AFN.AZ / Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib

Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib

Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib


Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında yerli üzüm sortlarının dequstasiyası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AFN-ə verilən məlumata görə, dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü kimi keyfiyyət göstəricilərinə baxış keçirilib, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib. Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır.

İnstitutun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatlar aparılır. Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortları əkilib-becərilmişdi. Onlardan 400-ə qədərini yerli üzüm sortları təşkil edir. “Dünyanın ən yüksək məhsuldar və keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Onlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ Aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bunların da içərisində elələri var ki, onlar dünyada da nadir sortlardır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri kimi hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kq-a çatır ki, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir”- deyə V.Səlimov bildirib.

Hazırda institut əməkdaşları tərəfindən üzüm sortlarınının xarici sortlarla müqayisədə çatışmayan əlamətlərinin aşkarlanması, rəqabətə davamlılığını yüksəltməyə yönəlmiş seleksiya işləri aparılır, sortlarda müasir tələbatlarla uzlaşmayan əlamətlərin yaxşılaşdırılmasına yönəlmiş seleksiya proqramlarının həyata keçirilməsi təmin olunmaqdadır.
9-08-2019, 17:56
Geri qayıt