AFN.AZ / Aqrar sahədə təlimçilər üçün təlim layihəsinə start verilib

Aqrar sahədə təlimçilər üçün təlim layihəsinə start verilib

Aqrar sahədə təlimçilər üçün təlim layihəsinə start verilib


Kənd Təsərrüfatı Nazirliyi ilə “MS Professional Trainings and Career Center” MMC şirkəti arasında bağlanmış müqavilə əsasında Nazirliyin Mərkəzi Aparatının Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsinə start verilib.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, bu il avqustun 1-dən başlayan layihə çərçivəsində aqrar sahənin əsas istiqamətləri üzrə 120 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulur. Bunun üçün ilk növbədə 220 nəfərdən artıq mütəxəssislə görüş keçiriləcək, namizədlərin motivasiya və təlimçilik bacarıqları dəyərləndiriləcək.

Artıq təlimçiliyə namizədlərlə görüşlərə başlanıb və ilkin seçim mərhələsi davam edir.

Seçim turundan sonra həmin mütəxəssislərə təlimçilər üçün təlim proqramı tədris olunacaq. Təlimlər yekunlaşdıqdan sonra hazırlanmış təlimçilər öz ilkin təlimlərini hazırlayacaq. Bu təlimlər peşəkar təlimçilər tərəfindən qiymətləndiriləcək.

Təlim və təhsil şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etməkdir.

Bununla yanaşı, layihə çərçivəsində nazirliyin agroinfo.az təlim portalının imkanlarının genişləndirilməsi, onlayn təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Layihə çərçivəsində həmçinin, yeni təlim qiymətləndirmə və dəyərləndirmə mexanizmi və təlimçilər üçün yaddaş kitabçası hazırlanacaq.
9-08-2019, 13:51
Geri qayıt