Ermənilərin təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün təkliflər hazırlanır


"2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır.



Bu, Prezident İlham Əliyevin "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncamda öz əksini tapıb.

Qeyd olunub ki, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır.

Qeyd edək ki, həmin sərəncamla sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödəniləcək:

• dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1 500 manat məbləğində;

• digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1 000 manat məbləğində.

Nazirlər Kabinetinə bu Sərəncama uyğun olaraq maliyyələşməni təşkil etmək, aidiyyəti yerli icra hakimiyyəti orqanlarına isə nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmək tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu