AFN.AZ / Topçubaşovla Rəsulzadənin Çəmənzəminli ilə bağlı

Topçubaşovla Rəsulzadənin Çəmənzəminli ilə bağlı

Topçubaşovla Rəsulzadənin Çəmənzəminli ilə bağlı


Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev yazıçı Yusif Vəzif Çəmənzəminli ilə bağlı maraqlı fakt haqda yazı hazırlayıb. Arxiv materialları əsasında şəxsi tərcüməsi ilə hazırladığı yazını səfir sosial şəbəkədə paylaşıb. AFN həmin yazını təqdim edir:

Yusif Vəzir Çəmənzəminli XX əsr Azərbaycan ədəbiyyatının tragik şəxsiyyətlərindən biridir. Bəlkə də ən intellektual qələm sahiblərindən olmasına baxmayaraq, tale onunla çox amansız rəftar edib. Nə Azərbaycan milli hərəkatında, nə də sığınmaq məcburiyyətində qaldığı bolşeviklərin yanında yerini tapa bilib.
Kiyev Universitetinin hüquq fakültəsinin məzunu, Azərbaycan Cümhuriyyətinin əvvəl Ukraynada, sonra Osmanlı imperiyasında diplomatik nümayəndəsi olan Yusif Vəzir 1925-ci ildə siyasi mühacir kimi yaşadığı Parisin "Reno" avtomobil zavodunda qara fəhlə işləyirdi. Paris Diplomatiya Akademiyasında təhsil alan kiçik qardaşı Miri 29 yaşında öləndən sonra artıq onu Fransa paytaxtı ilə bağlayan heç nə qalmamışdı. Necə olursa-olsun vətənə dönmək istəyirdi. 1925-ci il 1 iyul tarixli "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində "tövbə" məktubu çap olunandan (burada 2.5 il ərzində üzvü olduğu Müsavat Partiyasını xalq üçün faydasız və təhlükəli adlandırır, onun sıralarından çıxdığını bəyan edirdi) sonra vətənə qayıtmasına "yaşıl işıq" yandırıldı.
Bu münasibətlə M.Ə.Rəsulzadə İstanbuldan Parisə, Ə.Topçubaşova 5 avqust 1925-ci il tarixli məktubunda yazırdı: "Konstantinopol müxalifətinin "sütunlarından" sayılan B.Rzayev (Bağır Rzayev - Moskva universiteti hüquq fakültəsinin məzunu, eser, Azərbaycan Parlamentinin sabiq üzvü, Bakıya qayıdandan sonra həyatına intiharla son qoymuşdu -V.Q.) artıq Bakıdadır, digəri -Y.Vəzirov isə ora getməyə hazırlaşır. Bu miskin (rusca orijinalda "ничтожество") məktublarının birində sizi "qarabağofobiyada" günahlandırırdı. Gərək bizim mühacir icmaları satqına qarşı müvafiq tədbirlər görsün. O, partiyadan gedə bilər, əslində çoxdan sıralarımızdan kənar edilmişdi. Amma gedib özünü bolşeviklərin ağuşuna atır. Bu isə artıq antimilli addımdır". (Ruscadan tərcümə mənimdir - V.Q.)
Məmməd Əmin təkcə məktubla kifayətlənməmişdi. Redaktəsi altında çıxan "Yeni Kafkasya" dərgisində Y.Vəzirlə bağlı "Şərəfsiz bir aqibət" adlı yazı da çap etdirmişdi. Ə.Topçubaşov isə Məmməd Əminə 12 mart 1925-ci tarixli cavab məktubunda yazırdı ki, adı çəkilən məqalənin çapı ilə "bu, həqiqətən də yaramaz, içi xəbislik, naşükürlük və digər pisliklərlə dolu adama layiq olduğundan böyük ehtiram göstərilib. Məlum olur ki, o, sizə məktubunda mənim barəmdə ağzına gələni yazıb, mənə məktubunda isə eyni şeyləri sizə qarşı edib. Hər yerdə ona və qardaşına bu qədər yardım göstərən Nümayəndə heyəti barəsində, ən çox da mənim haqqımda omazın hədyan danışırdı. Elə fikirləşirdi ki, krallardan və şahın əyanlarından aldığım "milyonlardan" ona pay vermirəm. Məni siyasi baxışlarıma görə şəxsi düşməni, Vəzirovlar nəslinin düşməni sayırdı. Sizə məktubunda Qarabağın düşməni adandırıb. Bolşeviklərin əlaltısına çevriləndən sonra isə yəqin ki, artıq bütün Azərbaycanın düşməni elan edəcək.Və belə bir tip üçün bütün bunlar tam normal görünəcək. Mənim yerimə bir neçə söz yazmısınız. Sağ olun. Amma buna ehtiyac vardımı? Yaxşı olardı ki, qardaşının ölümü ilə bağlı Nümayəndə heyətinin gücü çatan hər şeyi etdiyi barədə kiçik qeydə məcmuədə yer verəydiniz" (Rus dilindən tərcümə mənimdir-V.Q.)
Heç kimə haqq qazandırmaq istəmirəm. Əslində həqiqətən də ürək ağrıdan mənzərədir. Bolşevizm bir millətin aydın, ziyalı övadlarını belə üz-üzə qoyub biri-birinin əli ilə çirkaba, çamura batırır,sonda mənəvi və fiziki cəhətdən məhv edirdi.
Bəlkə belə materialları ümumən gizlətmək lazımdır? Amma bu bizim tariximizdir. Onun təkcə şərəfli deyil, utanc verici səhifələri də bizimdir. Yusif Vəzir ədəbiyyata xidməti və həyatının faciəvi sonluğu ilə ani qəzəbdən doğan, daha çox siyasi rəngə boyanmış bu ittihamlardan ucada dayandığını sübut etdi...
20-11-2017, 12:38
Geri qayıt