"Şou proqram yox, kitab"-Qənirə Paşayeva şagirdlərə səsləndi


Millət vəkli Qənirə Paşayevanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitabının Tovuz rayonunun bir sıra məktəblərində təqdimatı olub. Təqdimat zamanı millət vəkili məktəblilərlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş söhbətlər edib.

Paşayeva hər bir gəncimizi orta məktəb illərindən tariximizi, Azərbaycan həqiqətlərini yaxşı öyrənməyə çağırıb. “Mən hesab edirəm ki, gənclər tələbə adını qazanmaq üçün bütün qruplar üzrə riyaziyyat fənni ilə bərabər, Azərbaycan tarixi fənnində də imtahan versələr, yaxşı olar”,- deyən millət vəkili bildirib ki, Azərbaycan tarixi hər bir gəncimizin ən yaxşı oxuduğu fənn olmalıdır.

Məktəblilərin suallarını cavablandıran Paşayeva onlara bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi torpaqlarımızı və oradakı tariximizi də dərindən öyrənməyə və sosial mediada daim Azərbaycan həqiqətlərinin yayılmasında aktiv olmağa çağırıb.

Qənirə Paşayeva görüşdə iştirak edən hər bir məktəbliyə "Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə başlıca təhdid kimi" adlı kitabını imzalı hədiyyə etməklə yanaşı, onları daha çox oxumağa, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. İnkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu