AFN.AZ / Paşam, qardaş qardaşa borc verməz, əl tutar...

Paşam, qardaş qardaşa borc verməz, əl tutar...

Paşam, qardaş qardaşa borc verməz, əl tutar...


Elvin ZEYNAL




Bu gün 10 noyabr tarixini Türkiyə Cumhuriyyətində yaşayan türk qardaşlarımız Cumhuriyyətin qurucusu, əbədi şef və əbədi öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 79-cu il dönümünündə onu həsrətlə və hörmətlə yad edirlər. İnanıram ki, ən az Türkiyədəki qardaşlarımız qədər biz azərbaycanlılar da istər rəsmi, istərsə də millət olaraq qeyri-rəsmi şəkildə böyük Atatürkün əbədiyyətə qovuşduğu tarixdə onun əziz xatirəsini hörmətlə və minnətlə yad edirik.

Dəyərli oxucular, Türk Dünyasının bu çox önəmli günündə mən tarixi bir hadisəni, tarixi yazışmanı xatırlatmaq və sizlərlə paylaşmaq istədim.
Birinci Dünya müharibəsindən sonra Osmanlını Mundros təslimçi sülh müqaviləsi ilə parçalara ayıran dövlətlər 1919-cu ildə tarix səhnəsinə çıxan Atatürk və silahdaşlarının böyük mübarizəsi ilə qarşı-qarşıya qaldılar. 1919-cu ilin may ayında başlayan qurtuluş savaşı 1923-cü ildə Türkiyə Cumhuriyətinin qurulması ilə nəticələndi. Təbii ki, bu kutsal mücadilə çətinliklər olmadan, itkisiz, yarasız verilmədi. Çox çətinliklər bahasına qanı ilə canı ilə, yaşlısı, gənci, qadını kişisi ilə verilən bu mücadilədə o zaman biz azərbaycanlıların Türkiyədəki qardaşlarımıza nəinki mənəvi dəstək, hətta maddi yöndən dəstək olmağımız ilə də tarix yaddaşına iz qoymuşuq.
Elə bu məqamda, 1921-ci ildə baş verən sadə, əslində necə böyük tarixi, siyasi, milli əhəmiyyətli olduğunu bir daha yad etmək, paylaşmaq bizlər üçün də gərəklidir.
Milli mücadilənin ən qızğın günlərində Türkiyə səfiri Mahmud Şövkət bəy, 1921-ci ilin martın 17-də Mustafa Kamal Paşanın məktubunu Nəriman Nərimanova çatdırır. Mustafa Kamal paşa məktubda rəsmi olaraq Nərimanovdan maddi kömək (borc pul) istəyirdi. Nərimanov dərhal bir (1) milyon rubl dəyərində qızıl göndərir. Özü də Mustafa Kamal paşaya cavab olaraq yazır ki, “Paşam, qardaş qardaşa borc verməz, əl tutar”. Bəli, eşq olsun belə həqiqi qardaşlığa! (Nəriman Nərimanov- “Ömrünün son illəri-səh.160”)
Mən bir türk evladı olaraq bu hadisəni oxuduğumda, öyrəndiyimdən ifixar hissi ilə, böyük qürur və sevinc hissi ilə gözlərim doldu. Görün, eyni qandan, eyni soydan olan bu iki qardaş arasında istər şəxs olaraq, istər rəsmi olaraq nə qədər dəyərli, nə qədər önəmli hadisə yaşanıb və önəmli yazışma olmuşdur. Bu hadisə bizlərə və bizdən sonrakı gələcək nəsillərimizə heç unudulmayacaq və önrək alınacaq tarixi önəm daşıyır.
Bir daha, bu tarixi 10 noyabr günündə əziz və böyük Atatürkü sayğı və rəhmətlə yad edirik. Ruhu şad olsun! Nərimanovu da böyük hörmətlə yad edirik, ruhu şad olsun deyirik!

Paşam, qardaş qardaşa borc verməz, əl tutar...
10-11-2017, 17:34
Geri qayıt