AFN.AZ / MDB xüsusi xidmət orqanları Bakıda nələri müzakirə ediblər?

MDB xüsusi xidmət orqanları Bakıda nələri müzakirə ediblər?

MDB xüsusi xidmət orqanları Bakıda nələri müzakirə ediblər?


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin (MDB TƏM) birgə təşkilatçılığı ilə Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsi və Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının (EMŞ) geniş plenar iclası keçirilib.



Tədbirdə Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının monitorinq xidmətinin nümayəndə heyətləri, MDB-nin nizamnamə orqanları və sahələrarası əməkdaşlıq strukturlarının (İcraiyyə Komitəsinin, Sərhəd Xidməti Rəisləri Şurasının Koordinasiya Xidmətinin, MDB üzv dövlətlərinin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizənin koordinasiyası üzrə Büronun, Baş Prokurorların Koordinasiya Şurasının, Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının, Penitensiar Xidmət Rəhbərləri Şurasının), eyni zamanda, ictimai və elmi dairələrin nüfuzlu təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini general-mayor İsmayıl Bağırov iştirakçılara DTX rəisi general-leytenant Mədət Quliyevin salamlarını çatdıraraq iclasın işinə uğurlar arzulayıb. “Əminəm ki, bu görüş məhsuldar olacaq və MDB Terror Əleyhinə Mərkəzin qarşısında qoyulan tapşırıqların həyata keçirilməsində müsbət nəticələr verəcək”, - deyə o vurğulayıb.

MDB Terror Əleyhinə Mərkəzin rəhbərinin müavini Marat Abdırayev Mərkəzin rəhbəri general-polkovnik Andrey Novikovun müraciətini iştirakçılara çatdırıb. “Birliyə üzv dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlığı bu gün risklərin artması fonunda çox vacibdir. Belə şəraitdə xüsusi xidmət orqanlarından adekvat tədbirlərin görülməsi, real vəziyyətin təhlilinin aparılması, qarşılıqlı fəaliyyət tələb olunur. Əminliyimi bildirmək istəyirəm ki, bu görüş konstruktiv fikir mübadiləsi şəraitində keçəcək, əməkdaşlığın güclənməsi və Birlik məkanında terror əleyhinə fəaliyyətin yeni konturlarının yaranmasına şərait yaradacaq”, - deyə müraciətdə bildirilir.

Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının sədri Marianna Koçubey beynəlxalq terrorizmin fəaliyyətinin istiqamətləri, yayılması yolları haqqında araşdırmaların nəticələri haqqında məlumat verib. Bildirib ki, Suriya və İraq ərazisindəki terror qruplaşmalarının üzvlərinin digər ölkələrin ərazisinə keçməsi halları var. O, terror təşkilatlarının distant cəlbetmə üsulundan vətəndaşların münaqişə zonalarına aparılmasında geniş istifadə etdiklərini qeyd edib. M.Koçubey terror təşkilatlarının internet vasitəsilə insanlara təsirini azaltmaq üçün Birlik dövlətlərinin qarşılıqlı təmasda fəaliyyətinin vacibliyini önə çəkib və bu işdə mülki strukturlarla da əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Ekspert müşavirəsində və EMŞ-in iclasında iştirak etmək üçün ilk dəfə BMT Təhlükəsizlik Şurasının İŞİD, “Əl-Qaida” və Taliban üzrə Monitorinq qrupunun nümayəndələri dəvət olunublar.

Keçirilən məsləhətləşmələrin məqsədi MDB dövlətlərinin müvafiq orqanlarının əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və MDB-də terrorizmə və ekstremizmə qarşı səmərəli texnologiyaların formalaşdırılması məsələlərini müzakirə etməkdir.

Elmi-məşvərət şurasının və VII Regional ekspert müşavirəsinin birgə plenar iclasında MDB üzv dövlətlərinin vətəndaşları sırasından tərəfdaşların cəlb edilməsi məqsədilə beynəlxalq terror təşkilatlarının tətbiq etdiyi distant təsir texnologiyaları, beynəlxalq terror təşkilatlarının Birlik məkanında distant rejimdə cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri, cəlbetmə baxımından daha zəif vətəndaş kateqoriyasının sosial-psixoloji səciyyəsi, beynəlxalq terror təşkilatlarının distant təsirinə qarşı əks tədbirlərin təşkili zamanı MDB üzv dövlətlərinin müvafiq orqanlarının əməkdaşlığının əsas istiqamətləri, forma və metodları, vətəndaşların beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb edilməsinə qarşı Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının əks-təbliğat işi müzakirə olunub. (virtualaz.org)
6-10-2017, 19:49
Geri qayıt