AFN.AZ / Naxçıvandan müraciət, Atatürkün tapşırığı...-

Naxçıvandan müraciət, Atatürkün tapşırığı...-

Naxçıvandan müraciət, Atatürkün tapşırığı...-


26 Yanvar 1919-cu ildə polkovnik Laughton ingilislər tərəfindən Naxçıvan Hərbi valisi təyin edildi. Laughton dərhal Naxçıvanda rəhbərliyi əlində tutan Milli Şura Hökuməti nümayəndələrinə “Bölgənin gələcəyi üçün Paris Sülh Konfransı qərar verənədək hüquq və sabitliyin davam etməsi üçün” Naxçıvan Hərbi valiliyinin qurulduğunu bildirdi. Bu valiliyin sərhədləri İrəvan əyalətinin cənubunu əhatə etməklə Sədərək kəndi yaxınlarında Araz çayı ilə əlaqəsi olan Vedi çayını da əhatə etmiş, şimala doğru genişləyərək bütün Naxçıvanı içinə alırdı. Türklərin olduğu bölgələrdə Milli Şura Hökuməti təmsilçiləri vəzifədə qaldı. Fəqət ingilis valiliyi sadəcə bir kölgə idi. Naxçıvandakı hakimiyyət Milli Şura və Cənubi-Qərbi Qafqaz hökumətinin əlində idi...

əvvəli BURADA

Ancaq 1 mart 1919-cu ildə Cənubi-Qərbi Qafqaz Hökuməti parlamentinin açılmasından sonra ingilislərin davranışları dəyişməyə başladı. Cənubi-Qərbi Qafqaz Hökumətinin ermənilərin Arpaçayın qərbinə keçmələrinə iczaə verməməsi ingilisləri narahat etməyə başladı. İngilislər Cənubi-Qərbi Qafqaz Hökumətinə 12 maddəlik sərt bir nota verib Batumi və Naxçıvana xəbərdarlıq edərək əlaqə və xəbərləşməni kəsməyi, fəaliyyətlərini sadəcə Qars vilayəti ilə məhdudlaşdırmalarını və Cənubi-Qərbi Qafqaz hökuməti adını istifadə etməmələrini tələb etdilər. Bundan başqa, ermənilərin heç bir maneə görmədən Qarsa yerləşmələri üçün sərt bir şəkildə tələb göndərildi.


Bunun üzərinə Cənubi-Qərbi Qafqaz Hökuməti Naxçıvan, Batumi, Acara, Ardahan və Axıska Məclis-i Milli nümayəndələrini və əhalidən bəzi hörmətli şəxsləri Qarsa çağırararq görüşdülər. Bu görüşmə nəticəsində Arpaçay hüdudunda ermənilərin sərhədi keçmələrinə mane olan Akbaba və Şurəgəlli milislərdən təşkil edilmiş Talınlı Hüseyn Xan qüvvələri oraya yeridildi.
Naxçıvandakı ingilis hərbi vali Laughton buraya təyin edildiyindən etibarən Naxçıvan Milli Şurası üstündə rəhbərliyi ələ ala bilmədi. Polkovnik Laughton erməni hücumlarına qarşı müqavimət göstərənləri cəzalandırmaq üçün kəndlərdə axtarış aparmaq istədi. Fəqət Naxçıvan Milli Şura rəhbərliyi Kərim Xan, Abbasqulu Xan və Kəlbəli Xan tərəfindən istiqamətləndirilən türklərin baş qaldırması nəticəsində uğursuzluğa düçar oldu. Bunun nəticəsində 1919-cu ilin aprel ayında yeni ingilis hərbi birləşmələri ilə birlikdə pod-polkovnik Simpson naxçıvan valiliyinə təyin edildi.
Ermənilər İrəvanın cənubunu, Naxçıvan da daxil olmaqla İran sərhəddinə qədər işğal etmək istəyirdilər. Bu məqsədlə bölgədəki müsəlmanların oradan uzaqlaşdırılması lazım idi. Ermənilər bu məqsədlərinə çatmaq üçün qırğınlar etməyə başladılar. Ancaq Cənubi-Qafqaz Hökuməti mövcud olduğu müddətcə ermənilərin bu bölgəyə hakim olmaları mümkün deyildi. Onsuz da ingilislər də Cənubi-Qafqaz Hökumətinin varlığından narahat idilər. Bu hökumət hazırladığı “İntibahnamə”də bildirdiyi kimi, Cənubi-qərbi Qafqaz ölkəsi Osmanlı dövləti ilə yüz minlərlə nüfuz-i İslamiyəni havi Qafqazya Türkistan, Tatar, Əfqan və Hind və Belucistan ölkələri arasında körpü statusunda idi və CQQ Hökuməti də bunu dərk edirdi.
İngilislər bölgədəki istəklərini həyata keçirə bilmədikləri üçün Cənubi-Qərbi Qafqaz Hökumətinin varlığından narahat idilər. 02 aprel 1919-cu ildə Batumidə görüşən general Milne və General Tompson (ingilis Qafqaz işğal qüvvələrinin komandiri) Cənubi-Qərbi Qafqaz Hökumətinin dağıdılması üçün plan hazırladılar. Bu məqsədlə də Qars, Naxçıvan və Borçalıda mövcud olan ingilis ordusuna təlimat verildi. Bu təlimatnamədə yazılırdı:
-Qars vilayəti və Naxçıvan bölgəsi sülh konfransı tərəfindən Ermənistan hökumətinin tabeliyinə veriləcəkdir.
- Erməni idarəçiliyi yaradılana qədər və idarəçilik ermənilərə verilənədək Naxçıvan və Qarsda idarəçilik Prestonun nəzarətində bölgədəki şəxslərlə icra ediləcəkdir.
Cənubi-Qərbi Qafqaz Hökumətini ortadan qaldırmaq üçün bölgədəki və Qarsdakı hərbi gücü mərhələli olaraq artıran ingilislər 12 aprel 1919-cu ildə Cənubi-Qərbi Qafqaz hökuməti parlamentini və bölgənin öndə gələn adamlarını Tiflis, Batumi, İstanbul yolu ilə Maltaya sürgün etdilər.
Bunun üzərinə bölgədə yaşayan müsəlman-türk xalq Batumidən naxçıvana qədər məhəllə məhəllə Şura hökumətlərini qurmağa başladılar. Bölgədə qurulan Naxçıvan Şurası; Naxçıvan, Ordubad, Culfa və Şahtaxtının bir qismini hakimiyyətinə almışdı.
Bu arada ingilis yardımı ilə Qars, Sarıqamış və Kağızman ermənilər tərəfindən işğal edilmişdi. Ermənilər aprel ayının axırlarında Naxçıvan-Şərur bölgəsini işğal etməyə hazırlaşırdılar. Erməni dəstə rəisi general ronun imzaladığı və ingilis general Davienin şahid olduğu 03 may 1919-cu il tarixli bəyannamə ilə Naxçıvan bölgəsində asayişi təmin etmək və Naxçıvanda erməni hakimiyyəti qurmaq üçün general Dro təyin edilmişdi. İngilis yardımı ilə Naxçıvana irəliləyən ermənilər Şərur və Zəngəzur məntəqələrində türklərin müqaviməti ilə qarşılaşdılar. General Şalkovnikov və general Dronun qüvvələri ilə Mışığ Aveteryanın atlı süvarilərindən ibarət 6000 nəfərlik bir erməni dəstəsi türklərin müqavimətini qıraraq 24 may 1919-cu ildə Naxçıvanı işğal etdi. Azərbaycan Hökumətinin ingilislərə etdiyi etiraz nəticəni dəyişdirmədi. Naxçıvanı da ermənilərə təslim edən ingilislər Naxçıvan ingilis valiliyini də ləğv edərək 01 aprel 1919-cu ildə Naxçıvanı tərk etdilər. İngilislər eyni zamanda Osmanlı dövlətinə də təzyiq edərək 02 aprel 1919-cu ildə Osmanlı 9-cu Ordusunun ləğv edilməsinə nail oldular. Fəqət 9-cu Ordu birlikləri sülh şəariti içində 3-cü və 15-ci korpus olaraq yenidən yaradıldı.

Yengicəli Hacı Cabbar türk komandirləri ilə birləşir və ermənilərə divan tutur

Bu ordu nizamlanmasından sonra Naxçıvan 15-ci korpusun məsuliyyət əhatəsinə girmiş və onun müdafiəsi üçün lazım olan köməyi həmin 15-ci korpus etməyə başlamışdı. Digər tərəfdən, ingilislər Cənubi-Qərbi Qafqaz Hökumətini dağıdaraq ermənilərin üstünlüyünə yol açmışdılar. Ermənilər faktiki hərbi yardım alaraq Naxçıvandakı türklərin vəziyyətini çox pis hala salmışdılar. Belə ki, Naxçıvan Şahtaxtı ətrafındakı kəndlərə hücum edilmiş, dəmiryoluna yaxın kəndlər zirehli qatar topları ilə atəş altına alınaraq xalqı panikaya salmış və buraları ələ keçirmişdilər. İki erməni dəstəsi Böyükverdi kəndinə hücum edərək xalqın bir çoxunu öldürmüşdü. Ermənilər müsəlman əhalini Araz çayının qərbinə çəkməyi planlaşdırmışdılar.
Ermənilər qarşısında çətin vəziyyətdə qalan Naxçıvan, Şərur camaatı teleqrafla 15-ci korpus komandanlığına müraciət etdi. Eyni zamanda bir heyət də Ərzuruma gedərək vəziyyəti anlatmış və yardım istəmişdi. Elə bundan sonra 15-ci korpus komandanı Kazım Qarabəkir Paşa xalqı ermənilərdən qurtarmaq üçün hərəkətə keçdi. 11-cu Tümendən kapitan Xəlil, baş leytenant Ədib (polkovnik Tokalp), topçu baş leytenant Naci (general Altuğ), leytenant Osman Nuri və yeddi əsgər Naxçıvan bölgəsinə getmək üçün təyin edildi. Bunların vəzifələri kapitan Xəlilin başçılığı altında, daha əvvəllər də Naxçıvanda qurulmuş olan milis alaylarını sövq edərək bu bölgəni erməni istilasından qorumaq idi. Heyət 17-18 iyul 1919-cu ildə Yengicəli Hacı Cabbarın rəhbərliyində Doğubəyaziddən gizli şəkildə sərhəddi keçərək Ağrı dağı ətəkləri ilə Yengicəyə gəldi və xalq tərəfindən coşqu ilə qarşılandı. Naxçıvana gələn türk zabitləri vəzifə bölgüsü etdilər.
Bu vəzifə bölgüsü aşağıdakı kimi idi:
-Naxçıvan ümumi komandiri kapitan Xəlil
-Naxçıvan bölgəsi komandiri podpolkovnik Kəlbəli xan (daha əvvəllər rus ordusunda xidmət etmişdi)
-Ordubad bölgəsi komandiri baş leytenant Ədib
- Şərur bölgəsi komandiri baş leytenant Naci
İlk icraat kapitan Xəlil və baş leytetnant Ədibin başçılığı ilə Yengicədəki erməni dəstələrini yox etmək idi. Leytenant Osman Nuri Noraşendəki erməni dəstələrini müşahidə altına aldı. Baş leytenant Naci İrəvandan gəlməsi ehtimal edilən dəstələrə qarşı Dəhnə boğazını tutdu. Şahtaxtındakı erməni bölüyünə qarşı milis qvvələri komandiri İbrahim Ağaya tədbir görmək tapşırıldı. Yengicəli Hacı Cabbar və Abbasqulu ilə digərlərinin toplandığı 2000 atlı və piyada qvvə ilə 19-20 iyul 1919-cu ildə silahlarının böyük hissəsi Yengicə dəmiryolu stansiyasındakı zirehli qatarlarda olan erməni dəstələrinə basqın edildi. Ermənilərdən bir zirehli qatar ilə 4 top, 42 makinalı tüfəng və 200-ə qədər əsir alındı. Bunu eşidən general Şolkovnikov Naxçıvan qarnizonunu tərk edərək Zəngəzura çəkildi. Erməni qüvvələri də Naxçıvandan qaçaraq İrəvana getməyə məcbur oldular. Beləliklə, Naxçıvanda milli idarəçilik quruldu. Erəmilərdən alınan əsirlər Şahtaxtında bir ay saxlanıldıqdan sonra Naxçıvana gələn amerikalı polkovnik Rey vasitəsi ilə ermənilərə təhvil verildi.
Antanta dövlətlərinin İstanbulu işğalından sonra ermənilərin hücumlarında artım müşahidə edilməyə başlandı. Ermənilər 16 mart 1920-ci ildən etibarən Naxçıvan bölgəsindəki Böyükvedi, Çivə, Axura və Ordubada hücumlara başladılar. Türkləri əzdirməmək, erməniləri uğursuzluğa düçar etmək üçün dərhal Antanta dövlətləri tərəfindən Türkiyənin sərhədləri xaricində qəbul edilən bütün şura qüvvələrinin cəbhələrdəki ermənilərə hücum etmələri və 15-ci Korpus birləşmələri tərəfindən lazımi köməyin göstərilməsi Kazım Qarabəkir Paşa tərəfindən 15 martda əmr edilmiş və vəziyyət Sivasdakı Heyət-i Təmsiliyyə başqanı Mustafa Kamal Paşaya 26 martda bildirilmişdi.
Bölgədəki vəziyyətin həssaslığını görən Kazım Qarabəkir Paşa 11-ci Qafqaz Tümeninin 34-cü alayının 1-ci taboru ilə bir makinalı tüfəng bölüyü və bir batareyanı Şahtaxtına göndərmiş və bu qüvvələr Şahtaxtı müfrəzəsi(birlik) adı ilə hərəkata başlamışdı. Martın əvvəlində bütün Naxçıvanın ermənilərə qarşı ön postu əhəmiyyətindəki Vediyə ermənilər hücuma keçdilər. Topçu baş leytenant Naciyə tabe olan Vedili Abbasqulu başçılığındakı milis qüvvələri erməniləri geri püskürtdülər. Ancaq 03 mart 1920-ci ildə Uluxanlıdan göndərilən birləşmələrlə əlavə kömək alan erməni qüvvələri təkrar Vediyə girdilər. 27 mart 1920-ci ildə Böyük vedi milis qüvvələrinə qarşı hücuma keçdilər. Nəhayət ermənilər iki makinalı tüfəng, iki araba dolu top və bir çox ölü buraxaraq uğursuz şəkildə İrəvan yaxınlarına geri çəkildilər.
03 aprel 1920-ci ildə ermənilər Vediyə basqın formasında hücum etdilər. Qəsəbəyə girmələrinə baxmayaraq, Yengicədən gələn Milli Şura taborları ilə güclənən Vedi taborları onları Vedidən qovdu. Ayrıca Çirmən Dağındakı əhəmiyyətli mövqelərini də itirdilər.
Bu arada Qars, Ardahan və çevrəsində bir çox vəhşiliklər edən ermənilərə qarşı bir hərəkat başlanması vəzifəsi 23 aprel 1920-ci ildə Ankarada qurulan Türkiyə Böyük Millət Məclisi tərəfindən hökumətə bildirilmişdi. Kazım Qarabəkir Paşanın 06 iyun 1920-ci ildəki hərbi hərəkatın başladılması yönündəki təklifi hökumət tərəfindən uyğun görülmüş və eyni gün Mustafa Kamal Paşa lazımi hazırlıqların tamanlanmasını Kazım Qarabəkir Paşaya bildirmişdi. Hazırlanan planlar; Naxçıvan Bölgəsi Komandanlığı, İğdır, Vedi və Dəvəli bölgəsində müşahidə hücumu edərək düşməni təsbit etməli, fəqət, Zəngibasarda erməni hücumu olmadıqca hərəkətsiz dayanılmalı idi. 09 iyunda Gəncədə bolşeviklərə məğlub olan Nuru Paşa, əmrindəki Azərbaycan Süvari Alayı ilə bərabər İran üzərindən Ərzuruma gəlmişdi. Bu qüvvələr bir batareya və dörd makinalı tüfənglə bərabər Naxçıvan hərbi birliyinə qatılmışdılar...

Ardı var...
14-03-2018, 14:43
Geri qayıt