərurət yaransaydı, biz o halda Azərbaycanı müdafiə etməyə yollanardıq”.

Nazir Eli Koen görüşə görə Azərbaycan diasporu nümayəndələrinə təşəkkür edərək bildirib ki, rəsmi Bakının İsraildə diplomatik nümayəndəliyinin hələ açılmamasına baxmayaraq, Azərbaycan hökuməti müntəzəm olaraq İsrailə rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində, Bakıda daha çox israilli qonaqları qəbul edir. İsrailli nazir deyib: “Pandemiyaya baxmayaraq, İsraillə iqtisadi əlaqələrin genişlənməsinin davam etməsini, Azərbaycan neftinin alınmasını və Azərbaycan iqtisadiyyatına və kənd təsərrüfatına İsrail investisiyasının yatırılmasını nəzərə alsaq, bu, əlamətdar haldır.

Öz növbəsində, Azərbaycana kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyalarda müasir yüksək texnologiyalar zəruridir. Bu siyahını davam etdirmək olar. Eyni zamanda, ölkələr təhsil, humanitar və mədəni layihələr irəli sürürlər.

Qeyd etmək lazımdır ki, dözümlülük və multikulturalizm Azərbaycan cəmiyyətinin özülü və təməlidir. Azərbaycan daim nümayiş etdirir ki, müxtəlif millətlərin və konfessiyaların birgə yaşayışı mümkündür və hər hansı problem zor və çəkişmə tətbiq edilmədən həll oluna bilər. Bir faktı da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev özünün dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa bağlılığı, bütün dinlərə, Azərbaycanda yaşayan millətlərə və xalqlara səmimi münasibəti sayəsində həm İsrail cəmiyyətinin böyük əksəriyyətinin, həm də dünyada yəhudi icmasının hörmətini qazanıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu