Azərbaycanda daha 2 kəndə təbii qaz verilib
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Salyan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 477 abonenti olan Çadırlı kəndinin yenidən qazlaşdırılması məqsədi ilə 41933 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Cəlilabad rayonunun 328 abonentlik Sərhədabad kəndinə ilk dəfə təbii qaz verilməsi ilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında həyata keçirilən qazlaşdırma işləri zamanı 24497 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.