Kimyəvi zəhərlənmələrin 30 faizinə səbəb intihara cəhddir


Azərbaycanda ötən il qeydə alınan bütün kimyəvi zəhərlənmələrin 30 faizi intihara cəhd səbəbindən baş verib.

Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

İ.Əfəndiyev bildirib ki, ötən il intihar məqsədilə özlərini zəhərləyənlər daha çox 20-29 yaşlı insanlar olub. Özlərini zəhərləmək istəyən 20-29 yaş qrupunda olan insanlar arasında qadınlar üstünlük təşkil edib.

Toksikoloq qeyd edib ki, 2015-ci ildə ümumilikdə 2462 nəfər kimyəvi zəhərlənməyə məruz qaldığına görə xəstəxanaya yerləşdirilib.

Bu göstəricilərin təxminən ötənilki səviyyədə qaldığını deyən İ.Əfəndiyev əlavə edib ki, 2014-cü ildə 2435, 2013-cü ildə 2444, 2012-ci ildə isə 2691 nəfər kimyəvi vasitələrdən zəhərlənmişdi.

Həkim deyib ki, kimyəvi zəhərlənmələr sırasında dərman, dəm qazı və yandırıcı məhlullardan zəhərlənmələr üstünlük təşkil edib.

Ötən il kimyəvi zəhərlənməyə məruz qalan 2462 nəfərin 33 faizi dərmanlardan zəhərlənib. Onların əksəriyyəti sakitləşdirici, əsəb və ağrıkəsiçi preparatlardan zəhərlənib. Belə zəhərlənmələr, əsasən, dərmanların həkimin təyinatı olmadan, dozadan artıq qəbul edilməsi nəticəsində yaranıb. Bütün zəhərlənmələrin 20 faizi dəm qazından, 14 faizi isə yandırıcı məhlulların qəbulundan baş verib.

İ.Əfəndiyev qeyd edib ki, kişilər özünəqəsd məqsədilə daha çox yandırıcı məhlullardan istifadə edirlər. Ötən il zəhərlənənlərin 2,8 faizi dünyasını dəyişib.

(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu