AFN.AZ / Gənclər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində olublar

Gənclər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində olublar



Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) məlumat turunda iştirak ediblər.

Gənclər ilk növbədə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olub. Burada onlara Mərkəz barədə ətraflı məlumatlar təqdim edilib. İİTKM-nin nümayəndəsi Nicat Hacızadə bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir.

Ətraflı məlumat əldə etdikdən sonra, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi gələcəkdə də sahibkarlıqla məşğul olmaq istəyən gənclərə stimul verəcək. Çünki artıq Mərkəzin fəaliyyəti ixracatçılara dəstək baxımından örnək göstərilir.

Daha sonra gənclərlə Azərbaycanda son illərdə aparılan islahatlar, xüsusilə Strateji Yol Xəritələri, Beynəlxalq reytinqlərdə ölkəmizin vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan hüquqi və iqtisadi islahatlar, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi, Azexport portalı haqqında ətraflı fikir mübadiləsi aparılıb. Sahibkarlıq fəaliiyəti və ixrac prosedurlarlı ilə maraqlanan gənclərin suallarına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azexport portalının rəhbəri Zaur Qardaşov və İİTKM-nin analitiki Nicat Hacızadə cavab veriblər.

Əlavə edək ki, Gənclər Təşkilatlarının Milli Şurası 124 gənclər təşkilatını öz ətrafında birləşdirir. Şuranın missiyası Vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılması.
25-09-2017, 14:31
Geri qayıt