Bakıda yollar buzladı: maşınlar körpülərdə qaldı


Bakıda şaxtalı hava şəraiti ilə əlaqədar səhər saatlarında maddi ziyanla nəticələnən yeddi yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, iki hadisə piyadanın vurulması ilə nəticələnib: "Havanın açıq və yağıntısız olmasına baxmayaraq, gecədən olan şaxta nəticəsində paytaxtın mərkəzi küçələrində, xüsusilə yeraltı tunellərdə, körpülərdə, hündür ərazilərdə, enişli-yoxuşlu yollarda, eləcə də sərt döngələrdə sürüşmə ehtimalı var. Hal-hazırda Bakı Şəhər İcra Hakimiyyətinin, eləcə də "Azəryolservis" ASC-nin aidiyyəti qurumları qumun səpilməsi və yolun təmizlənməsi işini davam etdirir. Bakı Şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejimində xidmətini davam etdirir".

Vəziyyətlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tövsiyə edir ki şəxsi avtomobillərdən istifadə edilməsin.
V.Əsədov qeyd edib ki, xüsusilə körpülərdə, tunellərin üstündə avtomobillər qalıb ki, bu da sürücü peşəkarlığının aşağı olmasından xəbər verir: "Yol və meteoroloji şərait mütləq sürücülər tərəfindən nəzərə alınmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu