Nazirlik iki rayondan daxil olan şikayəti yerində araşdırıb




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhər sakinləri Həsrət Qocayev və Elçin Hüseynov tərəfindən Binəqədi rayonu, S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki ərazinin hasara alınması və ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 174 m2 torpaq sahəsinin metal lövhələrlə hasara alındığı və hasarlanmış ərazinin daxilində 3 ədəd sərv ağacının yaş köküstə olduğu məlum olub, ağac kəsilməsi və zədələnməsi hallarına rast gəlinməyib.

Araşdırma zamanı məlum olub ki, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki 174 m2 torpaq sahəsi bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi üçün fiziki şəxs Bağır Abdullayeva verilib.

Mövcud vəziyyətlə bağlı qanunamüvafiq qaydada akt tərtib edilib və ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə, rayon Polis İdarəsinə və fiziki şəxs B.Abdullayevə məktub göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həmçinin Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu