Boşanmaq istəməyən kişilərin yeni üsulu: Oğurluq ittihamı


Ailə zorakılığına məruz qaldığı üçün boşanmaq istəyən qadınlar son vaxtlar oğurluq ittihamı ilə şantaj edilirlər. Belə ki, ayrılmaq istəyən qadınlara oğru damğası vurulur.

Bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, ailə zorakılığı ilə üzləşən və buna görə də, təşkilatın sığınacağına yerləşdirilən qadınların əksəriyyəti şantaj edilib: “Ötən gün müraciət edən qadınlardan biri 9 il ailəli olub. O, bu illər ərzində mütəmadi zorakılığa məruz qalıb, döyülüb. Həyat yoldaşı boşanacağı təqdirdə atası və qardaşını öldürəcəyini deyib. Buna baxmayaraq, qadın evi tərk edib”.

Qadın evi tərk edəndən sonra həyat yoldaşı polisə müraciət edərək evdə oğurluq olduğunu deyib. “Kişi iddia edir ki, qadın evdən 4 min manat, 5 min dollar və 5 min manatlıq qızıl oğurlayıb. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırma zamanı qadının mütamadi zorakılığa məruz qalması nəzərə alınmır. Qadın gəncdir və günahsız olduğunu sübuta yetirməkdə çətinlik çəkir. Kişi isə deyir ki, evə qayıdacağı halda şikayəti geri götürəcək”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Hüquq müdafiəçisi onu da xatırladıb ki, evdən qaçan digər qadın da oğurluqda günahlandırılır. Kişi bir yandan qadının kasıblığa dözmədiyini, digər yandan isə var-dövlətinin oğurlandığını deyir. “Müşahidələr gostərir ki, bəziləri qadını əsarətdə saxlamaq üçün şantajdan istifadə edir. Son nəticədə isə qadın intiharı çıxış yolu kimi görür”, - M.Zeynalova belə deyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu