Qənirə Paşayeva 7 şəhid kəşfiyyatçının adının əbədiləşdirilməsi məsələsini parlamentdə qaldırdı


Qənirə Paşayeva 7 şəhid kəşfiyyatçının adının əbədiləşdirilməsi məsələsini parlamentdə qaldırdı


Millət vəkili Qənirə Paşayeva onlara verilən tapşırıqları qəhrəmancasına yerinə yetirən və düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman kəşfiyyatçı şəhidimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırıb.

Millət vəkili bildirib ki, bu qəhrəman şəhidlərimizin ailələri ilə görüş zamanı onlar belə bir xahişlə çıxış ediblər ki, onların övladlarının adı küçələrdən, meydanlardan, məktəblərdən, təşkilat və müəssisələrdən birinə verilərək əbədiləşdirilsin: "Ümummilli liderimiz Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək onları "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişdi. "Azərbaycan Bayrağı" ordeni statusuna görə ən ali ordenlərdən biridir. Ailələrin xahiş və təkliflərini burda səsləndirmək istəyirəm. 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanunda küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunanların adların verilməsi vurğulanır. Bu ailələrin xahiş və təkliflərini səsləndirərək vurğulamaq istəyirəm ki, qanunun bu maddəsinə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və ali hərbi mükafata layiq görülənləri də əlavə edək. Bu gün bölgələrimizdə çoxlu sayda küçələr, meydanlar var, bu küçə və meydanlara qəhrəman şəhidlərimizin adlarının verilməsi sadəcə onların ailələri üçün deyil, bütün cəmiyyətimiz üçün də vacib bir məsələdir. Cənab Prezidentin daima şəhidlərimizə və qəhrəmanlarımıza yüksək səviyyədə münasibətini xüsusi vurğulayaraq inanıram ki, 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanuna bir sıra əlavələr ediləcək və bölgələrdə küçələrə, meydanlara, məktəblərə, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə ölümündən sonra bir dəfə ordenə layiq görülmüş qəhrəmanların adlarının da verilməsi qanunda öz əksini tapacaq və yaxın zamanda həyata keçəcək. Qəhrəman şəhidlərimizin ailələri Milli Məclisdə bu xahiş və təkliflərini çatdırmağımızı xahiş etdilər və biz bu təklifin əsaslı olduğunu nəzərə alaraq inanırıq ki, Milli Məclisdə qısa zamanda bu istiqamətdə addımlar atılacaq. Eyni zamanda həmin kəşfiyyat dəstəsindən yalnız bir nəfər yaralı olaraq xilas olub və həmin xəstə qardaşımıza daha yüksək səviyyədə qayğının göstərilməsinin vacibliyini buradan səsləndirmək istəyirəm."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu