Bakıda "qiymət qiyaməti”: Azı 50 faiz bahalaşma var...


Dekabrın 21-də Mərkəzi Bankın manatın üzən məzənnəyə keçidini bəyan etməsindən sonra milli valyuta birdən-birə 50 faiz ucuzlaşdı. Yəni əvvəl 1 manat 5 qəpiyə olan 1 dollar 1 manat 55 qəpiyə satılmağa başladı.

Bu da elə həmin gündən ölkədə bir çox sahələrə, ilk növbədə isə ərzaq məhsullarının qiymətinə təsirini göstərdi. İlk olaraq supermarketləri müxtəlif məhsullarla təmin edən firmalar mal satışını dayandırdı.

İlk gün qiymətlər əvvəlki qaydada qalsa da dünəndən başlayaraq ərzaq məhsulları sürətlə bahalaşmağa başlayıb. Dünən köhnə məhsulları yeni qiymətlə satan marketlər bu gün artıq yeni məhsul alıb və onları yeni qiymətlə satışa çıxarıb.

Virtualaz.org saytının reportyorlarının paytaxtın iri alış-veriş mərkəzlərində apardığı müşahidələr də göstərir ki, bəzi marketlərdə qiymətlərdə kəskin fərq olmasa da bir çoxunda məhsullar nəzərəçarpacaq qədər bahalaşıb.

Məsələn, “Bazarstore” supermarket şəbəkəsində bir müddət əvvəldən fərqli olaraq ən ucuz çayın qiyməti əvvəlki kimi 0,92 qəpikdən yox, artıq 1,50 qəpikdən başlayır.

“Doymak” markalı makaron əvvəlki vaxtdan fərqli olaraq 35 qəpik bahalaşaraq 90 qəpiyə satılmağa başlayıb.

Mağazaların demək olar ki, hamısında 90 qəpiyə satılan “Ankara” makaronu isə indi 1,10 manatadır.

Mağazada ən ucuz kartof artıq 90 qəpik yox, 1,30 manatdır.

Soğan da bahalaşan məhsullar sırasındadır. Belə ki, onun qiyməti 0,60 manatdan 0,95 -1 manata çatıb.

Əvvəllər marketdə 3 manata 1 litrlik qarğıdalı yağı almaq olurdusa, indi ən ucuz qarğıdalı yağı 3,09 manatdır. Bu isə “Final” markalı yağdır. “Zolotoya solnışka” markalı qarğıdalı yağının 1 litri isə 3,21 qəpikdir.

Günəbaxan yağlarının da ən ucuzunun qiyməti 1,96 manatdan 2,35 manata qədər artıb.

Toyuqların qiymətində ciddi fərq olmasa da yumurta satışında fərq hiss olunur. Alıcılar da deyir ki, yumurtanın birini əvvəllər 13 qəpiyə alırdılarsa, indi artıq 17 qəpiyə alırlar. Kənd yumurtası isə 20 qəpikdən 25 qəpiyə qədər bahalaşıb.

Vitrində də “Giləzi” yumurtasının 10 ədədlik qablaşdırması üzərinə 1,79 manat qiymət qeyd olunmuşdu.

Ən ciddi fərq isə kərə yağının qiymətində müşahidə olunur. Satıcıların verdiyi məlumata görə, bu məhsulun hər növünün qiymətində 2 manat artım var.

Əvvəllər kilosu 7 manatdan başlayaraq satılan “Anchor” kərə yağı artıq 9 manata satılır.

Qiymətlər məhsulun istehsalçısından asılı olaraq 9 manatdan 12 manata qədər dəyişir. Bir müddət əvvəl isə adıçəkilən marketdə ən ən baha kərə yağı 8 manat 59 qəpik idi.

“Fresco” supermarket şəbəkəsi də digərləri kimi qiymət artımına gedib.

Burada ən çox alınan məhsullardan biri olan kartofun ən ucuzu əvvəl 0,82 manata satılırdısa, indi bu rəqəm 1,59 manatdır.

Soğan, çay, makaron, günəbaxan və qarğıdalı yağı kimi ən çox istifadə olunan ərzaq məhsullarında burada da bahalaşma müşahidə olunur. Marketdə ən ucuz günəbaxan yağı 2,23, ən ucuz qarğıdalı yağı isə 3,10 manatdır.

Devalvasiyadan əvvəl marketdə 59 qəpiyə makaron tapmaq mümkün idisə, indi onun ən ucuzu 68 qəpikdən başlayır.

Qeyd etdiyimiz kimi, şəhərdəki marketlərin böyük əksəriyyətində 0,90 manata satılan “Ankara” markalı makaron bu marketdə artıq 0,98 manata satılır.

Yumurtanın qiymətində “Fresco”da da artım var. Qiyməti əvvəllər 1,53 manatdan 1,95 manata qədər dəyişən bu məhsulun (10 yumurtalıq qablaşdırma) qiyməti indi 1,65 manatla 2,09 manat civarındadır.

Bəzi məhsullarda qiymətləri hələ dəyişməyən mağazalar da var. Bunun da səbəbi firmalar tərəfindən onlara hələ bu gün də yeni məhsul gətirilməməsi ilə bağlıdır. Buna baxmayaraq bu qiymət sabitliyi yenə də hər məhsula şamil olunmur.

Məsələn, “Citimart” supermarketinin əməkdaşının dediyinə görə, onlara hələ bu gün də yeni məhsul gəlməyib və qiymət artımı yoxdur. Məsələn, 100 qramlıq “Azərçay” əvvəlki kimi bu gün də 1,10 manata satılır. Amma müşahidə etdik ki, makaron və kərə yağının qiymətində fərq yaranıb.

“Continental” supermarketi də hələ ki, yeni məhsul ala bilməyən marketlərin cərgəsindədir. Mağaza əməkdaşlarının sözlərinə görə, bu gün yalnız “Atena” markalı süd və süd məhsulları qəbul ediblər ki, o da əvvəlki qiymətlə gəlib.

“Bizdə məhsulların 90 faizi xarici ölkədən gəlir, onlar artım etsə, bizdə də dəyişiklik olacaq. Yerli firmalardan isə hələ ki, məhsul gəlməyib. Ona görə də bizdə ciddi qiymət dəyişikliyi yoxdur” - deyə adının çəkilməsini istəməyən mağaza əməkdaşı bildirdi.

Məlumat üçün onu da deyək ki, çörəyin də qiyməti bu gündən 20 qəpik artaraq 50 qəpiyə olub. Bunun səbəbi isə unun bahalaşması ilə izah olunur. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyinə gəlincə isə bizə hökumətin süni bahalaşma yaradanlara qarşı mübarizəsinin nə vaxt başlayacağını gözləmək qalır...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu