Gizli yol patrulları ilə bağlı rəsmi açıqlama


"Bakıda ötən ilin noyabr ayından fəaliyyətə başlayan gizli yol patrulları bir sıra qayda pozuntuları aşkar ediblər. Bu xidmət sayəsində paytaxt yollarında əksər problemlərin qarşısı alınıb. Demək olmaz ki, sırf bu xidmət qəzaların sayını azaldıb, amma ümumilikdə ötən ilin yol qəzalarında ölənlərin sayı 230 nəfər azalıb, bu ilin yanvar ayı ərzində 31 ölüm faktı azalıb. Bu artıq kifayət qədər yüksək göstəricidir".


Qaynar.info bildirir ki, bunu publika.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, bu xidmət növü gizli fəaliyyət göstərdiyindən həmin statistika ilə bağlı açıqlama vermək mümkün deyil.

"Sadəcə sürücülərin diqqətinə çatdırmışıq ki, belə bir xidmət fəaliyyət göstərir. Yol hərəkəti qaydalarına riayət etsinlər ki, əlavə cərimə ödəmək məcburiyyətində qalmasınlar", - deyə K. Əliyev bildirib.

K. Əliyevin sözlərinə görə, bu xidmətin aparılması zamanı qayda pozuntuları aşkar olunduqda, həmin yol patrul avtomobillərinin içərisində quraşdırılmış xüsusi çihazlar vasitəsi ilə elektron protokollar tərtib edilir. Əgər həmin şəxsin hərəkətləri digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradarsa, bu halda radiocihaz vasitəsi ilə digər patrulların da həmin əraziyə cəlb olunması və həmin sürücünün yerində saxlanılması həyata keçirilir.

Xatırladaq ki, paytaxt ərazisində noyabr ayından xüsusi rəng qrafikası və üzərində yazısı olmayan patrul avtomobilləri olan gizli yol patrulları fəaliyyətə başlayıb. Məqsəd sürücülərin bütün yollarda yol hərəkəti qaydalarına riayət etmələrini təmin etmək, xüsusən də, avtomobillərin yüksək sürətlə hərəkət edərək təhlükə yaratmalarının qarşısını almaqdır.

Bu Azərbaycanda "Yol-Patrul Xidməti haqqında Təlimat"ın 3-cü maddəsinə əsasən həyata keçirilir. Həmin maddəyə görə, yol-patrul xidməti gizli formada da aparıla bilər.

Qeyd edək ki, bir çox ölkələrdə, o cümlədən Rusiyada da polislər gizli xidmət növlərini həyata keçirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu