ƏMDK-nın e-xidmətlərindən istifadə edənlərin sayı 500 mindən çoxdur




Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.

Komitədən AFN-ə verilən məlumata görə, elektron xidmətlərin tətbiqində başlıca məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığının təmin olunması, bürokratiyanın aradan qaldırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılmasıdır. Eyni zamanda xidmətlərin optimallaşdırılması, prosedurlarının sadələşdirilməsi, məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması da əsas vəzifələrdəndir.

Komitənin təqdim etdiyi elektron xidmətdən 22-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Həmçinin, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.

Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 22 elektron xidmətdən istifadə edənlərin sayı 130 minə yaxındır. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bötövlükdə 90 minə yaxındır. Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək bu xidmətə müraciət edənlərin sayı 20 minə yaxın olub. Cari il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, 70 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”in alınmasına aiddir. Qeyd edilməlidir ki, innovativ yenilik olan “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətdən istifadə edənlərin sayı artır. Kalkulyator vasitəsilə vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Əmlakın qeydiyyatı kalkulyatorundan istifadə edənlərin sayı 39 minə yaxındır.

Bundan başqa yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sferasını artırararaq çıxarış və arxivləri elektronlaşdırıb. Bu yeniliyə əsasən əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub. Vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilir.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını artıraraq özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı da istifadəyə verib. İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq tətbiq olunan sistem dövlətə məxsus daşınar əmlakın özəlləşdirilməsini həyata keçirir

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə son 5 ildə 17 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir. Belə ki, müraciətlərin böyük əksəriyyəti bu elektron xidmətin payına düşür. Eyni

zamanda, komitə tərəfindən səhmdar cəmiyyətlərin, orta və kiçik müəssisələrin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üçün keçirilən hərraclarda iştirak üçün sənəd qəbulu elektron xidmət vasitəsilə aparılır. Belə xidmətlər sırasında nəqliyyat vasitələri barədə keçirilən hərraclar üçün elektron sifarişlərin sayı digər xidmətlərin statistikası ilə müqayisədə daha üstündür.

Komitə istifadəyə verdiyi 32 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir. Bununla da, vətəndaşların notariusdakı alqı-satqı əməliyyatından sonra yenidən ərazi qeydiyyat idarəsinə getmək proseduru aradan qalxıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işlərini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu