AFN.AZ / Tərtərdə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən yararlanıb

Tərtərdə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən yararlanıb

Tərtərdə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən yararlanıb


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir.

Rayon İH-dən AFN-ə verilən məlumata görə, əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılır, tibb ocaqlarında iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində da aparılır. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Müayinələrin yüksək səviyyədə aparılması, vətəndaşların rahatlığı üçün xəstəxana zəruri avadanlıqlarla təchiz olunub, lazımi şərait yaradılıb. Sakinlər əsasən terapevt, endokrinoloq, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq, ginekoloq tərəfindən müayinə edilir, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir.

Tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən yaşı 18-dən yuxarı olan 59 min 186 nəfərin keçməsi nəzərdə tutulub. Artıq fevralın 12-dən başlayan aksiya zamanı 8081 nəfər sakin tibbi müayinədən keçərək, öz sağlamlıqları barədə ətraflı məlumat əldə edib. Müayinə olunanlar arasında ürək-damar, oynaq, bronxit, kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir. Sakinlərdən 658 nəfəri ambulator, 5 nəfəri stasionar müalicəyə cəlb edilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında olmuş, tibb işçiləri və müayinəyə gələnlərlə görüşmüşdür.

Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi tibbi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanır. Tibbi müayinədən keçən rayon sakinləri müayinələrin təşkilindən, yaradılan şəraitdən razılıq edib, əhalinin sağlamlığına yönələn bu xeyirxah aksiyanın keçirilməsinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tərtərdə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən yararlanıb
21-02-2019, 15:09
Geri qayıt