AFN.AZ / Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir

Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir

Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, bir bazardan asılılığının aradan qaldırılması üçün xarici sularda fəaliyyəti də daim diqqət mərkəzində saxlanılır, bununla bağlı mütəmadi iş aparılır. Bu, yeni daimi iş yerlərinin açılması, beynəlxalq yükdaşımalarda rəqabətədavamlılığın təmin edilməsi, xarici sularda ölkəmizin təmsil və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə qarşıya qoyulan strateji hədəflərə uyğun növbəti addım atılıb. Bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq.

Artıq gəmi Türkmənistanın Türkmənbaşı limanından karbamid yükü ilə Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”-a gedəcək.

Universal quru yük gəmisinin istismarına nəzarəti “AXDG” QSC-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi Gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə QSC-nin Türkiyə nümayəndəliyi həyata keçirəcək.

“Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-i quru yük, ikisi tankerdir.
11-10-2018, 19:27
Geri qayıt