AFN.AZ / İşəgötürənlərə əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlar verilib

İşəgötürənlərə əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlar verilib

İşəgötürənlərə əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlar verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti seminarlar Sumqayıt şəhərində, Şəki və Siyəzən rayonlarında təşkil olunub. Tədbirlərdə qeyd olunan şəhər və rayonlarda, habelə ətraf rayonlarda fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri iştirak edib.

Sumqayıt şəhərində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirilən seminarda uşaq əməyinin mənfi nəticələri, cəmiyyətə vurduğu ziyan barədə məlumat verilib. Tədbirdə uşaq əməyinə münasibətdə qanunvericilikdə əksini tapan prinsiplər, 15 yaşından 18 yaşınadək olanlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları diqqətə çatdırılıb. Tədbirdə işəgötürənlərin nümayəndələri ilə yanaşı, bir sıra orta məktəblərin yuxarı sinif şagirdləri, müəllimləri də iştirak edib.

“Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda Şəki rayonunda təşkil olunan seminarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmamasının istehsalat qəzalarının baş verməsinə səbəb olduğu vurğulanıb. İş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına işəgötürənlərin cavabdehlik daşıdıqları qeyd olunub, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri barədə ətraflı məlumatlar verilib.

Siyəzən rayonunda “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda keçirilən seminarda isə əmək müqaviləsinin tərəfləri və məzmunu, forması, müddəti, həmin müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə əmək qanunvericiliyindən irəli gələn tələblər iştirakçıların diqqətinə çatdırılıb. Əmək müqaviləsinin əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə olduğu, işçinin əmək və sosial hüquqlarının təminatında əsas hüquqi sənəd rolunu oynadığı vurğulanıb.

Hər üç seminarda iştirakçılara müvafiq mövzular barədə maarifləndirici çap materialları da təqdim edilib, onların əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı sualları ilə bağlı izahatlar verilib.
13-06-2018, 16:51
Geri qayıt