Banklara peşəkar idmançılar niyə götürülür?


Vaxtı keçmiş kreditlərin həcmi artıb. Bu barədə Mərkəzi Bankın hesabatında bildirilir. Hesabata görə, avqust 1-nə ölkə üzrə 18,8 milyard manat kredit qoyuluşu qeydə alınıb ki, bunun da 6,6 faizinin vaxtı ötüb. Ümumilikdə 2012-ci il ərzində vaxtı keçmiş kreditlərin həcmi 13 faiz artıb.

Azərbaycanın banklarının vaxtı keçmiş borclarının artması yerli bankların əksəriyyətində vaxtı keçmiş borclarla bağlı xüsusi şöbələr yaradılmasına səbəb olub. Bu şöbələrə işçilər adətən peşəkar idmançılardan götürülür. Yəni banklar borc problemlərini güc metodları ilə həll etməyə üstünlük verirlər.

Qeyd edək ki, Rusiya və Ukraynada bu cür üsullar artıq 1990-cı illərin əvvəllərindən geniş tətbiq edilir. İqtisadçı mütəxəssis Oqtay Haqverdiyev belə üsulların Azərbaycan təcrübəsində tətbiqini düzgün hesab etmir: “Çünki bizim mentalitetimiz fərqlidir və bu cür zorakılıq üsulları bizdə inkişaf edə bilməz. İnsanlarda təəssübkeşlik hissi güclüdür”.

Müsahib deyir ki, borc problemin həlli üçün yerli banklar Qərb üsullarına üz tutmalıdır: “Orada tətbiq olunan kollektorluq əsrlərlə sınaqdan çıxmış qanuni üsullarla borcların qaytarılması yoludur və postsovet məkanına Qərbdən gəlib. Kollektorluq qanunsuz üsullarla borc diriltmək yox, sadəcə pul toplamaqdır. İsveç kapitalı əsasında yaradılmış və MDB məkanında fəaliyyət göstərən “Morgan & Stout” kollektor agentliyi belə üsuldan istifadə edir. Qərbdə kollektorluq düzgün qurulmuş biznes proseslərinə əsaslanan biznesdir, borclunu inandırmağa yönəlmiş, hədələrdən uzaq bir fəaliyyətdir. Kollektorun işi müştəriyə borcu strukturlaşdırmağa yardım etmək və onu kimsənin silməyəcəyini başa salmaq, həmçinin borcun ödənməsinin variantlarını tapmaq, cərimələri dayandırmaq və bankla razılıq əldə etməkdir. Qərb standartlarına görə, kollektor inadkar olmalıdır, amma kobudluq etməməlidir, stress qarşısında dözümlü və qərar verməkdə müstəqil olmalıdır”.

Məlumat üçün bildirək ki, əsas iri Qərb kollektor şirkətləri üç bölmədən ibarət olur. Birinci bölmə (soft-collection) bir növ zəng mərkəzidir. Burada psixologiya təhsili olan əməkdaşlar borclularla telefon danışıqları aparır. Adətən bu bölmə müxtəlif istehlak kreditləri və telekommunikasiya borclarının dirildilməsi zamanı effektlidir. Belə bölmələrdə əməkdaşların peşəkarlıq səviyyəsinin və qanunvericiliyə nə səviyyədə əməl etməsinin izlənməsi üçün bütün danışıqlar yazılır. İkinci bölmənin işçiləri borclularla birbaşa danışıqlar aparırlar, bunun üçün ya onun evinə, ya da iş yerinə gedirlər. Kollektor bu zaman tam qanunvericiliyə riayət etməlidir. Agentlik buna nəzarət etmək üçün bütün danışıqların audio və video yazılarını tələb edir. Həmçinin agentlərin hadisə yerində diktofonu qoşub-qoşmamasını yoxlamaq üçün onların üzərinə bütün yerdəyişmələrini izləyən xüsusi cihaz quraşdırılır. Kollektor agentliyinin üçüncü bölməsində əsasən hüquqşünaslar işləyir. Onların fəaliyyətinin əsas istiqaməti məhkəmələrdə və icra istehsalatı mərhələsində müştərinin marağının təmin edilməsdir.

Bir qayda olaraq, kollektor agentlikləri bazara iki növ xidmət təklif edirlər - ya agent müqaviləsi əsasında məhkəməyə qədər olan müddətdə vaxtı keçmiş borcların qaytarılmasına çalışırlar, ya da borc çantasını satın alırlar. Birinci variantda kollektorlar gördükləri işin müqabilində faiz götürürlər. İkinci variant isə bank borclarının başqa şirkət tərəfindən alınmasını nəzərdə tutur. Borcunu yığa bilməyən şirkət adətən borclarını xeyli ucuz qiymətə kollektor agentliyinə satır. Adətən burada qiymət nominaldan 20-50 faiz ucuz olur. Yəni kollektor agentliyi borcları qaytardıqdan sonra 50 faizə qədər gəlir əldə edə bilir.

Mütəxəssislər belə üsulun Azərbaycan bazarında fəaliyyətini ümidverici sayırlar. Çünki bizdə vəziyyət elədir ki, bəzən banklar müştərinin məlumatsızlığından istifadə edərək onları yükləyir, nəticədə borc məbləği şişir. Məsələn, qanunvericiliyə görə, əgər kredit üzrə 90 gün ərzində ödəniş edilmirsə, o, avtomatik olaraq, problemli sayılır və onun üzərinə cərimə əlavə edilə bilməz. Amma əksər banklar həmin cəriməni əlavə edirlər. Kollektor agentliyi oyuna girəndə belə şişirtmələr avtomatik olaraq yoxa çıxacaq. Kollektor agentliyi hər iki tərəflə vəziyyəti yumşaltmaqla bağlı danışıqlar apara bilər. Məsələn, borc sahiblərinə başa sala bilər ki, işi məhkəməyə çıxarmasınlar, iş məhkəmyə gedəndə avtomatik olaraq kredit 12 faiz bahalaşır. Məhkəmə bunun 9 faizini müştəridən, 3 faizini isə bankdan tutur. Həm də bizdə elə banklar var ki, faizsiz kredit verdiyini bəyan edir, amma bəribaşdan kredit üçün 40 faiz rüsum alır. Bu, “şapka” kimi bir şeydir. Agentlik banka başa sala bilər ki, bu, qanun pozuntusudur və rüsumun yol verilən həddinin on dəfədən də artıq keçilməsidir. Nəticədə, kredit şərtləri dəyişilə bilər. Bəzi banklar ödəniş qrafiki tutarkən ilk ödənişləri faiz borcu kimi göstərir və əsas məbləği sonraya saxlayır. Bu da bilərəkdən faiz tutulmalarının artırılmasıdır. Yəni müştəri krediti alandan az sonra pul taparaq borcunu ödəsə belə, faizin hamısını ödəməli olur. Belə kredit qrafiklərinə imza atdırmaq da bir növ müştərini aldatmaqdır ki, agentlik belə məqamlara da fikir verə bilər.

O.Haqverdiyev borcların qaytarılmasında qərb üsulunun tam tətbiqinə mane olan səbəblər sırasında qanunvericiliyin təkmil olmamasını göstərir. “Hansı üsullardan istifadə edə biləcəyi qanuniləşdirilməlidir. Borc agentliyin fəaliyyətində nələrin qadağan edilməsi də xüsusi qanunda göstərilməlidir. Zənnimcə, bundan sonra agentlik tam kefiyyətli fəaliyyət göstərə bilər”,- deyə iqtisadçı-ekspert vurğulayır.


AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu