Əsas Səhifə > Siyasət / Üst manşet / Son Dəqiqə > “Ölkəni qarışdırmaq istəyən həmin sistem..."-

“Ölkəni qarışdırmaq istəyən həmin sistem..."-


11-07-2018, 15:02.
title}
“Ölkəni qarışdırmaq istəyən həmin sistem..."-


Enerji böhranının ikinci günü Gəncədə sui-qəsd oldu. Təsadüfmü? Heç inanmıram.

Sui-qəsd üçün zaman elə seçilmişdi ki, yüzlərlə adam Bakıda metroda qalmışdı. 43 dərəcə isti, işıqsız metro. İçəridə qoca, uşaq və s. Hər an tələfat ola bilərdi. Amma Metropoliten əməkdaşları, polislər xüsusi fədakarlıq etdilər. Yaşana biləcək xoşagəlməz olayların qarşısını aldılar.

Bəlkə də hər şeyi hesablamışdılar. Hesablamışdılar ki, metroda da kütləvi tələfat olacaq. Gəncədəki ajiotaj və Bakıda baş verənlər ölkədə xaos yaratmaq üçün əsl fürsətə çevriləcək. Amma alınmadı.

Mingəçevirdə baş vermiş qəzanın təsadüf olmamaq ehtimalını elə onda yazmışdım. Yazmışdım ki, möhtəşəm parad eyforiyası keçməmiş bunun baş verməsi elə işığın sönməsi qədər qaranlıqdır. Rəsmi açıqlamalarda başqa səbəblər göstərilsə də, bu tərəfini demək yox, araşdırmaq vacib şərtdir. İndi də düşünürəm ki, axı necə ola bilər, həmin o təmirsiz, ot-alaq basmış, müxtəlif çağırışlara məhəl qoyulmayan və müasirləşdirilməyən, yaxud səhlənkarlıq göstərilən stansiya bu neçə illərdə, günlərdə yanmadı, işlədi, ölkəni elektriklə təmin etdi, amma o gün gücü çatmadı, alışdı və yandı.

Başımızın və düşüncəmizin bu olayın masştabına qarışdığı bir vaxtda, hadisənin ikinci günü elə işıqsız Gəncədə Elmar Vəliyevə atəş açıldı. Cəmiyyətə ilkin sırınan informasiya da o oldu ki, nə vaxtsa bacısı başçı tərəfindən təhqirə məruz qalıb. Deməli, qeyrət qisasıdır. İnsanları kütləvi itaətsizliyə cəlb etmək üçün bu informasiya dövriyyəyə buraxıldı. Az sonra hər şey üzə çıxdı. Məlum oldu ki, məsələnin kökü başqadır, şəbəkə işidir, xarici kəşfiyyatın planlaşdırdığı sui-qəsddir. Yunis Səfərov isə sadəcə atıcıdır. Xarici kəşfiyyatın, terrorun, din pərdəsinə bürünən radikalizmin silah tutan əlidir!

Dünən üçün də plan əvvəldən hazır idi. Yunis Səfərovun polis şöbəsindən şəkli yayılır və bu dəfə də onun öldürülməsi xəbəri cəmiyyətə sırınır. Bir gün sonra televiziyadan “mən sağ-salamatam” desə də, ilkin informasiya işini görmüşdü. Təxribat oturuşurdu və din pərdəsi altında “Elmar Vəliyevin ailəsini Gəncədən zorumuzla "deport" edək” deyə bir aksiya düzənlənirdi. Bunu kimlər edirdi? Əhalimi, gəncəlilərmi, ölkənin hakimiyyətə etiraz edən kəsimimi? Xeyr, naməlum qüvvələr. Adı bilinməyən, amma məqsədi bəlli olan qüvvələr - Azərbaycanda xaos yaratmaq istəyən, ölkəni Suriyaya çevirmək istəyənlər və onların havadarları. Yəni, agentura şəbəkəsi, saxta profillər, xarici kəşfiyyat, ölkədə başıpozuq cəmiyyət arzulayan radikallar...

Nəticədə dünən axşam saat 20 radələrində yenidən ilkin test etdilər. Xaricdən təlimat alan bu şəbəkə istədiyini tam edə bilmədi, amma çaba göstərdi. İki yüksək vəzifəli polis zabiti qılıncabənzər kəsici silahla qətlə yetirildi. İndi buna namus qisasıdır donunu kim geyindirə bilər? Dövlət məmuru vəzifəsini yerinə yetirərkən, sabitliyi, asayişi qoruyarkən cinayətkarlar - özü də o cinayətkarlar ki, hansısa terror şəbəkəsinin və xarici kəşfiyyatın agentləridir - tərəfindən qətl olundular.

Adam çox olduğu yerlərdə, tədbirlərdə, xeyir- şər məclislərində istəyib-istəməməsindən asılı olmayaraq, dövlət yönəticiləri və məmurları haqqında xoş söz də, tənqid də eşidir. Mən də qulaq şahidlərindənəm. Prezident, Vitse-prezident, Ramiz Mehdiyev, Əli Həsənov, Fuad Ələsgərov, Kəmaləddin Heydərov, Ramil Usubov, yeni təyin olunan gənc dövlət məmurları haqqında o qədər xoş söz deyən olub ki! Onlarla məmurun adını çəkə bilərəm! Bir neçə icra başçısı haqqında da müxtəlif cameələrdə xoş sözlər söylənildiyi olub. Məsələn, Sevindik Hətəmovla, Süleyman Mikayılovla, Şəmsəddin Xanbabayevlə bağlı bu xoş sözlərin müxtəlif zamanlarda şəxsən şahidi olmuşam. Təəssüf ki, Elmar Vəliyev haqqında kimdənsə nəsə xoş söz eşitmək qismətim olmayıb. Tənqid daha çox olub. Amma bu tənqidlər Elmar Vəliyevə silahlı saldırıya əsas ola bilərmi? Qətiyyən! Bəs qanunlar? Deməli, ali təhsilli Yunis Səfərov bundan məlumatlıdır ki, hər kəs əməlinə görə qanun qarşısında cavabdehdir, o cümlədən də icra başçısı. Bəs niyə o silahla Elmar Vəliyevə hücum etdi? Ali təhsilli, Rusiyada təhsil almış Yunis Səfərov bunu etməliydi, çünki onu buna hazırlamışdılar. Azərbaycanı qarışdırmaq istəyən xarici kəşfiyyat, onun mənsub olduğu silahlı terror şəbəkəsi, din pərdəsinə bürünmüş həmin sistem...

Cəngəllik qanunları ilə haqq-hesab çürütmək adətinin ölkədə ayaq açmasına izn verə bilmərik.

Dünən niyə kimsə bibər qazından Gəncə meydanında zəhərlənmədi axı? Amma o başıbağlı "müxbir" qız səsinin ən incə telləri ilə boğulduğunu deyirdi? Bütün bunlar nədir? Təxribat deyilmi?

Ölkəmizə qarşı hazırlanan planın tərkib hissəsidir.

Mən Gəncəni az-çox tanıyanlardan biriyəm. 5 ilim orada keçib. Yüzlərlə dostum-tanışım var Gəncədə. Gəncə təxribata uyamaz! Gəncə müstəqil Azərbaycanın ilk paytaxtı olub! Gəncə və gəncəlilər dövlətə, müstəqilliyə qarşı çıxmaz, dövlətçiliyimizə zərbə vurmazlar. Biz də dövləti, müstəqilliyi sevməyi Gəncədə öyrəndik. 1993-cü ildə Surət Hüseynovu xarici güclər dövlətə qarşı qiyama təhrik edə bilsə də, gəncəlilər bu qiyama dəstək vermədi. Canlı şahidlərik!!!

Gəncədə Cavad Xan ruhu var. Surət Hüseynov ruhu yoxdur!

Bizim borcumuz, vəzifəmiz dövlətimizi, Azərbaycanımızı qorumaqdır. Hansı ölkənin maraqları olur-olsun, dəf etməyə gücümüz çatar, təki əl-ələ, çiyin-çiyinə olaq...
Geri qayıt