Azərbaycanda kiçik miqyaslı bərpa olunan enerji üçün əlverişli siyasi çərçivənin tətbiqinə dəstək məsələsi müzakirə edilib


Azərbaycanda kiçik miqyaslı bərpa olunan enerji üçün əlverişli siyasi çərçivənin tətbiqinə dəstək məsələsi müzakirə edilib


Energetika Nazirliyində bir sıra dövlət qurumlarının, BMT İnkişaf proqramı və DNV-GL beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda kiçik miqyaslı bərpa olunan enerji üçün əlverişli siyasi çərçivənin tətbiqinə dəstək” mövzusunda tədbir keçirilib.



Nazirlikdən AFN-ə verilən məlumata görə, tədbir elektrik enerjisinin ümumi generasiya güclərində bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması məqsədilə təşkil edilib. Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 29 may 2019-cu il tarixli Sərəncamında bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması, özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, müvafiq qanunvericilik sənədlərinin hazırlanması ilə bağlı bəndlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb və bu istiqamətdə beynəlxalq şirkətlərin cəlb edilməsi ilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun, eləcə də elektrik enerjisinin satın alınması, bərpa olunan enerji qurğularının şəbəkəyə qoşulması müqavilələri üzrə layihələrin hazırlandığını vurğulayıb. Nazir müavini bərpa olunan enerji sahəsinin inkişafı üçün irihəcmli enerji layihələri ilə yanaşı, kiçik miqyaslı layihələrin də həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. Bildirilib ki, bu istiqamətdə layihələrin reallaşdırılması üçün beynəlxalq təcrübə öyrənilməli, münbit şərait yaradılmalı, maarifləndirici təşviq mexanizmləri hazırlanmalıdır.

Tədbirdə DNV-GL şirkətinin nümayəndələri Tim Mennel və Faik Tursun tərəfindən “Azərbaycanda kiçik miqyaslı bərpa olunan enerji üçün əlverişli siyasi çərçivənin tətbiqinə dəstək” layihəsi üzrə müştəri qruplarının kateqoriyalara bölünməsi, kiçik miqyaslı texnologiyalar- günəş PV, akkumulyator, günəş istilik qurğuları, istilik qızdırıcıları, kiçik miqyaslı biokütlə, müxtəlif tipli günəş panellərinin quraşdırılması və texniki parametrləri, istifadəyə yararlığı, enerji verimliliyi barədə məruzələr edilib, kiçik miqyaslı bərpa olunan enerji layihələri üzrə Almaniya, Qazaxıstan, Gürcüstan və Türkiyənin təcrübəsi diqqətə çatdırılıb. Bildirilib ki, iqtisadi cəhətdən sərfəli sayılan bu qurğular şəbəkəyə qoşulmayan ucqar yaşayış məntəqələrində, kənd təsərrüfatı ilə məşğul olan ərazilərdə istehlakçıların ehtiyaclarının qarşılanması üçün əhəmiyyətlidir. Kiçik miqyaslı bərpa olunan enerji qurğuları vasitəsilə izafi enerjinin şəbəkəyə ötürülməsi də mümkün ola bilər. Qeyd olunub ki, kiçik miqyaslı bərpa olunan enerji qurğularının tətbiqi genişlənərsə, bu qurğular ənənəvi enerji təchizatı qurğularını da əvəz edə biləcək.

Tədbir zamanı kiçik miqyaslı şəbəkədən kənar alternativlər, kiçik miqyaslı bərpa olunan enerji mənbələri üçün dəstək sxemləri, kiçik miqyaslı bərpa olunan enerjidən istifadənin təsirlərinin qiymətləndirilməsi ətrafında müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu