Əkiz uşaqların doğum sayında rekord


İngiltərənini “Human Reproduction” adlı tibb jurnalı tərəfindən aparılan bir araşdırmaya görə, əkiz doğulan uşaqların sayı dünyada indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb. Araşdırmanın nəticələrinə görə, hər il 1 milyon 600 mindən çox əkiz uşaq dünyaya gəlir.


AFN-in məlumatına görə, bu rəqəm təxminən 40 hamiləlikdən birinə uyğun gəlir. Tədqiqatçıların fikrincə, əkiz körpə doğuşlarının artmasının ən böyük səbəbi, cəmiyyətdə "ekstrakorporal mayalanma" olaraq da bilinən süni mayalanmanın geniş yayılmasıdır. Araşdırmaya rəhbərlik edən Oxford Universitetinin müəllimi Christiaan Monden "Dünyadakı əkiz körpə sayı 20-ci əsrin ortalarından bəri və hər zamankından daha yüksək səviyyədədir" -deyə bildirib.

Araşdırmada, iki ayrı yumurtanın döllənməsi nəticəsində əmələ gələn cift əkiz sayı artdığı halda, tək yumurta əkizlərinin sayında isə heç bir dəyişiklik olmadığı qənaətinə gəlinib. İnkişaf etmiş ölkələrdə əkiz körpə doğuşlarının artmasının anaların orta yaşının artması ilə yanaşı 1970-ci illərdən bəri geniş yayılmış süni mayalanma ilə əlaqəli olduğu qeyd edilib. Tədqiqatçılar, daha böyük yaşda hamilə qalan qadınların əkiz körpə dünyaya gətirmək ehtimalının yüksək olduğuna diqqət çəkiblər.

Qeyd edək ki, araşdırma 135 ölkədən gələn məlumatlar əsasında 2010-2015-ci illər üçün aparılıb. Bu məlumatlara görə, ən yüksək əkiz doğuş nisbəti dünya əhalisinin yalnız 17 faizini təşkil etməsinə baxmayaraq Afrikada qeydə alınıb. Araşdırmalar nəticəsində dünyada doğulan 3 milyon 200 min əkizdən təxminən bir milyon 300 min nəfərinin Afrikada dünyaya gözlərini açdığı müəyyən olunub. Tədqiqatçılar, Afrikadakı yüksək doğum nisbəti ilə yanaşı mümkün genetik fərqliliklərin qitədə əkiz doğuş nisbətini artırdığını söyləyirlər.

Digər tərəfdən, əkiz doğuşlar, xüsusilə kasıb ölkələrdə həm ana, həm də körpələr üçün həyati risklər daşıyır. Tədqiqatçılar, Afrikanın cənubundakı ölkələrdə bir çox əkizin həyatlarının ilk ilində digər qardaş və ya bacısını itirmələrinə diqqət çəkiblər. Qeyd edilir ki, ölən əkiz sayı bu bölgədə 300 minə qədər təşkil edir. Ümumilikdə isə son illər doğulan əkiz sayının daha da artdığı müşahidə edilir.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu