Ən yaxşı şəkərbura belə hazırlanır: RESEPTİ VƏ QAYDASI


Xalqımızın milli bayramlarından olan Novruz Bayramına sayılı günlər qalır.


2 gündən sonra ilaxır çərşənbədir. Min illərdir formalaşan adət-ənənəmizə görə, ilaxır çərşənbədə və Novruz bayramında süfrələrimizdə şəkərbura, badambura, paxlava kimi şirniyyatlar üstünlük təşkil edir. Bu il də xanımlarımız bu şirniyyatlardan bişirməyə hazırlaşırlar. Bəs ən yaxşısından hazırlamaq üçün nə lazımdır? AFN kollektivdəki xanımların tövsiyəsi və rəyi əsasında oxuculara ən yaxşı şəkərbura reseptini təqdim edir.

Xəmir üçün:

1 kq un
250 qr yumşaldılmış kərə yağı
3/1 çay qaşığı quru maya
yarım çay qaşığı pesok
bir çimdik duz
2 yumurta
apardığı qədər (təxminən 2 stəkan) süd.

İçlik üçün:

500 qr qabığı çıxarılıb ağardılmış fındıq ləpəsi
400 qr pesok
yarım xörək qaşığı hil.

Hazırlanma qaydası: unu ələyib xəmir yoğuracağımız qaba qoyuruq, ortasına yumşaldılmış yağı, mayanı, pesoku, yumurtaları ağlı-sarılı yüngül çalıb əlavə edirik. Bunları əllə qarışdırdıqdan sonra yavaş-yavaş süd əlavə edib xəmiri yoğururuq. Orta bərklikdə xəmir hazırlayıb selofana büküb soyuq yerdə 5 dəqiqə saxlayırıq. Soba tavasını, əvvəlcədən hazırlanmış içliyi (fındığı rəndədən, yaxud blendrdən keçirib içinə pesoku və yarım xörək qaşığı hili əlavə edib qarışdırırıq-red.), bəzək maqqaşlarını hazırladıqdan sonra xəmirin yarısını kəsib yumurta boyda kündələr tuturuq. Qalan yarı xəmiri yenidən selofana büküb soyuq yerə qoyuruq. Kündələri təxminən böyük fincanın ağzı ölçüsündə yayıb selofanın altında üst-üstə yığırıq. Hamısını yaydıqdan sonra ən altdakından başlayaraq götürüb içinə bir xörək qaşığı içlik əlavə edib ağsını bükürük. Bükdüyümüz şəkərburaları ağzıüstə selofanın altına yığırıq. Hamısı bitdikdən sonra bir-bir götürüb üzərini naxışlayıb tavaya düzürük. Əvvəlcədən 150 dərəcədə isidilmiş sobaya qoyub təxminən 20-25 dəqiqə (altı yüngül qızarana qədər-red.) bişiririk.
P.S. Bir çox xanımlar şəkərburanın xəmirinə xama qatırlar, lakin biz bunu tövsiyə etmirik. Xamasız xəmirdən hazırlanan şəkərburaların naxışı itmir, həmçinin uzun müddət qalanda da qurumur.
Nuş olsun!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu