Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi


Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi


Böyük rus yazarı Qoqolun kəlama dönən bir deyimi yadıma düşdü- "Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var". İyirmi dörd yaşından qəriblikdə yaşayır. ABŞ kimi ucsuz-bucaqsız bir ölkədə, doğmalarından çox uzaqda vəhşi kapitalizmin sərt qaydalarına tab gətirmək, üstəlik özünə şərait yaratmaq hər gəncin hünəri deyil. Bunun üçün çox çalışmalısan, lap çox. Haqqında söhbət açdığım Emin Əliyev kimi…

O, 1991-ci ildə Bakı şəhərində dünyaya gəlib. Əslən Ağsu rayonunun Gəndəxan kəndindəndir. 2008-ci ildə Bakının Əmircan kəndindəki 154 saylı orta məktəbi başa vurduqdan sonra Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakultəsinə qəbul olunub. 2012-ci ildə oranı iqtisadçı ixtisası ilə bitirib. 2010-2015-ci illərdə Zaqafqaziyada ən böyük "Risk" İT şirkətində mühəndislikdən baş mühəndis vəzifəsinədək yüksələ bilib. 2015-ci ildən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yaşayır…

…Atası Famil Əliyev Rusiyada ali təhsil alıb, ixtisasca mühəndisdir. Anası Valentina xanım isə Əmircandakı 154 saylı məktəbdə rus dili və ədəbiyyatı müəllimidir. Yeri gəlmişkən, Valentina xanım da ömür-gün yoldaşı ilə eyni kənddəndirlər. O vaxt atası Sabir kişi ona ad qoyarkən hansı adı deyibsə qohumlarda o addan olduğuna görə məsləhət biliblər ki, fikrindən dönsün. Nəticədə Sabir kişi qızına rus xanımlarının adını qoyub…

Emin Çikaqoda məskunlaşdıqdan sonra bir müddət Kompyuter Sistemləri İnstitutunda təhsilini davam etdirərək həm ingilis dilini təkmilləşdirib və həm də biznesin idarə olunması ixtisasına yiyələnib. Sonra bir il də Çikaqo Texniki İnstitutunda kompyuter elmlərindən dərs deyib. Hazırda yaratdığı "Azerics" İT şirkətinin rəhbəridir. Şirkət bir sıra nəhəng qrumların müxtəlif ştatlarda olan filialları ilə əməkdaşlıq edir. "Walmart", "Gap Group", "Mattress Firm", "Banana Republic", "Svarovski", "J Crew" şirkətləri bu sıradadır. Eminin bir başqa müəsissəsi də vardır. "Easymove" adlanan bu müəsissə isə ştatlararası yükdaşıma ilə məşğul olur…

…Ömür-gün yoldaşı Yana xanım əslən Ukraynadandır. Uşaqlıqdan Çikaqoda yaşayır. Bir neçə ildir ki, ailə qurublar. Yana xanım daşınmaz əmlak üzrə mütəxəsisdir. Ailədə Murad adında iki yaşlı bir kişi də böyüyür…

Bütün gənclər kimi onun da arzuları çoxdur. İyirmi səkkiz yaşlı bu soydaşımız gələcəkdə sahibi olduğu şirkəti böyütmək, nə vaxtsa oğluna həvalə edib Azərbaycana dönmək istəyir. ABŞ-a gəlmək istəyənlərə isə tövsiyyəsi belə oldu: "Heç nədən çəkinməsinlər, gəlsinlər. Gələndə beynəlxalq sertifikatları olsa daha yaxşı olar. Amerika səriştəli, ağıllı, əzmkar, işgüzar, risk etməyi bacaran adamlar üçün gözəl meydandır. Bir də baxıb görəcəklər ki, çətinliklər arxada qalıb, uğur qazanmaq adi hala çevrilib"…

Çikaqoda Azərbaycanla bağlı keçirilən tədbirlərdə ailəlikcə mütamadi iştirak edir. ABŞ-da yaşayan hər hansı bir azərbaycanlının uğur qazandığını eşidəndə çox sevinir. Deyir ki,- "Biz vətənimizi mədəni davranışımız, mehriban rəftarımız və eləcə də qazandığımız uğurlarla amerikalılara sevdirə bilərik"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu