Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif arasında fevralın sonuna qədər Tehranda görüş keçiriləcək. Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.
O qeyd edib ki, görüşün gündəliyinə ikitərəfli əlaqələrin inkişafı və Azərbaycanla İran arasında əməkdaşlıq məsələləri daxil ediləcək.
Səfirin sözlərinə görə, həmçinin Novruz bayramından sonra üçtərəfli və dördtərəfli, o cümlədən İran, Türkiyə, Azərbaycan xarici işlər nazirlərinin, eləcə də İran, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşlərinin keçirilməsi də planlaşdırılır.
Diplomat qeyd edib ki, bununla yanaşı, bu il Moskvada Azərbaycan-İran-Rusiya sammitinin keçirilməsi nəzərdə tutulub.
"Rusiya tədbirə ev sahibliyi edəcəyindən sammitin vaxtını Rusiya tərəfi elan edəcək", - C.Cahangirzadə bildirib.