"Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda tədbir keçirilir


"Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda tədbir keçirilir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

AFN xəbər verir ki, seminar-müşavirədə dindarlar, dini icma sədrləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Şöbə müdiri qeyd edib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı təmsil etdiyi qurumun dini dəyərlərin təbliğatı istiqamətində həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. Görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Xurafatın bütün cəmiyyət üçün təhlükəli olduğunu qeyd edən sədrin birinci müavini dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olan dini maarifləndirmə prosesində cəmiyyətin bütün təbəqələrinin fəal olmalarının zəruriliyinə toxunub.

Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, din-dövlət münasibətlərini özündə əks etdirən müddəalar barədə də danışan Səyyad Salahlı bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradıldığını deyib. Bildirib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. S.Salahlı tolerantlığın radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında qeyd edib ki, milli-mənəvi dəyərlər arasında din amili mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran natiq, cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.

QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib. Ölkəmizdə 2200-dən artıq məscidin mövcud olduğunu vurğulayan Q.Axundzadə son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ibadətgahların inşasını ölkə başçısının xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsi adlandırıb.

Seminar-müşavirə mayın 17-də öz işini davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu