Ümummilli lider Heydər Əliyevin xatirəsi Mingəçevir Turizm Kollecində də anılıb


Ümummilli lider Heydər Əliyevin xatirəsi Mingəçevir Turizm Kollecində də anılıb


Ölkənin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “dəyirmi masa”, mühazirə və seminarlar təşkil edilib. İnşa, rəsm müsabiqələri, bilik yarışması, kitab sərgisi, idman turniri, Heydər Əliyev Mərkəzinə ekskursiya, sənədli filmlərə baxış təşkil olunaraq ümummilli liderin keçdiyi şərəfli ömür yolu ən yüksək səviyyədə yad edilərək təbliğ olunub. Tədbirlərdə MTK-nın müəllim və tələbə heyəti, valideynlər, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.



Anım günüylə əlaqədar Mingəçevir Turizm Kollecinin kollektivi ümumşəhər tədbirinə qatılaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Tədbirlər silsiləsi “Heydər Əliyevin həyatı gənclərimiz üçün bir məktəbdir” adlı elmi-nəzəri konfransla yekunlaşıb.
Elmi-nəzəri konfrans ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dahi rəhbərin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və Vətənimiz qarşısında tarixi xidmətlərindən ətraflı bəhs edib: “Heydər Əliyev o dahi şəxsiyyətlərdəndir ki, haqqında danışmaq çətin olduğu qədər də çox asandır. Onun xalqın rifahı və dövlətçiliyin möhkəmləndirilməsi naminə qəbul etdiyi qərarlar və atdığı addımlar sərhəd tanımır. Bu səbəbdən də onlar haqqında danışmaqla bitən deyil. Xalqını böhrandan, vətəndaş müharibəsi və dövlətini parçalanma təhlükəsindən xilas edib, xalqının və dövlətinin daha dayanıqlı təməllər üzərində inkişafını təmin edən bu dahi Azərbaycan oğlunun xidmətləri əsrlər boyu tarixdə və ürəklərdə əbədilik qazanacaq. Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, beynəlxalq aləmdə öz yerini və mövqeyini möhkəmləndirir”.
Azərbaycan dövlətçilik tarixində müstəsna və əvəzediməz yeri olan dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
MTK-nın müəllimlərindən Elmira Rəhimova, Samir Tağızadə və tələbə Əsmər Qurbanova müvafiq olaraq “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və müstəqil Azərbaycan”, həmçinin “Heydər Əliyev və müasir gənclik” mövzularında çıxış edərək dahi şəxsiyyətin çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunublar.
Sonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bilik, inşa və rəsm müsabiqələrinin qaliblərinə fəxri fərmanlar təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu