SMPDK yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə Seçki Komissiyasının iclası keçirilib




Sentyabrın 12-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə Seçki Komissiyasının iclası keçirilib.



İclasda komitə sədrinin müavini, Seçki Komissiyasının sədri Niyazi Rəhimov bildirib ki, ölkənin demokratikləşməsi prosesində vətəndaş cəmiyyəti institutlarının rolu getdikcə artmaqdadır. N.Rəhimov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələri parlamentə təqdim edilib, eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər: “2012-ci ildə cənab Prezident tərəfindən “Açıq Hökumətin təşviqinə dair ilk Milli Fəaliyyət Planı” təsdiq edilib. 2016-cı ildə daha bir Fəaliyyət Planı qəbul edilərək ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanun qüvvəyə minib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb, hazırda da uğurla fəaliyyət göstərir. Ölkədə vətəndaş cəmiyyəti ilə hakimiyyətin birgə fəaliyyət göstərdiyi dialoq platformaları mövcuddur. Bu platformaların bir çoxunda birgə qərar qəbul etmə və birgə fəaliyyət formaları mövcuddur ki, bu da ictimai iştirakçılığın ən yüksək səviyyəsi deməkdir”.

Komitə sədrinin müavini müasir dövrdə ölkəmizdə qeyri-neft ixrac potensialının genişləndirilməsi, sahibkarlığın inkişafı, ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında ciddi vəzifələrin durduğunu deyib. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanını xatırladan N.Rəhimov standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdiyini, publik hüquqi şəxs statusunda 4 orqanın təsis edildiyini deyib.

Komitənin fəaliyyətində ictimai iştirakçılığı təmin etmək zərurətinin daha da aktuallaşdığını deyən N.Rəhimov bu məqsədlə komitə yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə komitə sədri R.Həsənovun Əmri ilə Seçki Komissiyasının formalaşdığını qeyd edib.

Sonra İctimai Şuraya seçkilərin keçirilmə qaydaları və Şuranın hüquq və vəzifələri haqqında məlumat verilib. Seçki komissiyasının digər üzvləri - Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimli, “Turan İstedadlar” Birliyinin sədri Ceyhun Hacıbəyov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev çıxış edərək vətəndaş cəmiyyəti institutları üçün komitənin yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər. QHT təmsilçiləri İctimai Şuraya seçkilərin yüksək səviyyədə təşkili üçün öz rəy və təkliflərini bildiriblər.

Qərara alınıb ki, komitə yanında İctimai Şuraya seçkilər 31 noyabr 2017-ci il tarixində keçirilsin. Seçkidə iştirak etmək istəyən namizədlərin irəli sürülməsi və qeydiyyatı müddəti sentyabrın 18-dən oktyabrın 20-dək təyin edilib. İctimai Şuraya üzvlərin say həddi 7 nəfər müəyyən edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu