Orxideya gülünə necə qulluq edilməlidir? - incə maraqlar


Bu yazımda sizinlə Phalaenopsis Orxideyalara qulluq barəsində bütün bildiklərimi və əsasən də ev şəraitində faydalana biləcəyiniz məsləhətləri ətraflı şəkildə bölüşəcəyəm.


Mənim orxideya sevgim ilk dəfə akademiyaya qəbul olduğum il özümə bir ağ orxideya hədiyyə etməyimlə başladı və artıq 6 ildir ki davam edir. Orxideyalar mənim ən çox sevdiyim 2-3 dibçək gülündən biridir. Son zamanlar orxideya sevənlərin və evdə saxlayanların sayı da gün keçdikcə artır. Ancaq təəssüf ki, bir o qədər orxideya da yanlış qulluq səbəbindən tələf olur. Beləliklə, bir-birindən gözəl orxideyalarınızla illər boyu birlikdə olmağınız üçün 6 illik təcrübələrimi sizinlə bölüşürəm:

İşıq istəyi:

Günəş Phalaenopsis orxideyalar üçün olduqca vacibdir. Yetərli gün işığı aldığı zaman inkişafı daha sağlam və daha tez baş verəcəyi üçün orxideyaları mütləq bol aydınlıq, işıqlı yerdə yerləşdirmək lazımdır.

Bu zaman nəzərə almaq lazımdır ki, günəş işıqları birbaşa orxideyaya toxunmasın, pəncərə ilə orxideya arasında günəşin yandırıcı şüalarını zəiflədəcək pərdə olsun. Əks halda, çox qısa müddətdə orxideyanızın günəşdən bişdiyini və bir dəfəlik tələf olduğunu görə bilərsiniz.

Sulama qaydası:

Orxideyaları sulamaq üçün adi kran suyu ən idealıdır. Çünki bu suyun tərkibindəki kalsiumun orxideyalara faydası var. Ancaq istifadə etməzdən iki gün öncə suyu geniş bir qabda ağzı açıq bir şəkildə saxlamaq lazımdır. Beləliklə, kran suyunun tərkibindəki orxideyalara zərərli xlor uçub gedəcək.

Sulamanı səhər saatlarında etmək daha əlverişli olacaqdır. İstifadə etdiyiniz suyun otaq temperaturundan soyuq olmamasına diqqət edin. Gərəyindən artıq sulamanın kökləri çürüdəcəyini nəzərə alın. Ümumiyyətlə orxideyaların tələf olmasının əsas səbəbi yanlış sulanma nəticəsində köklərin çürüməsidir. Uzun müddət yaş və soyuqda qalmış köklər çox qısa zamanda çürüyəcəkdir.

Nəzərə almalısınız ki, bütün dibçək bitkiləri kimi orxideyalar üçün də “filan gündə bir” şəklindəki sulama rejimi olduqca yanlışdır.

Sulanmanı nə zaman artırıb azaldacağınız sizin müşahidələrinizə əsasən tənzimlənməlidir. Məsələn, nəzərdə tutsanız ki, orxideyalarınızı həftədə bir dəfə sulayacaqsınız, bu zaman havadakı temperatur dəyişikliyi nəticəsində 1 həftə ərzində dibçəyi qurumamış orxideyanızı yenidən sulayacaqsınız və ya 3 gün ərzində qurumuş orxideyanız hələ 4 gün susuz qalacaq. Beləcə bir müddət sonra orxideyanız kök çürüməsindən tələf ola bilər.

Sulayarkən dibçəyin 2 santimetr dərinliyində olan qabıların nəmliliyini əlinizlə yoxlayın, əgər yetərincə qurudursa, sulayın.

Nəmlilik:

Orxideyalar nəmli havalarda olduqca yaxşı inkişaf edir.

Xüsusən havanın temperaturu yüksəldikcə daha çox nəmliliyə ehtiyac duyurlar. Nəm istəkləri bənövşələrə bənzədiyi üçün bənövşələrin yaxşı inkişaf etdiyi evlərdə orxideyalar da yaxşı inkişaf göstərir.

Əgər evinizin havası çox qurudursa, süni şəkildə nəmliliyi necə yarada biləcəyinizi də bənövşələrə qulluq yazımda nəmlilik bölməsində aydın şəkildə qeyd etmişəm.

Dibçək seçimi:

Orxideyalara dibçək seçərkən diqqət etməli olduğunuz ən vacib məsələ dibçəyin şəffaf olmasıdır.

Köklərinin yaşıl olmasından təxmin edə biləcəyiniz kimi orxideyaların kökləri də fotosintez edir. Buna görə də köklərin işıq görə bilməsi üçün dibçəyinin şəffaf olması olduqca vacibdir.

Daha dekorativ göründüyü üçün şəffaf dibçəyin digər bir şəffaf olmayan dibçəyə qoyulduğunu çox tez-tez görürük. Ancaq belə etsəniz, bu halda da yenə köklər günəş işığından məhrum olduğu üçün fotosintez edə bilməyəcək, öz sağlamlığını itirəcək, beləcə gülünüzün inkişafı ləngiyəcək.

Torpaq istəyi:

Əgər diqqət etmisinizsə, bilirsiniz ki, orxideyaların “torpaq”ları digər güllərin torpaqlarından tamamilə fərqlidir. Orxideya torpağı şam ağacının qabıq və qırıntılarından hazırlanmış, bəzən isə içərisində sfaqnum mamırı və kokos qabığı hissəciklərinə də rast gələ biləcəyiniz xüsusi bir qarışıqdan ibarətdir. Ancaq təəssüflər olsun ki, çox tez-tez xanımlardan orxideyaları aldıqdan sonra öz əkildikləri bu düzgün qarışığın içərisindən çıxarıb, adi həyət torpağı və ya torfa əkməkləri barəsində məlumatlar alıram. Bu, birbaşa orxideyanı öldürmək deməkdir. Çünki orxideyaların kökləri daim hava və günəş işığı almalı, uzun müddət yaş qalmamalıdır. Bütün bunlar üçün ən doğru “torpaq” qarışığı isə yuxarıda qeyd etdiyim ağac qabıqlarından xüsusi üsullarla hazırlanmış olanıdır. Çünki orxideyalar təbii şəraitdə digər ağacların üzərində, kökləri qırıntılarla yarı örtülmüş, yarı açıq şəkildə yetişən bitkilərdir.

Orxideyaların torpağını dəyişərkən mütləq çiçək mağazalarının hamısında tapa biləcəyiniz “orxideya torpağı” adlandırılan qarışıqlardan istifadə edin.

Gübrə istifadəsi:

Ayda bir dəfə və ya 4 sulamadan bir olacaq şəkildə orxideyalar üçün nəzərdə tutulmuş maye gübrələri su ilə qarışdıraraq verməyiniz kifayət edəcəkdir.

Yayın qızmar dövründə orxideyaların inkişafı dayandığı üçün gübrə verməyinizə də ehtiyac yoxdur.

Çiçəklənmə:

Orxideyalar digər çiçəklər kimi bütün il ərzində çiçəkli qalmır. Adətən, ildə bir-iki dəfə çiçək açır və çiçəkləri uzun müddət üzərində qalır. Çiçək açması üçün havaların azacıq sərin olmasına ehtiyac duyur. Məsələn, adətən, yay sonu-payızın əvvəlindən başlayaraq çiçək budaqları və tumurcuqları yaranmağa başlayır. Budaqların inkişaf etməsi və çiçəklərin açılması uzun müddət zaman ala bilər. Çiçəklər açdıqdan sonra da üzərində solmadan 3-4 ay qala bilir. Çiçəklər tam solduqdan sonra təxminən 6 aylıq dincəlməyə keçməsi olduqca təbiidir. Qış sonunda-yazın əvvəlində çiçək açmış orxideyalar da yayın əvvəlinə qədər çiçəkli qalıb daha sonra qızmar yay günlərini çiçəksiz keçirəcəkdir. Çiçəklərini yeni tökmüş orxideyanın bir həftə sonra yenidən budaq çıxarıb çiçəkləməsini gözləmək düzgün deyil. Ancaq köhnə budaqlarda çiçəklənmə və budaqlanma qısa müddət davam edə bilər. İlin bütün fəsillərində mağazalarda çiçəkli orxideyalar görməyiniz isə təbiidir. Həmin orxideyalar parniklərdə ilin bütün fəsillərində optimal şəraitdə becərilir və xarici ölkələrdən idxal edilir.

Əgər orxideyalarınız heç çiçək açmırsa, yazını başdan sonra çox diqqətlə oxuyub, qulluqda etdiyiniz səhvləri tapmağa çalışın.

Budanması:

Orxideyalar, adətən, çiçəkləri solduqdan sonra budanır. Bu zaman budaqları aşağıdan yuxarı 3 buğum saydıqdan sonra 3-cü buğumun üst hissəsindən kəsirlər. Bu zaman kağız kəsmək üçün nəzərdə tutulmuş iti, steril bıçaqlar köməyinizə çatacaq. Kəsik hissəyə azacıq darçın vuraraq, gülü bakteriyalardan qoruya bilərsiniz. Ancaq budama etməmək də olar. Bu zaman da budaq ucdan bir qədər quruyur. Daha sonra təkcə qurumuş hissəni kəsib, uzaqlaşdıra bilərsiniz. Hər iki üsulu sınamışam və 3-cü buğumdan budamada xüsusi bir fayda görməmişəm.

Çoxaldılması:

Ev şəraitində orxideyaların çoxaldılmasının yeganə yolu orxideyanın çiçək budağından verdiyi kiçik bala orxideyanı öz-özünə tam kökləndikdən sonra budaqdan ayıraraq “orxideya torpağı” qarışığına əkməkdən ibarətdir.

Ancaq orxideyalar ev şəraitində nadir hallarda bala verdiyi üçün özünün bala verməsini gözləməkdən başqa tətbiq ediləsi elə bir qulluq qaydası yoxdur.

Orxideyalar haqqında da bu qədər. Daha sonra yadıma düşən məlumatlar olarsa, onları da yazıya yenidən əlavə edəcəyəm. Bunun üçün orxideya qulluğu haqqında sizi maraqlandıran və yazıda qeyd etmədiyim suallarınız varsa, rəy yazmağı unutmayın.

Sara İSGƏNDƏR-in bloqundan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu