Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib


Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfrans keçirilib.

Mərkəzdən AFN-ə verilən məlumata görə, “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransın açılış nitqini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk olaraq elektron ticarət və elektron kommersiya sahəsində dövlət – özəl əməkdaşlığı üçün gözəl bir nümunədir. “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzrə rəqəmsal məkanının, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı müsəlman dünyasında elektron iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli bir qurumdur. Çünki bundan əvvəl də İSESCO ilə Rəqəmsəl Ticarət Qovşağı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Beləliklə, bu gün həm Avropa İttifaqı həm də Rusiya ilə imzaların qarşılıqlı tanınması transsərhəd elektron iqtisadiyyatın inkişafı üçün imzalanmış anlaşma memorandumları Azərbaycanın Rəqəmsal Ticarət mövqeyini gücləndirəcəkdir”

Daha sonra qonaqları Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, İqtisadiyyat nazirinin müavini Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və "PAŞA Bank"ın İdarə Heyətinin üzvü Aydın Atakişiyev salamlayıb.

Beynəlxalq konfransda müzakirələr bir neçə panel üzərindən aparılıb.

“Rəqəmsal Ticarət Qovşağının Azərbaycan Respublikasının ticarət əlaqələrinə və iqtisadi inkişafına töhfəsi” adlanan ilk paneldə "B.E.S.T. Solutions" şirkətinin təsisçisi Yana Krimpe, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli, Avropa e-İdentifikasiya və Təhlükəsizlik Assosasiyasının sədri Con Şamah, Estoniyada hökumətin baş informasiya səlahiyyətlisinin rəqəmsal xidmətlərin inkişafından məsul müavini, İqtisadi Münasibətlər və Kommunikasiya Nazirliyinin İnformasiya cəmiyyəti xidmətlərinin inkişafı şöbəsinin rəhbəri Janek Rozov, Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramlari baş idarəsinin rəisi İqbal Babayev çixiş edib.

“Sərhədlərarası ticarət üçün innovativ həllər” mövzusu ətrafında aparılan ikinci panelin müzakirələrinə İsvecrənin “OrientSwiss” şirkətinin Baş direktoru Sardor Muhamadaliyev, Rusiyanın “Qazinformservis” MMC –nin müşaviri Sergey Kiryuşkin, Polşanın “Asseco Data Systems” şirkətinin layihə rəhbəri Alla Stoliarova qatılıblar.

“Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransın 3-cü panelində Azexport Portalının rəhbəri Zaur Qardaşov, Vergilər Nazirliyinin Qeydiyyat Şöbəsinin rəhbəri Müslüm Şəfiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO-nun prezidenti Rüfət Məmmədov , Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nümayəndəsi Elnar Əsədov, Paşa bankın Baş Strateji Nəzarətçisi Aqşin Mirzəzadə “Rəqəmsal Ticarət Qovşağı Dövlət və Özəl sektor arasındakı əlaqələri genişləndirir” mövzusu ətrafında danışıblar.

Konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar keçirilib.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə bir neçə ölkənin mötəbər qurumları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Anlaşma sənədləri Rusiyanın “QazinformService” şirkəti, Polşanın “Asseco data Sistems” şirkəti və İsveçrənin “OrientSwiss” şirkəti arasında imzalanıb. Bu müqavilələrin imzalanması ölkələr arası bizmes əlaqələrinin yaxşılaşdırılmasına, Azərbaycanın iqtisadi inkişafının, e-Ticarət və e-Kommersiyanın inkişafının asanlaşdırılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransının keçirilməsində əsas məqsəd Rəqəmsal Ticarət Mərkəzinin infrastrukturuna xüsusi diqqət yetirərək, transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivlərini müzakirə etməkdir.

Xatırladaq ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixində imzaladığı “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılıb. Azərbaycan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu