AFN.AZ / ƏMDK Lənkəranda işgüzar forum keçirib

ƏMDK Lənkəranda işgüzar forum keçirib

ƏMDK Lənkəranda işgüzar forum keçirib


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Lənkəran iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda işgüzar forum təşkil edilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda ətraf rayonlardan olan 100-dək sahibkarlıq subyekti, iş adamı iştirak ediblər.

Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar barədə maarifləndirməkdir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Yalçın Camalov çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanına əsasən müasir çağrışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyən edilib. Strateji yol xəritələrində də Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılması məqsədilə özəlləşmə ilə bağlı islahatların həyata keçirilməsi əsas hədəflərdəndir. Artıq aparılan islahatlar nəticəsində bu sahədə idarəetmənin modernizasiyası, prosedurların elektronlaşdırılması, operativliyin təmin olunması istiqamətində mühüm nəticələr əldə edilib. Özəlləşmə prosesinin tam olaraq elektron müstəviyə keçməsi, Elektron hərracın tətbiqi, eləcə də hərracları onlayn izləmək imkanının olması geniş investor kütləsinin prosesə cəlb edilməsinə, özəlləşmənin keyfiyyətcə yeni mərhələsinin başlanmasına şərait yaradıb. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq 30-a yaxın vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 100-ə yaxını isə elektron şəkildə həyata keçirilib. Ümumilikdə hərracların 75-i isə rəqabətli şəkildə baş tutub.

Ölkəmizdə əsas vəzifələrdən biri də regionlarda rəqabət qabiliyyətli müəssisələrin fəaliyyətinin yenidən qurulması, istehsal gücünün artırılmasıdır. Regionlarda yerləşən dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi də iqtisadiyyatın inkişafına edilən effektiv təsir imkanlarını genişləndirir.

Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə satışa yönəldilir. Bu zaman dövlət əmlaklarının altında yerləşən torpaq sahələri həmin əmlakların bazar dəyərinə daxil edilməklə, birlikdə özəlləşdirilir. Belə işlərin əsas məqsədi sahibkarların müvafiq əmlakları təkrar bazardan deyil, daha əlverişli bazar olan – hərrac və müsabiqələrdən əldə etməsidir. Bildirilib ki, cari il ərzində ümumilikdə 114 hərrac keçirilib, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 350-yə yaxın iri və kiçik həcmli dövlət əmlakı özəlləşdirilib.

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən Özəlləşdirilmə portalı bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Nəticədə isə portala baxış sayı 2 milyona yaxınlaşıb.

Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri də aparılır.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev bildirib ki, özəlləşmə sahəsində yaradılan geniş şərait regionlarda eləcə də Lənkəran şəhərində yeni sahibkarlıq subyektinin formalaşmasına imkan verir. Lənkəran şəhəri üzrə özəlləşməyə çıxarılan müəssisələrin gələcək potensialından danışan icra başçısının müavini qeyd edib ki, həmin müəssisələrin özəlləşdirilərək yenidən fəaliyyətinin təmin edilməsi rayonun iqtisadi potensialının artmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. İcra başçısının müavini iş adamlarını Lənkəranın iqtisadi gücünün, turizm potensialının artmasını nəzərə almaqla özəlləşmə prosesində fəallığı artırmağa çağırıb.

Sonra Komitə ilə Azərbaycan Çay İstehsalçıları və İxracatçıları, eləcə də Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyaları arasında əməkdaşlıq memorandumları imzalanıb. Memorandumun əsas məqsədi Assosiasiyanın üzvü olan sahibkarlarla səmərəli əlaqələrin yaradılması, onların müvafiq sahələr üzrə özəlləşməyə cəlb edilməsi, eləcə də həmin investorlar haqqında məlumat bazasının formalaşdırılması, mütəmadi işgüzar görüşlərin keçirilməsidir. Eyni zamanda özəlləşdiriləcək müəssisələrə Assosiasiyanın üzvlərinin iştirakı ilə infoturun təşkili də əsas məsələlərdəndir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Sahibkarlar Lənkəran iqtisadi rayonunda özəlləşdirilməsi nəzərdə tutulan 35-ə yaxın müəssisələr haqqında ətraflı informasiya əldə ediblər. Həmin müəssislərin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi barədə məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, bu müəssisələrin 12-si xidmət, 5-i istehsal, 4-ü mədəniyyət, 4-ü üzümçülük, hər biri üzrə 2 olmaqla kənd təsərrüfatı, şərabçılıq, quşçuluq, 1-i çayçılıq sahəsinə aiddir. Eyni zamanda respublika üzrə özəlləşməyə açıq elan edilən 350-yə yaxın müəssisələr haqqında da məlumat verilib. Qeyd edilib ki, bunlardan 142-si sənaye, 65-i xidmət, 58-i kənd təsərrüfatı, 32-si turizm, 14-ü səhiyyə, 13-ü isə təhsil sahəsinə aiddir.

İnnovativ yenilik, xüsusi model olan Elektron hərracın tətbiqindən də danışılıb. Bildirilib ki, sistem investorların sadə üsullarla əmlak sahib olmasına, istənilən yerdən hərraclara qoşulmasına imkan verir. Sistemin tətbiqi zaman və məkan məfhumunu aradan qaldırıb.

Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə digər iqtisadi rayonlarda da keçiriləcək.
11-07-2018, 13:42
Geri qayıt