Bu tələbələrə də hərbi xidmətdən möhlət hüququ verilir


Xarici ölkələrin bütün ali təhsil və elm müəssisələrində magistratura və doktorantura səviyyəsində də təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına hərbi xidmətdən möhlət hüququ verilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21.1.5-ci maddəsinə əlavələr təklif edilir.

Azərbaycan prezidentinin təklif etdiyi layihəyə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək. Maddənin hazırda qüvvədə olan variantına görə, hərbi xidmətə çağırışdan möhlət hüququ, xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək verilir.

Xatırladaq ki, ötən ay qeyd olunan maddəyə edilən digər təklifə görə isə artıq Təhsil Nazirliyinin tərtib etdiyi siyahıya görə yox, bütün xarici ölkələrdəki ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarına hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, artıq qeyd olunan qanunun 21.1.4-cü maddəsinə Azərbaycan prezidentinin təşəbbüsü ilə edilən dəyişikliyə əsasən, Azərbaycanda təhsil alan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu