Tərtərdə barama istehsalı ötən illə müqayisədə 4,8 dəfə artıb

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 16:21    |    Xəbər oxunub: 590 dəfə
Tərtərdə barama istehsalı ötən illə müqayisədə 4,8 dəfə artıb


Avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Tərtər rayonunda kənd təsərrüfatı işçilərinin müşavirəsi keçirilib.

Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verib, bildirib ki, müşavirədə ölkə rəhbəri barama, tütün və fındıq sahələrinin inkişafı ilə əlaqədar son 2 il ərzində görülmüş işləri hərtərəfli təhlil etdi. Gələcəkdə Azərbaycanda aqrar sektorun ən perespektivli sahələrinin daha da inkişaf etdirilməsi üçün görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışdı, lazımi tövsiyə və tapşırıqlarını verdi.

Rayon Rəhbəri qeyd etdi ki, Möhtərəm Prezidentimizin tapşırığına əsasən rayonumuz üçün gəlirli istehsal sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsinə son illər xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2016-cı ildə rayonumuzda 959 kiloqram, cari ildə isə 4,6 ton barama istehsal edilmişdir. 2016-cı ilə nisbətən 2017-ci ildə barama istehsalı və tədarükü 4,8 dəfə artmışdır. 23 inzibati ərazi dairəsində baramaçılıqla məşğul olan 46 kümçüyə hər kiloqramı 4 manat olmaqla 18 min 131 manat vəsait “Şəki İpək” MMC tərəfindən ödənilmişdir. Kümçülərə hər kiloqramı 5 manat olmaqla dövlət tərəfindən 22 min 632 manat subsidiyanın verilməsi isə bu günlərdə təmin olunacaqdır.

Bu sahədə qabaqcıl kümçülərdən Hacıqərvənd kənd sakini Vaqif Aslanov 1 qutudan 88, Borsunlu kənd sakini Salman Məmmədov 1 qutudan 83, Qaynaq kənd sakini Bəhmən Məmmədov və İsmayılbəyli kənd Sabir Əsgərov 1 qutudan 74 kiloqram barama istehsal etmişlər.

Yaxın gələcəkdə barama istehsalının bir neçə dəfə artırılması üçün rayonumuzda tədbirlər hazırlanıb həyata keçirilir. İlk növbədə barama qurdu üçün yem bazasının gücləndirilməsi məqsədilə keçən il rayonun ayrı-ayrı ərazilərində Çin Xalq Respublikasından gətirilmiş yüksək məhsuldar 30 min ədəd və 1357 ədəd yerli tut tingi olmaqla, cəmi 31 min 357 ədəd tut tinginin əkilməsi təmin olunub. Eyni zamanda, gələcəkdə bol məhsul götürülməsi üçün ayrı-ayrı inzibati ərazi dairələrində əvvəllər əkilmiş çəkil ağaclarında budama işləri aparılmışdır.

Baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi rayonumuzun kumçüləri tərəfindən sevinclə qarşılanmışdır. Çünki vaxtılə rayonda 20 ton barama istehsal olunmuşdur. Bu vacib və strateji sahəni inkişaf etdirməklə kümçülərimiz yüksək gəlir götürmüşlər. O vaxtlar elə ailələr var idi ki, 400-500 kiloqrama yaxın barama təhvil verərək yüksək gəlir əldə edirdilər.

Qeyd olunmuşdur ki, 1970-1980-ci illərdə rayonun iqtisadiyatının əsasını təşkil edən sahələrin-xüsusən də pambıqçılığın inkişafı da diqqət mərkəzində idi. O illərdə rayonumuzda 10 min hektardan çox pambıq əkilir, 40 min tondan artıq məhsul götürülürdü. Bu, əhalinin həm məşğulluq problemini həll edir, həm də maddi rifah halının yüksəldilməsində mühüm rol oynayırdı.

Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Lakin ötən əsrin 90-cı illərin əvvəllərində vəziyyət tamamilə dəyişdi. Bu əsas səbəblərindən biri dünya bazarında pambığın qiymərinin aşağı düşməsi olsa da, digər mühüm səbəblər də vardır. Belə ki, erməni qəsbkarlarının “Sərsəng” və “Madagiz” su anbarlarını işğal etməsi nəticəsində rayonda ciddi su qıtlığı yarandı. Sovet dönəmindən qalmış texnika tədricən yararsız hala düşdü və pambıqçılıqda əl əməyi artdı. Kiçik torpaq sahibkarları aqrotexniki tədbirlərə vaxtında əməl edə bilmədilər.

Hazırda rayonumuzda möhtərəm Prezidentimizin tapşırığına əsasən baramaçılığın və pambıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2015-ci illə müqayisədə pambıq əkini 5,7 dəfə, 2016-cı ilə nisbətən 3 dəfə artmışdır. Keçən il rayonumuzda hər hektar pambıq sahəsindən 22,5 sentner məhsul götürülmüşdür ki, bu da respublika göstəricisindən xeyli yüksək olmuş, rayonumuz bu sahə üzrə respublikada 3-cü yeri tutmuşdur.

Cari təsərrüfat ilində ötən illə müqayisədə 2088 hektar çox olmaqla 3123 hektar sahədə pambıq əkini aparılmışdır. Sahələrdən bol məhsul götürülməsi üçün aqroexniki qaydalara ciddi əməl olunur. Son illər pambıqçılıqla məşğul olan sahibkarlara subsidiyaların verilməsi, satınalma qiymətinin artırılması kimi dövlət dəstəyinin təmin olunması məhsul istehsalçılarında ruh yüksəkliyi yaratmışdır. Məlumat üçün bildirirəm ki, 2015-ci ildə 893 ton, 2016-cı ildə 2334 ton, cari ildə 7 min tondan artıq “ağ qızıl” tədürükü gözlənilir ki, bu da 2016-cı illə müqayisədə 3 dəfə çoxdur.

Rayon rəhbəri vurğuladı ki, cənab Prezidentin tərtərlilərə göstərdiyi xüsusi qayğı nəticəsində son 3 ildə rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatı ödəmək məqsədi ilə 41 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Cənab Prezidentin Sərəncamına uyğun olaraq cari təsərrüfat ilində rayonumuzda 7 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hazırda rayonda əkin sahələrinin suvarılması üçün mövcud olan 489 subartezian quyusundan 481-i işlək vəziyyətdədir. Lakin etiraf etməliyəm ki, bu da təsərrüfatların ehtiyacını tam ödəməyəcək, xüsusən də su sevən bitki olan pambığın və digər kənd təsərrüfatı bitkilərinin suvarılmasında çətinlikləri aradan qaldırmayacaq. Odur ki, əkin sahələrinin suvarılması üçün lazımi tədbirlər həyata keçirilməlidir.

Respublikamızın digər bölgələrində olduğu kimi Tərtərdə də ixracyönümlü məhsul olan fındıqçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Rayonumuzda 37,4 hektar fındıq bağları mövcuddur ki, onun 12,1 hektarı 2016-cı ildə salınmışdır. Bar verən fındıq bağlarından hər hektardan 20,1 sentner olmaqla cəmi 47,8 ton fındıq məhsulu istehsal edilmişdir. Bu sahənin də inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayev, Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyev, kümçü Sabir Əsgərov, fermerlər Şamo Ələsgərova və Rəhim Hüseynov görülən işlər və qarşıda duran vəzifələrdən danışmışlar. Qeyd olunmuşdur ki, cənab Prezidentimiz İlham Əliyevin ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi üçün verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar rayonda baramaçılığın, pambıqçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yağ niyə bahalaşır?-

Yağ niyə bahalaşır?- ARAŞDIRMA

ATMU Türkiyədə keçirilən beynəlxalq konqresdə təmsil olunub

ATMU Türkiyədə keçirilən beynəlxalq konqresdə təmsil olunub

Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı

Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı

ASGA sədri baş direktor müavini ilə görüşdü

ASGA sədri baş direktor müavini ilə görüşdü

Mənə görə, Əli Kərimlinin ağlı yoxdur-

Mənə görə, Əli Kərimlinin ağlı yoxdur- Rauf Arifoğlu

Ramil Səfərovdan Mübariz Mənsimova hədiyyə-

Ramil Səfərovdan Mübariz Mənsimova hədiyyə- FOTO

Murad MTRŞ-yə canlı efirdə cavab verəcək

Murad MTRŞ-yə canlı efirdə cavab verəcək

Aslan İsmayılov polisdə dindirilib

Aslan İsmayılov polisdə dindirilib

Azərbaycanda yeni beyin mərkəzi yaradıldı

Azərbaycanda yeni beyin mərkəzi yaradıldı

Bakıda 26 yaşlı gənc liftin şaxtasına düşərək ölüb

Bakıda 26 yaşlı gənc liftin şaxtasına düşərək ölüb

Ramil Usubov cinsi azlıqların saxlanılmasına münasibət bildirib

Ramil Usubov cinsi azlıqların saxlanılmasına münasibət bildirib

Vaqif Abdullayevin ad günü münasibətilə sahibkarlardan pul yığılıb?-

Vaqif Abdullayevin ad günü münasibətilə sahibkarlardan pul yığılıb?- ŞİKAYƏT

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur